RU

Şagirdlərin normal dərs oxumasına ən böyük maneə mobil telefonlar imiş...


Şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı, xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub. Xüsusi hallarda isə dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq, tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər.

Bu gün ölkənin ümumtəhsil məktəblərində istər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan şagirdlərin çoxunun əlində telefon görmək mümkündür. Halbuki, hazırda da məktəblilərin təhsil müəssisəsinə telefon gətirməsinə icazə yoxdur. Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünür. Ancaq şagirdin məktəbdə telefondan istifadə etməsi fikir dağınıqlığına və dərs prosesinin pozulmasına səbəb olur, tədrisin keyfiyyətinə mənfi təsir edir. Şagirdin telefonuna zəng və ismarıcıngəlməsi isə müəllimin, uşaqların fikrinin yayınmasına və dərs prosesinin pozulmasına səbəb olur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorununun yaydığı məlumatda qeyd edilir ki, ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı, xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.

Ancaq onu da nəzərə almaq lazımdır ki, bu gün məktəblərdə dərs keyfiyyətinin aşağı olmasının tək səbəbi mobil telefon deyil. Bu hal dəfələrlə mütəxəssislər tərəfindən deyilib və sübut olunub.

Doğrudanmı, orta məktəblərdə şagirdlərin mobil telefondan istifadəsinin qadağan olunması dərsin keyfiyyətinə müsbət təsir edəcək?

İlham Əhmədov: “Mobil telefon məktəblərə ayaq açmazdan öncə də təhsilin keyfiyyəti aşağı idi”

Təhsil eksperti, dosent İlham Əhmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, mobil telefonlar intellektual daşıyıcı, mini kompüter olsa da, tədris prosesində şagirdlərin diqqətini yayındırır: “Bir çox ölkələrdə orta məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunub. Dünyanın ən zəngin insanları, tanınmış İT mütəxəssisləri belə öz övladına mobil telefon, planşetdən istifadəyə icazə vermir. Sadəcə elektron resurslarla işləmək lazım olanda, onlara məlum texnologiyadan istifadəyə icazə verilir. Unutmaq lazım deyil ki, internet və mobil telefon uşaqda asılılıq yaradır və bu asılılıq onları zombiləşdirir. Bu səbəbdən də qabaqlayıcı addımlar atılmalıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, təhsilin keyfiyyətinin aşağı olmasının tək səbəbi mobil telefon deyil: “Mobil telefon məktəblərə ayaq açmazdan öncə də təhsilin keyfiyyəti aşağı idi. Təhsilin keyfiyyətinin aşağı olmasına bir çox parametrlər təsir edir. İlk növbədə məktəbin təhsil mühiti normal olmalıdır. Bura dərslik, proqram, müəllimlərin işləmək həvəsi, stimulu daxildir”.

Fatimə Hacıbəyli: “Hazırkı dövrdə tədris prosesinin bir qismi elektron resurslar üzərindən icra edilir, bu səbəbdən mobil telefondan tam imtina etmək də çətindir”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, mobil telefonlar XXI əsrin bəlası sayılır: “Bu gün yaşından asılı olmayaraq hər kəsin əlində mobil telefon var. Bəli, mobil telefon sağlamlığa zərər verən, digər tərəfdən isə dərs prosesinin pozulmasına şərait yaradan əsas vasitədir. Ancaq onu da nəzərə almaq lazımdır ki, hazırki dövrdə tədris prosesinin bir qismi elektron resurslar üzərindən icra edilir. Bu səbəbdən mobil telefondan tam imtina etmək də çətindir. Problemin həlli yollarından biri orta məktəblərin bütün siniflərinin kompüter və internetlə təmin olunmasıdır. Əgər şagirdlər dərs zamanı lazım olan materialları məktəbdəki kompüterlər vasitəsilə əldə edə bilsələr, mobil telefona ehtiyac qalmayacaq. Belə olduqda şagirdlərin dərsə telefon gətirməsi ümumiyyətlə aradan qalxar".

Günel CƏLİLOVA

Избранный
16
baki-xeber.com

1Источники