RU

Ölkəmizdə milyondan çox insanı gözləyən sürpriz Gələn il nələr olacaq?

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gələn il sahibkarları “sürprizlər” gözləyir. Belə ki, hökumət vergi, maliyyə sanksiyası, cərimə yükünü artırmaq hesabına büdcə formalaşdırmaq siyasətini davam etdirir. Maliyyə Nazirliyinin 2026-cı il üçün təqdim etdiyi hesabata əsasən, vergi, gömrük və cərimə proqnozları artırılıb. Ekspertlər iddia edirlər ki, yeni büdcədə görünən mənzərə heç də ürəkaçan deyil. Onların fikrincə, bu büdcə iqtisadiyyatda ciddi problemlərin olduğundan xəbər verir.

Vəziyyət təqdim edildiyi qədər mürəkkəbdirmi? Əgər belədirsə, çıxış yolları varmı? Sahibkarların bu qədər yüklənməsi özəl sektora, bütövlükdə iqtisadiyyata nə vəd edir?

Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, Maliyyə Nazirliyinin proqnozları reallıqdan çox, arzulardan ibarətdir:

Natiq Cəfərli

“2026-cı il büdcə proqnozlarına görə, dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat nəzərdə tutulur, bu da 2025-ci illə müqayisədə cəmi 67 milyon manat və ya 0,2% çoxdur. Bu qədər cüzi artım iqtisadiyyatda mövcud problemlərin açıq göstəricisidir. Xərclər isə 41 milyard 548,6 milyon manat proqnozlaşdırılır və bu, ötən ilə nisbətən 141 milyon manat və ya 0,3% çoxdur. Gəlirlərin zəif artımı səbəbindən xərclərdəki yüksəliş də minimaldır və ölkənin qarşısında duran çağırışlara cavab vermir. Yəni büdcə proqnozlarında arzulanan qiymətlər əsas götürülür. 2026-2029-cu illərin büdcə proqnozları və ilkin göstəriciləri iqtisadiyyatda problemlərin dərinləşdiyini açıq şəkildə ortaya qoyur. Bunu hökumətin öz rəqəmləri, gözləntiləri təsdiq edir”.

İqtisadçı Elçin Rəşidov bildirib ki, artımlar əsasən inflyasiya səviyyəsinə uyğundur:

“Gömrük gəlirləri inflyasiyadan bir qədər aşağı, vergi daxilolmaları isə yuxarıdır. Ümumilikdə isə artım kiçikdir. Gömrük üzrə 2026-cı il proqnozu cəmi 3,8 faiz artım nəzərdə tutur, bu da inflyasiyadan aşağı olduğuna görə əslində azalma deməkdir. Belə tendensiya iqtisadiyyatın zəifləməsi ilə bağlıdır. Vergi sahəsində müəyyən artımlar olsa da, son illərdə bu proses davamlı xarakter alıb və sahibkarların üzərinə düşən yük daha da ağırlaşıb. Eyni zamanda cərimələrin də son illərdə kəskin qalxması müşahidə olunur. Görünür ki, vergi və cərimələr yeni neftdir, sahibkarlar isə mədənlər”.

Elçin Rəşidov

Ekspert vurğulayıb ki, burada əsas problem Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsidir:

“Dünyada vergi qurumlarının əsas məqsədi sərt nəzarətlə yığımları artırmaqdır. İqtisadiyyat Nazirliyinin vəzifəsi isə sahibkarlığı inkişaf etdirmək, dəstək göstərməkdir. Bu iki funksiya ayrı qurumlar icra etdikdə daha balanslı nəticələr verirdi. Keçmiş Vergi Nazirliyi büdcə gəlirlərini artırmağa, İqtisadiyyat Nazirliyi isə sahibkarların mənafeyini qorumağa çalışırdı. Hazırda isə bu balans yoxdur və qərarlar yalnız nazirlik rəhbərliyinin iradəsindən asılıdır. Nəticədə vergi və cərimələr artır, amma qeyri-neft sektoru zəifləyir. Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda qeyri-neft məhsuldarlığı və adambaşına düşən məhsul səviyyəsi dəfələrlə aşağıdır. Bu vəziyyət İqtisadiyyat Nazirliyinin və ümumilikdə islahatların fiaskosunu göstərir. Mövcud institusional problemlər bu böhranı dərinləşdirir”.

Qeyd edək ki, 2025-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
globalinfo.az

1Источники