RU

"Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" - Şeyx Əbdül

“Bu dövlət, bu xalq, bu Vətən hamımızındır. Onu özəlləşdirib kiminsə xüsusi mülkünə çevirmək olmaz. Ötən gün mağazaya getmişdim, içəri girdikdə dəhşətə gəldim. Xiyarın kiloqramı 3 manat 50 qəpik idi. Bir neçə gün əvvələ kimi qiyməti 1 manat idi, birdən-birə 3 manat 50 qəpiyə qalxıb. Pomidorun kiloqramı 4 manatadır. Azərbaycanda pomidordan, xiyardan, kartofdan, soğandan bol nə var? Sovet dönəmində bütün SSRİ böyüklüyündə məkanı biz meyvə-tərəvəzlə, pomidor-xiyarla təmin edirdik. Bəs indi nə baş verdi? Hardadır həmin təsərrüfat? Nəyə görə işi iş bilənə tapşırmırlar?”.


Bu sözləri Manset.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib. O bildirib ki, hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsi, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti acınacaqlı vəziyyətdədir.

“Bu yaxınlarda yolum Azərbaycanın şimal tərəfinə düşmüşdü. Gözümlə gördüm, orada - yol qırağında pomidor-xiyar küçələrə tökülüb. Onu dişi-dırnağı ilə əkib becərən kəndçi Bakıya gətirib rahat sata bilmir. İcazə vermirlər. Bunun konkret səbəbkarları var. Monopoliya yaradan qüvvələrə Azərbaycan qanunları tətbiq olunmur. Onlar üçün qanun keçərli deyil? Belə biabırçılıq olmaz. Başa düşə bilmirəm, kimlərsə şəxsi maraqları, şəxsi qazancı üçün Azərbaycanı çapıb talayıb pomidor-xiyar inqilabı edəcək? Bəs Kənd təsərrüfatı nazirliyi nə iş görür?”.

Xalq artisti qeyd edib ki, Azərbaycanda istixanaların sayının çox olması da kənd təsərrüfatının geriləməsinə gətirib çıxarır.

“Azərbaycanda kilometrlərlə istixanalardır, pomidor istehsal edirlər. Bunu kim, hansı maraqla edir? Mən artıq burada təkcə pul qazanmaq marağı görmürəm. Burada başqa siyasi təxribatlar var, xəyanət var. Sonra da deyirlər ki, kəndlilər hamısı şəhərə gəlir. Onlar acından şəhərə gəlirlər, burada az maaşa işləmək üçün. Kəndli gəlib özü də şəhərdən pomidor-xiyar alıb aparır. Bu, biabırçılıqdır. Bütün bunları həll eləmək üçün təcili sürətdə komissiya yaradılmalıdır, amma bu komissiyada dövlət strukturları iştirak etməməlidir. Kənd təsərrüfatı ilə məşğul olan kənd ziyalıları olmalıdır. Bu komissiya kənd təsərrüfatı ilə bağlı mühüm qərarlar verməlidir. Bir sıra qadağalar ləğv olunmalıdır ki, dişi-dırnağı ilə məhsul əkmiş kəndli onu rahat sata bilsin. Hansısa mafiya özündən qadağalar qoyub miləti dövlətə qarşı qoymasın, pomidor-xiyar inqilabı hazırlamasın. Bu cür Kənd təsərrüfatı naziri heç kəsə lazım deyil! Onun təyin etdiyi kadrların əksəriyyəti yarıtmazdır. Bir dəfə fermerləri bir araya yığıb görüş keçirməyib. Fəaliyyəti ancaq bölgələrə səfər edib zəmilərdə şəkil çəkdirməkdən ibarətdir”.

Şeyx Əbdül Mahmudov qeyd edib ki, kənd təsərrüfatının ciddi şəkildə inkişafdan qalması paytaxtda sıxlığın və tıxacların da səviyyəsini dəhşətli dərəcədə artırıb. Bu vəziyyət get-gedə daha da dözülməz hal alır.

“Bu gün Cənab Prezident uğurlu fəaliyyəti ilə bütün dünyanı Azərbaycanın ayağına gətirir. O, 250 illik istismarımıza son qoydu. Prezidentimizin və xalqın gücü ilə böyük zəfər əldə olunub. Ermənistan kimi arxalı-dayaqlı tarixi qan düşmənimizin öhtəsindən gəldik, içimizdə pomidor-xiyar inqilabı edənlərin öhtəsindən gələ bilməyəcəyik?”.

 

Fidan Vəlisoy 

Избранный
49
manset.az

1Источники