RU

Gənclər Kitabxanasında Milli Musiqi Günü münasibətilə silsilə materiallar hazırlanıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 oktyabr, AZƏRTAC

18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında qeyd edilir. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında biblioqrafik icmal və ənənəvi sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ənənəvi sərgidə musiqi tariximiz, musiqi korifeylərimiz haqqında kitablar nümayiş olunur.

Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/funds/biblioqrafik-icmal  biblioqrafik icmalda Milli Musiqi Günü haqqında Ümummilli Lideri Heydər Əliyevin Fərmanı, Musiqi Gününün təsis edilməsi haqqında qısa məlumat yer alıb. Həmçinin görkəmli şəxsiyyətlərin dəyərli fikirləri, şair, publisist Əli Nəcəfxanlının “Milli musiqimizin atası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevin “Musiqimizin zəfər təranələri” adlı məqalələrinin tam mətni öz əksini tapıb. Materialda Milli Musiqi Günü haqqında kitabların biblioqrafik icmalı, dövri mətbuatda çap olunan əsərlərin siyahısı yerləşdirilib.

18 sentyabr həm də görkəmli Azərbaycan bəstəkarı və dirijoru Müslüm Maqomayevin doğum günüdür. Bununla əlaqədar olaraq Gənclər Kitabxanasında dahi bəstəkar haqqında tanıtım videoçarxı və Müslüm Maqomayevin anadan olmasının 140 illiyi ilə əlaqədar “Klassik musiqimizin Müslüm zirvəsi” adlı məlumat bülleteni hazırlanıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanmış videomaterialda dünyaşöhrətli bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilir, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən bəhs edilir. Təqdim olunan “Klassik musiqimizin Müslüm zirvəsi” adlı məlumat bülletenində Müslüm Maqomayevin 110 və 120 illik yubileylərinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamları, şair - publisist, Əməkdar jurnalist Əli Nəcəfxanlının “Üzeyir bəyin mənəvi qardaşı, məsləkdaşı və tale ortağı”, "Azərbaycan" qəzetinin şöbə redaktoru İradə Əliyevanın “Klassik musiqimizin baniləri”, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovanın “Azərbaycan professional musiqisinin klassiki görkəmli bəstəkar Müslüm Maqomayevin 130 illiyinə” adlı məqalələrin tam mətni, Müslüm Maqomayevin müəllifi olduğu və onun haqqında qələmə alınan əsərlərin, dövri mətbuatda və məcmuələrdə dərc edilən məqalələrin biblioqrafi təsviri yer alır.

“Klassik musiqimizin Müslüm zirvəsi” adlı məlumat bülleteni kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
azertag.az

1Источники