RU

Yeni genetik test tox olma dərəcəmizi yoxlayacaq - TİBBDƏ YENİ ERA

Piylənmədən əziyyət çəkən xəstələrin hansı dərmanla daha yaxşı nəticə əldə edə biləcəyini proqnozlaşdırmaq artıq mümkündür

E-saglam.az xəbər verir ki, Mayo Klinikası alimlərinin hazırladığı yeni genetik test bunu sübut etdi.

Tədqiqat göstərdi ki, yüksək doyma həddi olan insanlar porsiya ölçüsünü azaldan fentermin-topiramat (Qsymia) dərmanına daha yaxşı cavab verir, aşağı doyma həddi olan xəstələr isə ümumi aclığı azaldan liraglutide (Saxenda) ilə uğurlu nəticələr əldə edirlər.

Bu yanaşma xəstələrə yalnız BMI göstəricisinə əsaslanan müalicədən fərqli olaraq, biologiyalarına uyğun fərdiləşdirilmiş terapiya təqdim edir.

Nəticələrə gəlinməsi isə təsadüfi deyil. Tədqiqatçılar əvvəlcə 800 nəfərlə apardıqları təcrübədə insanların toxluq həddində kəskin fərqlər aşkar etdilər: kimisi 140 kaloridən sonra doyurdu, kimisi isə 2000 kalori qəbul edirdi. Çəkidən, boydan və hətta hormonlardan asılı olmayan bu fərqi izah etmək üçün alimlər genetikanı araşdırmağa başladılar.

Nəticədə 10 gendəki variasiyalar birləşdirilərək CTS-GRS adlı xüsusi genetik skor yaradıldı. Qan və ya tüpürcək nümunəsindən hesablanan bu skor insanın fərdi doyma həddini təxmin etməyə imkan verir.

Dr. Andres Acosta deyir: “Bir genetik testlə xəstəyə hansı dərmanın uyğun olacağını əvvəlcədən bilmək mümkündür. Bu, həm daha təsirli müalicə, həm də daha əlçatan səhiyyə deməkdir.”

Hazırda alimlər bu yanaşmanı semaglutide (Ozempic, Wegovy) dərmanına da tətbiq edir və mikrobiom, metabolom məlumatlarını əlavə edərək yan təsirlərin də proqnozlaşdırılmasını hədəfləyirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
16
e-saglam.az

1Источники