RU

Xaricdə təhsil üzrə dövlət proqramı üçün qəbul prosesini niyə çətinləşdirirlər? -AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, nazirlik xaricdə təhsil üzrə dövlət proqramı üçün qəbul prosesini daha da çətinləşdirməyi düşünür. Onun sözlərinə görə, xaricdə təhsil proqramı üçün müraciət edənlərin sayı cari ildə 900 nəfərə yaxın olub, bu isə seçim prosesini son dərəcə çətinləşdirib.

Bəs qəbul prosesi çətinləşdirilərsə, bu, xaricdə təhsil almaq istəyən tələbələrin sayına necə təsir edəcək?

Redaktor.az-a mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, xaricdə təhsil üzrə dövlət proqramlarının şərtlərinin çətinləşdirilməsi qərarı təsadüfi addım deyil:

"Bu, həm maliyyə, həm də strateji baxımdan dövlətin təhsil siyasətində daha məqsədyönlü yanaşmaya keçidin göstəricisidir. Analiz göstərir ki, hazırda Azərbaycandan xaricdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı hər il artır, 2025-ci ildə təxminən 900 nəfərin müraciət etdiyi açıqlanıb. Lakin əsas məsələ yalnız sayın çoxluğu deyil, həm də keyfiyyətin təmin edilməsidir. “Təhsil haqqında” Qanunun 6.1-ci maddəsində göstərilir ki, dövlət təhsil siyasəti cəmiyyətin ehtiyaclarına uyğun, yüksək ixtisaslı kadr hazırlığını təmin etməlidir. Bu baxımdan daha sərt seçim meyarlarının tətbiqi dövlətin təhsil siyasətinin qanuni əsaslarla möhkəmlənməsi deməkdir".

Ekspertin sözlərinə görə, şərtlərin çətinləşdirilməsinin əsas səbəblərindən biri maliyyə yükünün optimallaşdırılmasıdır:

"Çünki dövlət proqramı çərçivəsində xaricdə təhsil alan bir tələbənin illik xərci 20-40 min ABŞ dolları arasında dəyişir və 4-5 illik müddətdə bu məbləğ yüz minlərlə manata qədər yüksəlir. Büdcə vəsaitinin səmərəli istifadəsi üçün seçim prosesi daha dəqiq, obyektiv və məqsədli olmalıdır. Bu, həm də Prezidentin təhsil islahatlarının maliyyə dayanıqlılığına dair müəyyənləşdirdiyi prinsiplərə uyğun addımdır.

Bununla yanaşı, ölkədə “beyin axını” problemi mövcuddur. Xaricdə dövlət vəsaiti hesabına oxuyanların müəyyən hissəsi geri dönmür və ölkəyə fayda vermir. Bu isə dövlət proqramının əsas missiyası olan milli kadr potensialını gücləndirmək hədəfi ilə ziddiyyət təşkil edir. Dünya təcrübəsi göstərir ki, Türkiyədə YÖK bursları, Qazaxıstanda “Bolashak” proqramı, hətta ABŞ-də "Fulbright" proqramı tələbələrdən ölkəyə qayıdaraq müəyyən müddət işləmə öhdəliyi tələb edir. Azərbaycan da şərtləri sərtləşdirməklə bu istiqamətdə beynəlxalq praktikaya yaxınlaşır və riskləri minimuma endirir".

K.Əsədov vurğuladı ki, şərtlərin sərtləşdirilməsi qısamüddətli dövrdə müraciətlərin sayına təsir göstərə bilər:

"Bəzi gənclər daha ciddi meyarlara uyğun gəlmədiyi üçün imkandan yararlana bilməyəcək. Lakin uzunmüddətli dövrdə bu proses daha yüksək akademik göstəricilərə malik, dil bilikləri güclü, seçdiyi ixtisas üzrə ölkənin inkişafına real töhfə verə biləcək şəxslərin seçilməsinə səbəb olacaq. Bu, təhsilin keyfiyyətinə və kadr bazasının güclənməsinə xidmət edəcək. Eyni zamanda, gənclər arasında erkən hazırlıq mədəniyyətini gücləndirəcək, çünki artıq məktəb və universitet illərindən xaricdə təhsil üçün ciddi hazırlıq tələb olunacaq.

Müsbət tərəflərdən biri də odur ki, Elm və Təhsil Nazirliyi prosesə təsadüfi yanaşmır, konkret hədəfli siyasət yürüdür. Bu, təhsildə keyfiyyətin artırılmasına yönəlmiş strateji addımdır və nazirliyin fəaliyyəti təqdirəlayiqdir. Nazirliyin bu qərarı sübut edir ki, artıq xaricdə təhsil proqramları yalnız prestij və say artımı üçün deyil, ölkənin real kadr ehtiyaclarını ödəmək üçün planlaşdırılır.

Mənfi tərəflər isə ondan ibarət ola bilər ki, sosial baxımdan bərabər imkanlar müəyyən qədər məhdudlaşacaq. Daha zəif imkanlı, amma istedadlı gənclər sərt şərtlərə görə xaricdə dövlət hesabına oxumaq imkanı əldə etməyə bilər. Ona görə də paralel olaraq daxildə əlavə təqaüd mexanizmlərinin, alternativ dəstək proqramlarının inkişafı vacib olacaq. Bu, sosial ədalət prinsipinin qorunmasına kömək edər.

Ümumilikdə, şərtlərin sərtləşdirilməsi addımı xaricdə təhsil almaq istəyənlərin sayını azaltsa da, ölkəyə qayıdacaq kadrların daha keyfiyyətli olmasını təmin edəcək. Azərbaycan bu yolla dünya təcrübəsinə uyğun, davamlı və məqsədyönlü bir model qurmuş olur. Elm və Təhsil Nazirliyinin belə qərarı həm maliyyə baxımından rasional, həm də strateji baxımdan məqsədəuyğundur, ölkənin uzunmüddətli inkişafına xidmət edir".

Aytəkin TOFİQQIZI

Избранный
11
redaktor.az

1Источники