Məktəblərimiz dövlətin tam təminatındadır. Bəli, dövlət hər şeyi – məktəbin təmirini də, A4 vərəqini də, printerini də, hətta süpürgəsini də qarşılayır. Dövlət məktəbləri uşaqlarımız üçün tamamilə pulsuzdur və bu, böyük bir üstünlükdür.
Tribunainfo.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov yeni tədris ilinin başlamasıyla bir çox məktəblərdə təmir, fond, A4 vərəqi almaq adı ilə valideynlərdən yığılan vəsait barədə danışarkən deyib. Ekspertin sözlərinə görə, təminatın gecikməsi və ya tez bitməsi normaldır:
“Bəzən cari təmir yubana bilər, bəzən məktəb ləvazimatı vaxtında çatmaya bilər. Bu, bütün dünyada yaşanan təbii hallardır. Ancaq biz, cəmiyyət olaraq, məktəbi ən çox müzakirə edilən və qalmaqallı yerə çevirmişik.
Məktəb – uşaqlarımızı hər gün əmanət etdiyimiz müqəddəs bir məkandır. Müəllim – övladımızın təhsilində, tərbiyəsində ən yaxın yol yoldaşıdır. Lakin biz müəllimlərimizi qorumaq əvəzinə çox vaxt sosial şəbəkələrdə onların üzərinə hücum edirik. İctimailəşdiririk, ittiham edirik, gözdən salırıq. Halbuki müəllimlərin cəsarətə, dəstəyə, hörmətə ehtiyacı var.
Bugün müəllimlər çox zaman qorxurlar. Onları biz – valideynlər, cəmiyyət, haqsız təzyiqlərlə qorxuduruq. Amma unutmayaq: müəllim qorxursa, uşaq da itirir, təhsil də ziyan görür.
Dövlət məktəbləri bizim hamımızın dünəni, bu günü və gələcəyidir. Müəllimlərimizi qorumalı, məktəblərimizi müzakirə obyekti deyil, dəstək mühiti etməliyik”.
Gülşən Rəsul