RU

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi start götürür

Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürür.

İdman.biz xəbər verir ki, yarış paytaxtımızda artıq doqquzuncu dəfə təşkil olunur.

Yarışların ilk günü iki sərbəst yürüş keçiriləcək. Bundan əlavə, proqramda “Formula-2” üzrə test yürüşləri və təsnifat mərhələsi də yer alıb.

306,049 km uzunluğunda Bakı trası 20 döngə, 51 dövrədən ibarətdir. “Formula-1” yarışı Bakıda ilk dəfə 2016-cı ildə Avropa Qran-prisi adı ilə baş tutub. 2017-ci ildən etibarən isə Azərbaycan Qran-prisi kimi keçirilir.

Müxtəlif illərdə Bakı yarışının qalibləri Niko Rosberq (Almaniya), Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) olub. 2023-cü ildə Peres Bakıda ikinci dəfə qələbə qazanıb, 2024-cü ildə isə “McLaren”dən Oskar Piastri qalib gəlib. 2020-ci ildə pandemiya səbəbindən yarış keçirilməyib. Son dörd ildə təsnifatı “Ferrari” pilotu Şarl Lekler qazanıb.

Azərbaycan Qran-prisi ərəfəsində şəxsi birincilikdə Oskar Piastri (“McLaren”) 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris 293 xalla ikinci yeri tutur. İlk üçlüyü Maks Ferstappen (“Red Bull”) 230 xalla tamamlayır. Konstruktorlar Kubokunda isə 617 xalla “McLaren” inamla liderlik edir. “Ferrari” 280 xalla ikinci, “Mercedes” isə 260 xalla üçüncüdür.

Azərbaycan Qran-prisinin ilk gününün proqramı:

10:00. “Formula-2”: sərbəst yürüş

12:30. “Formula-1”: birinci sərbəst yürüş

14:30. “Formula-2”: təsnifat mərhələsi

17:00. “Formula-1”: ikinci sərbəst yürüş

İdman.biz

Избранный
41
4
idman.biz

10Источники