RU

“ŞÜKÜRLƏR OLSUN Kİ, RUSİYANI ORADAN ÇIXARDILAR “Əliyevə çox minnətdaram...”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda Vladimir Putinə müxalif siyasi düşərgənin fəal üzvlərindən biri olan şahmat üzrə keçmiş dünya çempionu, Bakıda doğulub böyümüş Harri Kasparov tanınmış ukraynalı jurnalist Dmitri Qordona müsahibə verib. Yaxın keçmişdə Azərbaycana qarşı nankorluq notları olan, ermənipərəst mövqenin üstünlük təşkil etdiyi açıqlamalar vermis Kasparov bu dəfə də Azərbaycana dair bəzi “nala-mıxa vuran” ifadələr işlətməsinə baxmayaraq, eyni zamanda, bir çox maraqlı fikirlər də səsləndirib.

“AzPolitika” xəbər verir ki, Kasparov müsahibəsində Qordonun Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi, eləcə də doğulub böyüdüyü Bakı, Heydər Əliyev və İlham Əliyevlə bağlı suallarını cavablandırıb.

Sabiq dünya çempionu deyib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına ümid edir. Onun fikrincə, əldə olunan son razılaşmaların ən üstün cəhətlərindən biri odur ki, bölgədəki qanlı savaşların əsas səbəbkarı olan Rusiya Cənubi Qafqazdan çıxarılır: “Tanrıya şükürlər olsun ki, Rusiyanı oradan çıxardılar. Bütün bu hadisələrin başlıca təxribatçısı olan Rusiya imperiyası artıq orada olmayacaq… Ümumilikdə bu, irəliyə atılan böyük addımdır. Biz nəticədə çiçəklənən iqtisadi zona əldə etmiş olacağıq. Orda işləmək üçün, qazanmaq üçün şərait var. Yaxşıdır ki, orada azərbaycanlıların öz imkan və bacarıqları var, ermənilərin də həmçinin. Yəqin ki, bütün bunları qurub yaratmaq olacaq…”

Daha sonra anasının erməni əsilli olduğunu xatırladan Kasparov azərbaycanlılarla qohum olduğunu da qeyd edib: “Unutmayaq ki, mənim anam ermənidir. O, yəhudiyə ərə gedib. Onun ikinci bacısı erməniyə, üçüncü bacısı isə azərbaycanlıya ərə gedib. Ailəmiz rusdilli olsa da, hər kəsi özündə birləşdirib. Bu, (Azərbaycan-Ermənistan razılaşması) çox böyük addımdır və başqaları üçün də nümunədir ki, nə qədər Rusiya imperiyasının bölgədə mövcudluğu azdırsa, bir o qədər, hətta arasında tarixən qan olanların belə bir-biri ilə anlaşması şansı çox olacaq”.

Kasparov Heydər Əliyev və Bakıya səfər etməsinin mümkünlüyü barədə sualı da cavablandırıb: “Heydər Əliyevə çox minnətdaram və bu barədə həmişə yazmışam… Onun dəstəyi olmasaydı, mən irəliləyə bilməzdim. Yalnız Əliyev və onun hər şeyi yarıb keçən gücü Karpovu(dünya çempionluğu uğrunda Kasparovun əsas rəqibi olan Anatoli Karpov – red.) yuxarıda saxlamağa çalışan böyük partiya maşınının qarşısını ala bilirdi… 1983-cü ildə, birinci mərhələdə onlar məni yarışdan kənarlaşdırmağa çalışanda məhz Əliyev buna imkan vermədi. Məni yarışdan çıxaranda bütün bu prosesləri Kommunist Partiyası İdeologiya şöbəsinin başçısı Boris Stukalin idarə edirdi. O vaxt 20 yaşım vardı. Orada mənə İdman naziri və KQB-nin 5-ci idarəsinin başçısı dedilər ki, cavansan, 3 il də gözləyə bilərsən. O zaman mən Əliyevdən xahiş etdim. Bildiyimə görə, bundan sonra Stukalini görən Əliyev ona deyib ki, “sən bax, mənim yerlimi incitmə”. Bundan sonra təkər başqa istiqamətdə fırlanmağa başladı. KQB general-leytenantı və Andropovun yaxın adamlarından biri olan Əliyevlə o vaxt mübahisə etməmək daha yaxşı idi… Mən bu barədə həmişə yazıram… Bakıya getməyimə gəlincə, indi vəziyyət yaxşı istiqamətdə dəyişir. Əgər erməni nümayəndə heyətlərinin Bakıya səfərləri başlasa… ora getmək şansım və xüsusilə də arzum əlbəttə ki, var. Mən o yaşdayam ki, artıq nostalgiya ürəyimi göynədir”.

C.Məmmədli

“AzPolitika.info”  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
azpolitika.info

1Источники