RU

Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Astana Qurultayı sülh bəyannaməsi ilə yekunlaşıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 18 sentyabr, AZƏRTAC

Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Astana Qurultayının yekunlarına dair “2025 - Astana Sülh Bəyannaməsi” qəbul olunub.

AZƏRTAC xəbər verir ki, Bəyannamədə dinlərarası və mədəniyyətlərarası dialoqun sülhə, sosial sabitliyə və qlobal əməkdaşlığa nail olmaq səylərində mühüm alət kimi dərinləşdirilməsinə sadiqlik ifadə olunur.

Sənəddə qeyd edilir ki, artan münaqişə və geosiyasi qarşıdurma şəraitində dialoq sülhə və inkişafa yol açır, o, həmçinin bəşəriyyətin sağ qalması üçün əsas amildir.

Xalqlar və dövlətlər arasında sülhü və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün nifrət və zorakılıq ritorikasını rədd edən sənəd, həmçinin insan birliyinin əsası kimi mədəniyyətlərarası və dinlərarası dialoqu fəal şəkildə təşviq etməyə, dözümlülüyü, insan hüquqlarına hörməti, inklüzivliyi və dinc yanaşı yaşayışı üstün tutmağa çağırır.

Bəyannamədə dünyanın müxtəlif regionlarında münaqişələrin davam etməsindən narahatlıq ifadə edilir. Sənəddə deyilir: “Bu münaqişələr ölkələrə və mülki əhaliyə dağıdıcı ziyan vurur, insan hüquqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxarır, bəşəriyyətin və qlobal təhlükəsizliyin əsaslarını təhdid edir”.

Xatırladaq ki, 2025-ci il sentyabrın 17-18-də Astanada Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Qurultayı keçirilib.

Tədbirdə 60 ölkədən 100-dən çox nümayəndə heyəti, o cümlədən ən böyük konfessiyaların ruhani liderləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, politoloqlar, ictimai xadimlər iştirak ediblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
1
azertag.az

2Источники