RU

Novruzəli Aslanov: “20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü tarixi Zəfərimizin silinməz simvoludur”



“Cənab Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli sərəncamı ilə 20 Sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olundu. Bu qərar təkcə inzibati deyil, həm də dərin siyasi-mənəvi məna daşıyır. Çünki 2023-cü ilin sentyabrında keçirilən dövlət suverenliyinin bərpası əməliyyatı nəticəsində bu şəhərlər suveren Azərbaycanın tam nəzarətinə qaytarıldı. 20 Sentyabr – Azərbaycanın müstəqillik, ərazi bütövlüyü və siyasi iradəsinin təntənəsi kimi tarixə düşdü. Bu günün rəsmi qeyd olunması, gələcək nəsillərə Qarabağda qazanılmış zəfərin siyasi yaddaş kimi ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır. 2025-ci ildə cənab Prezident İlham Əliyev Ağdərəyə etdiyi səfəri zamanı bu bölgədə aparılan bərpa-quruculuq işlərini yerindəcə dəyərləndirdi və bu günün qeyd olunmasının həm də milli birliyi gücləndirdiyini vurğuladı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasının müstəsna əhəmiyyət kəsb edən hadisə olduğunu vurğulayıb: “2023-cü il oktyabrın 15-i Azərbaycan tarixinə dövlət suverenliyinin bərpasının rəmzi kimi daxil oldu. Prezident İlham Əliyev həmin gün şəxsən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə səfər edərək, bu şəhərlərdə Azərbaycan Bayrağını ucaltdı. Bu addım yalnız simvolik deyil, həm də ciddi siyasi mesaj idi: Azərbaycan dövləti öz suverenliyini yalnız beynəlxalq hüquqla deyil, həm də real nəzarətlə təmin etmişdir. Prezidentin səfəri zamanı verdiyi bəyanatlar da bunu açıq göstərdi – o, bildirdi ki, bu torpaqlarda Azərbaycan qanunları hökm sürəcək, vətəndaşlar bərabər hüquqlarla yaşayacaq. 2024-cü ilin mart ayında Xocalıya etdiyi növbəti səfərdə Prezident İlham Əliyev artıq bərpa olunmağa başlayan infrastruktur layihələrini yerində izləyərək, bu ərazilərin dirçəliş strategiyasının başlanğıcını verdi.”

Sonda Novruzəli Aslanov Xankəndi şəhərində 2023-cü ildə keçirilmiş hərbi paraddan bəhs edərək, bu hadisənin dövlət suverenliyimizin bütün dünya qarşısında daha bir təsdiqi olduğunu bildirib: “2023-cü il noyabrın 8-də – Zəfər Günündə – Xankəndidə keçirilən hərbi parad təkcə qələbənin nümayişi deyildi. Bu parad, Azərbaycanın suverenliyinin hərbi-siyasi təminatının real sübutu idi. Cənab Prezident İlham Əliyev paradda çıxışı zamanı qeyd etdi ki, bu torpaqlar heç vaxt yenidən kiminsə iddiası altında ola bilməz. Paradda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı, Vətən müharibəsində və 2023-cü ildə keçirilmiş suverenliyin bərpası əməliyyatında iştirak etmiş qəhrəmanlar da təmsil olundular. Bu, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi bir siqnal idi: Qarabağ problemi Azərbaycanın iradəsi ilə və beynəlxalq hüququn tələblərinə uyğun həll olunmuşdur.”



Избранный
40
aia.az

1Источники