RU

Avropa İttifaqının genişlənmə üzrə komissarı Azərbaycana niyə gəlib?

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Azərbaycanda səfərdədir. O, bu gün Prezident İlham Əliyevlə görüşərək danışıqlar aparıb.

Bu səfəri Azərbaycanın Avropa ilə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək mümkündürmü? Marta Kosun səfəri Ermənistan-Azərbaycan sülh prosesinin Avropa tərəfindən daha da təsdiqlənməsinə, tanınmasına təsir göstərə bilər?

Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi ki, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun Azərbaycana planlaşdırılan səfəri bir sıra vacib və diqqətəlayiq məqamları özündə əks etdirir:

"Burada xüsusi motiv Avropa İttifaqı tərəfindən Rusiya-Ukrayna müharibəsi fonunda qəbul edilmiş Qara Dəniz Strategiyası ilə bağlıdır. Nədir bu Qara Dəniz Strategiyası? Rusiya-Ukrayna müharibəsinin genişlənməsi və hələ də sabitliyin əldə olunmaması nəticəsində Avropa İttifaqı Qara Dənizdə öz təhlükəsizliyini təmin etmək, Cənubi Qafqaz və Mərkəzi Asiya hüdudlarında yeni əməkdaşlıq imkanlarını formalaşdırmaq üçün Qara Dəniz Strategiyası adlandırılan bir strategiyanı qəbul etdi. Bu strategiya Ukrayna, Moldova, Gürcüstan, Türkiyə, Ermənistan və xüsusilə Azərbaycan ilə yeni əməkdaşlıqların, yeni əlaqələrin qurulmasını və inkişaf etdirilməsini özündə əks etdirirdi. Bu gün Avropa İttifaqı Cənubi Qafqazda yeni əlaqələr və inkişaf perspektivləri axtarır, mövcud münasibətləri isə daha da genişləndirmək niyyətindədir".

Siyasi şərhçi qeyd etdi ki, Cənubi Qafqaz regionunun lider dövləti Azərbaycandır:

"Azərbaycanla qurulan, yaxud da onun iştirakı ilə formalaşdırılan əməkdaşlıqlar, təbii ki, daha geniş və faydalıdır. Bu baxımdan Marta Kos İttifaqın Qara Dəniz Strategiyasının genişlənməsi və inkişafı üçün Azərbaycana gəlməli və xoş münasibətlərin formalaşmasına töhfə verməlidir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanla Avropa İttifaqının enerji təminatında xüsusi çəkiyə malikdir və təminatçı dövlətlərdən biri sayılır. Havaların soyuması və qışa doğru gediş enerjiyə olan tələbatı artırır. Belə bir anda Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin pisləşməsi, ən azından Avropa üçün enerji təhlükəsizliyi baxımından sərfəli deyil. Bu aspektdən yanaşdıqda, İttifaqın genişlənmə üzrə komissarının Azərbaycana səfəri və xüsusilə bu mərhələdə baş tutması təsadüfi sayıla bilməz".

Müsahibimizin sözlərinə görə, məsələnin başqa bir tərəfi isə Azərbaycan və Ermənistan arasındakı sülh çağırışlarının və sülh danışıqlarının dinamikasının genişləndiyi, müqavilənin paraflandığı dövrlə bağlıdır:

"Səfərin məhz belə bir dövrə təsadüf etməsi də adi hal kimi qiymətləndirilə bilməz. Qısa müddət əvvəl Vaşinqtonda imzalanmış üçtərəfli bəyanat Azərbaycan və Ermənistan arasında sülh münasibətlərini və dialoqunu daha da tənzimlədi, Cənubi Qafqaz regionunda yeni reallıqlar formalaşdırdı. Avropa İttifaqının genişlənmə üzrə komissarının məhz belə bir dövrdə ölkəmizə səfəri həmin reallıqların da İttifaq tərəfindən təsdiqlənməsi kimi dəyərləndirilə bilər.

Ümumilikdə məsələyə baxdıqda, İttifaqın bu dövrdə Azərbaycana öz genişlənmə üzrə komissarını göndərməsi, komissarın səfəri, Ağdamda minaların təmizlənməsi prosesini izləməsi və ümumiyyətlə işğaldan azad olunmuş ərazilərə baş çəkməsi bir daha göstərir ki, İttifaq Azərbaycanla münasibətləri stabilləşdirmək, yeni perspektivlər və yeni reallıqlar fonunda əlaqələri inkişaf etdirmək niyyətindədir. Mən düşünürəm ki, bu səfər Azərbaycan və Avropa İttifaqı arasında Cənubi Qafqazdakı yeni reallıqlar fonunda əməkdaşlıq imkanlarının, yeni əlaqələrin və münasibətlərin yeni mərhələsinin başlanğıcını formalaşdıra bilər. Bu da, təbii ki, həm İttifaq, həm də Azərbaycan üçün kifayət qədər müsbət haldır", - deyə Üzeyir Mustafayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Избранный
11
redaktor.az

1Источники