RU

Əhali şübhəli, yağ bazarı problemli vəziyyətdə... Bəzi irihəcmli Yeni Zelandiya yağlarını Azərbaycanda bölürlər

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda satılan bəzi yağlar xarici marka adları altında satılır, lakin həmin yağlar ölkədə düzəldilir, qablaşdırılır. Məsələn; bir yağın üzərində baxırsan ki, 4 gün qabaq istehsal olunduğu və Yeni Zelandiya məhsulu olduğu yazılıb. Halbuki, biz bilirik ki, Yeni Zelandiyadan Azərbaycana yağ gəmi ilə gətirilir və təxminən 2 aya çatır. Eləcə də digər yağın üstünə baxırsan ki, qablaşmasının üstünə Yeni Zelandiya yazılıb, lakin arxasında xırda hərflərlə rekvizit məlumatlarında Azərbaycanda istehsal olunduğu qeyd olunub.Yeni Zelandiya yağları həqiqətən o ölkədən gəlib, yoxsa qablaşdırılması ölkəmizdə olur? Yağın qablaşdırılmasının üzərində yazılan adlar, arxasında yazılan ünvanlar və s. bunları kim müəyyənləşdirir?

Mövzu ilə bağlı Bizimyol.info portalına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov bildirib ki, Azərbaycana yağ göndərən bir zavodda müşahidə aparıb: “Yeni Zelandiyada 8 il öncə bizim kolleqalarımızın köməyi ilə Beynəlxalq İstehlak təşkilatının üzvü olan təşkilatlarda konfransda oldum. Mən orda Azərbaycana yağ göndərən bir zavodda oldum. Orda Azərbaycan dilində markalanmasına, etiketinə baxdığım zaman iradlarımı bildirdim. Eləcə də fermer təsərrüfatına getdim. Məlum oldu ki, orda inəklər il boyu açıq havada olurlar, təbii otla qidalanırlar, qış yemi yoxdur. Hətta sağılma prosesini müşahidə etdim. Məlum oldu ki, burda normal yağ hazırlanır. Yağın Poti limanına, eyni zamanda ordan Azərbaycana neçəyə gəlməsinin də monitorinqini apardım və qərara gəldim ki, bu yağlar normal yağlardır.

Azərbaycana Yeni Zelandiyanın bir neçə zavodundan yağ gətirən 6 firma var. Yəni birbaşa ordan göndərilənlər də var. Bir də ordan böyük çəkidə - məsələn4 50 kq-lıq, 25 kq-lıq yağı alıb gətirib burda bölən firmalar da mövcuddur. Həmin firmalar yağı hissələrə doğrayırlar. Görünür ki, bu cür biznesi qurublar, yəqin onlara sərfəlidir. Həmin yağların üzərində yerli istehsal kimi görünür və Azərbaycanın ştrix kodu olur, lakin yağın mənşəyi Yeni Zelandiya olur. İstisna olunmur ki, həmin o doğrama prosesində nələrsə baş versin, lakin onu da qeyd edim ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bütün bu məsələlərə ciddi nəzarət edir”.

Eyyub Hüseynov

Eyyub Hüseynov qeyd edib ki, Gürcüstandan Azərbaycana saxta Yeni Zelandiya yağı gətirilirdi: “İllər boyu Gürcüstandan saxta Yeni Zelandiya yağının gətirilməsi müşahidə olunurdu. Son 6-7 ildə bu yolla yağ idxalı da kəsilib, demək olar. Hansı yağların üzərində mənşəyi Yeni Zelandiya və ya Azərbaycanda istehsal olunur yazılıbsa, onlar az əvvəl qeyd etdiyim kimi böyük həcmdə olan yağlardır və ölkəyə gətirilərək müxtəlif çəkilərlə bölünür. Dediyiniz məsələ burdan qaynaqlanır”.

Eyyub Hüseynov vurğulayıb ki, Azərbaycana Fransadan və Almaniyadan keyfiyyətli kərə yağları daxil olur: “Malın üzərindəki etiketdə olan məlumatlarla onun tərkibi AQTA tərəfindən ciddi yoxlanılır. Mənə Yeni Zelandiyanın yağlarının necə olması, bir-birindən fərqlənməsi ilə bağlı çox zəng edib soruşurlar. Bu da bir həqiqətdir. Amma mən yalnız sadəcə bir yağ firmasını araşdırmışam. Uzaq məsafədən gəlsə də, normal bir qiymətə gəlib çıxmasını da müşahidə etmişəm. Bununla bərabər, Azərbaycana təmiz yağ az daxil olur. Məsələn; Fransadan, Almaniyadan keyfiyyətli kərə yağları daxil olur.

Ümumiyyətlə, kərə yağı bazarında problemlər yaşanır, əhalinin daim şübhələri var. Şübhə həqiqətə aparan yoldur və şübhə boş yerə olmur. Görünür, bu istiqamətdə problemlər mövcuddur. AQTA bu məsələlərlə ciddi məşğul olmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
icma.az

1Источники