Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçer, iş üzrə zərərkən şəxs qismimdə tanınan “Aviazapchast” ASC, “Promyshlennye Postavki Kazakhstan” MMC və Zaxarenkov Valeriy Nikolayeviç hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin nümayəndəsi çıxış edib.
Vəkil Samir İsayev Konstantin Kuçerə verilmiş cəzanın ağırlaşdırılmasını xahiş edib. Həmçinin məhkəmədən ona dəymiş mənəvi ziyanın ödənilməsini istəyib.
Daha sonra dövlət ittihamçısı çıxış edib.
Prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin Konstantin Kuçerə qarşı irəli sürülümüş 178.4-cü maddəsi üzrə bəraət verilməsi barədə qərarın ləğv edilməsini və təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli bilinməsini, ona təyin edilmiş cəzanın 178.4-cü və 221.3-cü maddə münasibətdə ağırlaşdırılmasını istəyib.
Qeyd olunub ki, ona aşağı instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi cəza verilməlidir.
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.
Qərara əsasən, təqsirləndirilən şəxslərin müdafiəçilərinin, zərərçəkmişin apellyasiya şikayəti, dövlət ittihamçısının protesti təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Krapivinə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, 6 ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub. Konstantin Kuçerə isə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib.
Dövlət ittihamçısı isə çıxışında Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.
Zərərçəkən qismində “Aviazapchast” ASC, “Promyshlennye Postavki Kazakhstan” MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.(APA)