18 sentyabr 2025-ci il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin 140 illiyinə və Milli Musiqi Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib.
Olaylar xəbər verir ki, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirə mərkəzin foyesində Üzeyir Hacıbəylinin obrazı ilə səhnələşdirilmiş kompozisiyanın nümayişi ilə başlanılıb.
Konsert proqramında ilk olaraq canlı ifa ilə Dövlət Himni səsləndirilib, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd edilib. Çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş Üzeyir Hacıbəylinin həyatı və fəaliyyəti barədə video icmal nümayiş etdirilib.
Regional İdarənin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin, mədəniyyət müəssisələrinin əməkdaşlarının ifasında bəstəkarın unudulmaz sənət əsərləri səsləndirilib, kompozisiyalar, rəqslər və "O olması, bu olsun" filmindən səhnələr təqdim edilib.
Azərbaycan musiqi sənətinin ən nadir incilərini yaradan bəstəkarın ölməz əsərlərinin səsləndirildiyi möhtəşəm konsert proqramı izləyicilər tərəfindən alqışlarla qarşılanıb.





