RU

Azərbaycanda aliment problemi: “Aşağı gəlirli şəxslərə...”

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son zamanlar alimentin məbləğinin hesablanması qaydasına edilən dəyişikliklər ictimai müzakirələrə səbəb olub.

Belə ki, əvvəllər alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanırdısa, indi minimum əməkhaqqının müəyyən hissəsinə görə təyin olunur.

Aliment alan valideynlər bu dəyişikliyi müsbət qiymətləndirsələr də, aliment ödəyən şəxslər, xüsusilə də aşağı gəlirlə çalışanlar üçün bu qərarlar ciddi çətinliklər yaradır.

Minimum əməkhaqqına əsasən alimentin hesablanması aşağı gəlirli vətəndaşları niyə çətin vəziyyətə salır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, yeni məhkəmə təcrübəsinə əsasən, aliment artıq uşağın yaşayış minimumuna deyil, ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının müəyyən mislində müəyyən edilir:

“Son dövrlərdə bununla bağlı kifayət qədər müraciətlər var. Əvvəllər məhkəmə işlərində alimentlə bağlı tələbləri məhkəmə araşdıran zaman alimentin məbləği ya sabit pul məbləğində təyin edilirdi, ya da vətəndaşın rəsmi gəlirləri vardısa, uşaqların sayına görə həmin rəsmi gəlirlərin müəyyən hissəsində aliment təyin edilirdi. 

Məhkəmələr, sabit pul məbləğində aliment təyin edilən zaman, məhz ölkə üzrə müəyyən edilmiş bir uşağın yaşayış minimumuna əsaslanırdılar. Yəni həmin il üçün uşağın yaşayış minimumu 246 manat təyin edilmişdirsə, məhkəmə alimenti təyin edən zaman həmin məbləğə əsaslanaraq təqribən o civarda alimentin məbləğini müəyyən edirdi.

Amma son dövrlərdə məhkəmə praktikası dəyişmişdir və məhkəmə alimenti təyin edən zaman artıq uşağın yaşayış minimumuna deyil, ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqının mislində təyin edir. Yəni bu il üçün ölkə üzrə minimum əməkhaqqı 400 manat təyin edilmişdirsə, məhkəmə bir uşaq üçün aliment təyin edən zaman ölkə üzrə təyin edilmiş minimum əməkhaqqının, məsələn, 0,5 mislində aliment təyin edir.

Bu il üçün minimum əməkhaqqı ölkə üzrə 400 manatdırsa, həmin uşağa aliment hər ay üçün 200 manat təyin edilir. Növbəti il minimum əməkhaqqı qalxanda, tutaq ki, 450 manat olarsa, həmin alimentin məbləği də avtomatik olaraq artır və 225 manat olur.

Bunun müsbət tərəfi ondan ibarətdir ki, əvvəllər aliment alan valideyn hər il yaşayış minimumu artdığı üçün öz hüququndan istifadə edərək yenidən məhkəməyə müraciət edərək alimentin məbləğinin həmin il üçün yaşayış minimumuna uyğunlaşdırılaraq artırılmasını xahiş edirdi.

Məhkəmə də bunu araşdırırdı və ona uyğun qərar qəbul edirdi. Bu kimi məsələlər çox idi və məhkəmənin iş yükünü artırırdı. Hazırda ölkə üzrə minimum əməkhaqqının müəyyən misli hissəsində alimentin təyin edilməsi o deməkdir ki, bu məbləğlər hər il üçün avtomatik artacaq. Yəni vətəndaş yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmır.

Təbii olaraq, məhkəmələrin iş yükü azalacaq. Bu məsələnin müsbət tərəfidir. Vətəndaşların hüququ var ki, hazırda əvvəlki aliment məbləğlərinə uyğun olaraq məhkəməyə müraciət etsinlər və alimentin yaşayış minimumunda deyil, ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqının mislində indeksasiya olunmasını xahiş etsinlər. Belə halda məhkəmə həmin ərizəyə baxır və məbləği indeksasiya edir”.

Onun sözlərinə görə, alimenti ödəyən şəxslərin rəsmi gəlirləri aşağı olduğu halda, məhkəmələrin alimentin məbləğini minimum əməkhaqqı əsasında indeksasiya etməsi onlar üçün ciddi maliyyə problemləri yaradır:

“Bu situasiya vətəndaşlar üçün, alimenti ödəyən şəxslər üçün problemlər yaradır. Mənim və digər həmkar vəkillərimizin vətəndaşın rəsmi gəlirləri ilə bağlı əlimizdə sənədlər var və onların rəsmi gəlirləri 400, 500, 550 manat civarındadır.

Məhkəmə alimentin məbləğini indeksasiya edən zaman bu halları nəzərə almır, həmin ilin minimum əməkhaqqını indeksasiya etdiyi üçün bu il üçün kifayət qədər böyük məbləğ alınır. 

Məsələn, məndə olan bir işdə vətəndaşın əməkhaqqısı 450 manatdır, amma indeksasiya olunandan sonra iki uşaq üçün hər ay ödəməli olduğu alimentin məbləği 637 manat təşkil edir. Düşünürəm ki, bu kifayət qədər ciddi məsələdir. Digər həmkarlarımın icraatında olan proseslərdə belə hallar, təəssüf ki, müşahidə olunur.

Vətəndaş bu qərarlardan şikayət verdiyi təqdirdə belə, Apellyasiya məhkəmələri bu şikayətləri təmin etmir. Birinci instansiya məhkəmələrinin qərardadlarını, qərarlarını qüvvədə saxlayır. Hətta vətəndaşın hüquqdan istifadə edərək yenidən alimentin məbləğinin hesablanması və azaldılması ilə bağlı iddiaları belə bir çox hallarda, təəssüflər olsun ki, təmin edilmir. Bu hal aliment ödəyən şəxsi kifayət qədər çətin vəziyyətə salır. 

Qeyd edim ki, 400, 500, 550, 600 manat gəliri olan şəxslərə öz gəlirlərindən kifayət qədər artıq məbləğlərdə aliment ödəmək öhdəlikləri üzərlərinə qoyulur. Bu şəxslər alimentləri ödəmək iqtidarında olmadığı üçün onların aliment borcları toplanır, onlara icra məmurları tərəfindən icra tədbirləri görülür, ölkədən çıxışına qadağalar qoyulur, inzibati qaydada protokollar tərtib olunub məhkəməyə verilir, məhkəmələr onları cərimə edir, hətta inzibati həbs edirlər.

Belə hallar təkrarlandığı təqdirdə, həmin şəxslər barəsində cinayət məsuliyyəti yaranır, cinayət işləri başlanılır və onlar məhkəmə qərarlarından qəsdən yayındıqları üçün məsuliyyətə cəlb olunurlar”.

Hüquqşünas qeyd edib ki, aşağı gəlirli şəxslərə yüksək aliment öhdəliyinin qoyulması onların hüquqlarının pozulmasına səbəb olur:

“Məhkəmələr bu işlərin həllini hansısa formada tapmalıdırlar. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, məhkəmələr alimentin məbləğini müəyyən edən zaman vətəndaşın gəlirlərini və imkanlarını mütləq şəkildə nəzərə almalıdırlar. Təəssüflər olsun ki, nəzərə alınmır.

Qanunvericilikdə alimentin tutulmasının müxtəlif formaları var. Onlardan biri də rəsmi gəlirlərin müəyyən hissəsindən tutulmasıdır. Yəni bir şəxs əgər rəsmi gəlirlərə malikdirsə, rəsmi gəlirlərinin iki uşaq üçün üçdə biri miqdarında aliment ödəməlidir.

Əgər məhkəmə 700 manat aliment öhdəliyi müəyyən edirsə, bu məbləğ iki uşaq üçün vətəndaşın gəlirləri 2 100 manat olduğu təqdirdə mümkündür. Bu məbləğdə təmi̇nati olan şəxs üçün 2 uşaq üçün 600–700 manat öhdəlik yarana bilər.

Amma 400–600 manat civarında gəliri olan şəxsin üzərinə bu məbləğin qoyulması, hesab edirəm ki, həm indi, həm də sonrakı dövrdə hüquqlarının ciddi pozulması ilə nəticələnir”.

Gülər

“Cebheinfo.az”

Açar sözlər:

aliment Ruslan Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
1
cebheinfo.az

2Источники