RU

FES-in qərarı iqtisadiyyatlara necə təsir edəcək: əsas rəqəmlər və tendensiyalar

BAKI, 18 sentyabr. TELEQRAF

ABŞ Federal Ehtiyat Sistemi (FRS) yenidən qlobal iqtisadiyyatın diqqət mərkəzindədir. Belə ki, qurum 2025-ci ildə ilk dəfə faiz dərəcəsini 25 faiz bənd aşağı salaraq illik 4-4,25%-ə endirdi. FES bundan əvvəlki ardıcıl beş iclasında uçot dərəcəsini dəyişməz saxlamışdı. Tənzimləyicinin mətbuata açıqlamasına görə, qərar verilərkən ilin birinci yarısında iqtisadi artımın yavaşlaması, işsizlik səviyyəsinin yüksəlməsi, inflyasiyanın sürətlənməsi, məşğulluğun azalması kimi iqtisadi statistikalara istinad edilib.

Birjalarda FES "küləyi"

Amerikalı investor Uorren Baffettə görə, FES-in faiz dərəcələri qlobal iqtisadiyyatda hər şeyi idarə edir. Tənzimləyicinin qərarından sonra bazarlardakı volatillik bir daha bunu təsdiqlədi. Qızılın unsiyası qısa müddətlik 3707,57 dollara yüksəlsə də qiymətli metal günü 0,8 faiz ucuzlaşma ilə bağladı. Neft bazarında da dalğalanma müşahidə edildi. Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.27% azalaraq 67.76 dollara, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 0.37% azalaraq 63.81 dollara düşdü. Aşağı faiz dərəcələri adətən enerjiyə tələbatı artırsa da, investorlar ABŞ Federal Ehtiyat Sisteminin qərarından əvvəl 25 baza bəndlik endrim proqnozunu qiymətlərə daxil edərək, hedcinq əməliyyatlarını geri çəkmişdilər. "Wall Street" də isə qısa bir rallidən sonra S&P 500 cəmi 0,1% dəyər itirdi. ABŞ xəzinə istiqrazları kiçik itkilərlə üzləşdi. 5 illik xəzinədarlığın gəlirliliyi 7 baza bəndi artaraq 3,65%-i keçdi. "Bloomberg Dollar İndeksi" 2001-ci ildən bəri ən uzun qazanc seriyasını yaşadı. Bu səhər ABŞ və Avropa indeksi fyuçersləri yüksəldi. Ucuzlaşan ABŞ xəzinədarlıq istiqrazları itkilərini böyük ölçüdə geri qaytardılar. Asiyada Yaponiya və Çin fond bazarları yüksəldi.

Bidldirək ki, adətən “ucuz pul” investorları xəzinə istiqrazları kimi ənənəvi alətlərdən kənara çıxmağa şövq edir. Dövlət istiqrazları kimi risksiz alətlər üzrə gəlirlilik azaldıqca, investorlar gəlirlərini artırmaq üçün alternativlər axtarmağa məcbur olurlar. Səhmlər, korporativ istiqrazlar və kriptovalyutalar da daxil olmaqla yüksək potensial gəlirli aktivlərə maraq artır.

Kreditlər ucuzlaşacaq

Faiz dərəcələrinə çox vaxt “pulun dəyəri” deyilir. Dərəcələrin dəyişdirilməsi borclanma xərclərini tənzimləyir. Bu proses iqtisadi fəaliyyətə əhəmiyyətli təsir göstərir. Hazırkı mərhələdə Federal Ehtiyat Sistemi və dünyanın digər mərkəzi bankları faiz dərəcələrini azaltdıqca, qlobal miqyasda borclanma xərcləri aşağı düşür. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun Qlobal Borc haqda yenilənmiş məlumat bazasına əsasən, 2024-cü ildə qlobal miqyasda borclanma Ümumi Daxili Məhsulun 235 faizindən bir qədər çox olub. Buna səbəb son illər bankların özəl sektora vəsait qoyluşunu azaltmaları və dövlətlərin borclanmaya getməklə bu kəsiri kompensasiya etmələri olub. Dollar ifadəsində qlobal borc artaraq 251 trilyon dollara yüksəlib ki, bunun 99,2 trilyonu dövlət sektorunun, 151,8 trilyonu isə özəl sektorun payına düşür.

2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) 25,4 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizinə çatacağı gözlənilir. Bu ilin birinci yarımilində Azərbaycanın dövlət borcu 25 milyard 695 milyon manat təşkil edib. Bu da ümumi daxili məhsulun 19,6%-i deməkdir. Dövlət borcunun 17 milyard 177 milyon manatı (66,8%) daxili, 5 milyard 10 milyon manatı (33,2%) xarici borcdur. Hesabat dövründə xarici borc üzrə 698,8 milyon manat geri qaytarılıb. Bunun 200 milyon manatını fazilər üzrə hesablanan məbləğ təşkil edib.

Ekspertlərə görə, aşağı faiz dərəcələri şirkətlər, banklar və fiziki şəxslər üçün sərfəli kreditlərə çıxışı asanlaşdıracaq. Bu, investisiyaların, istehlakın və biznesin inkişafına təkan verəcək. Bundan əlavə, aşağı faiz dərəcələri mövcud borc öhdəliklərinin xidmətini ucuzlaşdıraraq və iqtisadi fəaliyyət üçün əlavə resurslar yaradacaq. Qeyd edək ki, artıq Türkiyə Cümhuriyyəti Mərkəz Bankı (TCMB) kredit kartı əməliyyatlarında tətbiq olunan faiz dərəcələrində endirim edib.

Məlumat üçün bildirək ki, avqustun 1-nə olan məlumata görə, Azərbaycanda bankların ümumi kredit portfeli 25 milyard 413,3 milyon manat təşkil edib. Bunun 84 faizi uzunmüddətli kreditlərin payına düşüb. Hazırda ölkədə kredit faizləri 12-30 faiz arasında dəyişir. Kreditlərin baha olması ödəmə vaxtı keçmiş kreditlərin məbləğinin il ərzində 16,7 faiz artaraq 529,4 milyon manata çatmasına gətirib çıxarıb. Bu da ümumi kredit portfelinin 1,7 faizi deməkdir. Onu da əlavə edək ki, Azərbaycan bankları 2025-ci ilin əvvəlindən etibarən xarici borclanmanı da artırıb. Xarici öhdəliklər ilin əvvəlinə nisbətən 131,3 milyon manat artaraq 2 milyard 716,8 milyon manata çatıb.

Qızıl bahalaşacaq

İqtisadçı-ekspert Vüqar Bayramov Teleqraf-a qeyd etdi ki, uzun müddət faiz dərəcəsinin artırılması kreditlərin bahalaşmasına səbəb olmuşdu. Bu da bir sıra sektorlara təsir göstərirdi.

O ki qaldı əmtəə bazarındakı proseslərə, Vüqar Bayramov bildirdi ki, qızılın qiymətində artımlar davam edir və növbəti dövrlərdə də artım dinamikasının davam edəcəyi gözlənilir:

“Təbii ki, müəyyən qərarlardan sonra qızılın qiymətində müddətli azalmalar ola bilər, lakin yekunda qızılın qiymətində artımlar gözləniləndir. "Goldman Sachs Group Inc"-in proqnozuna görə, özəl sektorda xəzinədarlığın yalnız 1%-i qızıla keçərsə, qızılın unsiyası 5000 dollara yaxınlaşa bilər. "Deutsche Bank" da gələn il üzrə bir unsiya üçün proqnozunu 4000 dollara yüksəldib. Neftin qiyməti ilə bağlı gözləntilərə gəlincə, qara qızılın dünya bazarında dəyəri artıq xeyli dərəcədə siyasiləşib. Buna baxmayaraq, beynəlxalq təşkilatlar növbəti illərdə neftin qiymətinin azalacağını proqnozlaşdırırlar. Hazırda 2026-ci ildə neftin qiyməti ilə bağlı proqnozların demək olar ki, hamısı pessimistdir. Xüsusən də qiymətin 50-60 dolar intervalında dəyişəcəyi gözlənilir. Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 65 dollardan götürülüb. Bu, 2025-ci illə müqayisədə 5 ABŞ dolları azdır".

Dolların ucuzlaşması ticarəti stimullaşdıracaq

İqtisadçı-ekspert Samir Heydərov Teleqraf-a bildirdi ki, FES növbəti iclasinda uçot dərəcəsini yenə də azaldacaq. Bu qərar ABŞ dolları və ABŞ istiqrazlarının cəlbediciliyini artırır:

”İsti pullar” daha gəlirli bazarlara yəni inkşaf etməkdə olan bazarlara yönələ bilər. İkincisi uçot dərəcəsinin azaldılması dolların məzənnəsinin digər əsas valyutalar qarşısında zəifləməsinə səbəb olur. Düzdür, hazırda biz dolların məzənnəsinin artımının şahidi oluruq. Bu da FES-in qərarının mülayım olmasınin təzahürüdür. Lakin dolların ucuzlaşması ABŞ məhsullarının xaricdə ucuzlaşmasına gətirib çıxarda bilər. Eləcə də ABŞ-nin ixracını artıra bilər. Yeri gəlmişkən, ucuz dollar Donald Trumpın iqtisadi strategiyasına tam uyğundur. Aşağı faizlər daxili tələbatı da artıra bilər. Bu da ABŞ-da iqtisadi aktivliyi yüksəltməklə istehsalı stimullaşdıracaq. Amma eyni zamanda inflasionist təzyiqi də artıracaq".

Manatın taleyi qlobal proseslərdən deyil, AMB-dən asılı olacaq

Bu arada onu da əlavə edək ki, FES-in qərarı mərkəzi bankların gələcək faiz siyasətlərində mühüm paya malikdir. ABŞ Mərkəzi Bankından sonra Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi öz baza faiz dərəcəsini 4,5 faizə, Kanada Mərkəzi Bankı uçot dərəcəsini 25 baza bəndi azaldaraq 2,5 faizə endirib. Norveç Mərkəzi Bankı faiz dərəcəsini 4,25 faizdən 4 faizə salıb. İngiltərə Mərkəzi Bankı isə gözləntilərə uyğun olaraq uçot dərəcəsini dəyişməyib və 4% səviyyəsində saxlayıb. Lakin kəmiyyət sərtləşdirmə siyasətini 70 milyard funt-sterlinqə endirib.

Xatırladaq ki, ötən ilin sentyabr ayının 18-də tənzimləyici dörd il ərzində ilk dəfə faiz dərəcəsini 0,5 faiz bəndi aşağı salaraq federal fondların faiz dərəcəsini 4,75-5%-ə çatdırmışdı. 2024-cü ilin sonuna artıq dünya üzrə 25-dən çox mərkəzi bank faiz dərəcələrini endirərək, monetar yumşaldılmaya getdilər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı oktyabrın 22-də faiz siyasətinə baxacaq. Qurum sentyabrın 10-da keçirilən iclasında uçot dərəcəsini 7%, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini isə 8% səviyyəsində dəyişməz saxlayıb. Tənzimləyicidən bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar inflyasiyanın proqnoz trayektoriyasından, qlobal iqtisadi proseslərdən, daxili makroiqtisadi mühit və valyuta bazarındakı vəziyyətdən, xarici risk amillərinin dinamikasından asılı olaraq veriləcək.

Məsələnin başqa tərəfi gələcək zaman üçün dollar manat məzənnəsində hər hansı dəyişikliyin olub-olmayacağıdır. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlara görə, 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit yəni 1700 səviyyəsində qalacaq. 2026-cı ildə ortamüddətli dövrdə əhalinin gəlirlərinin 97.4 milyard manat, xərclərinin isə 95.5 milyard manat təşkil etməsi gözlənilir. Bunun fonunda inflyasiyanın 4,8% olacağı proqnozlaşdırılır.

Monetar siyasəti şərh edən Vüqar Bayramov qeyd etdi ki, Azərbaycan milli valyutasının məzənnəsi birbaşa Mərkəz Bankın mövqeyindən asılıdır:

“Növbəti dövrdə də Mərkəz Bankın mövqeyi həlledici olaraq qalacaq, çünki Azərbaycan üzən məzənnə rejiminə keçməyib. Təbii ki, manatın məzənnəsinə digər faktorlar, o cümlədən neftin dünya bazarlarında qiyməti kimi faktorlar təsir göstərir. Tədiyə balansının vəziyyəti və ölkəyə daxil olunan valyutanın həcmi Mərkəz Bankı məzənnə siyasətində təsir göstərən əsas faktorlardır. Mərkəz Bank, təbii ki, növbəti dövrlərdə də məzənnə siyasətindəki mövqeyini qoruyub saxlayır”.

Analitiklər hesab edir ki, FES-in faiz endirimləri həmişə iqtisadiyyat üçün stimuldur. Lakin onların effektivliyi inflyasiya, məşğulluq və qlobal sabitlik kimi bir çox amillərdən asılıdır.

Избранный
25
teleqraf.com

1Источники