RU

Dövlət Suverenliyi Günü - tarixi proseslərin təntənəsi

Azərbaycan tarixində dövlət suverenliyinin bərpası və möhkəmləndirilməsi xalqımızın ən böyük milli nailiyyətlərindən biridir. Tarixin müxtəlif dövrlərində üzləşdiyi işğallar, məhrumiyyətlər və xarici təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı müstəqillik ideyasından heç vaxt geri çəkilməyib.

Suveren dövlət qurmaq və onu inkişaf etdirmək milli kimliyimizin, siyasi iradəmizin və tarixi davamlılığımızın əsasını təşkil edir.

Müstəqilliyin bərpasından sonra uzun illər Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin mühüm hissəsi işğal altında qalmışdı. Beynəlxalq hüququn prinsiplərinə zidd olan bu işğal faktı regionda ədalətsizliyin və beynəlxalq münasibətlərdə ikili standartların bariz nümunəsi idi. Lakin xalqımız milli suverenlik arzusu və iradəsindən dönmədi, dövlət isə bu istiqamətdə sistemli mübarizəsini davam etdirdi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi dönüş nöqtəsinə çevrildi və ölkəmiz öz ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi.

Dövlət suverenliyinin tam təsdiqi isə 2023-cü ildə keçirilən antiterror əməliyyatı ilə reallaşdı. Cəmi bir gün davam edən əməliyyat nəticəsində separatçı silahlı dəstələrin fəaliyyəti dayandırıldı, konstitusiya quruluşu bütün ərazilərdə bərpa olundu. Bu hadisə müasir Azərbaycan dövlətçiliyində mühüm mərhələ olaraq yadda qaldı və sübut etdi ki, suverenlik yalnız siyasi şüar deyil, eyni zamanda real dövlət gücü ilə qorunan ali dəyərdir.

Bu tarixi nailiyyətlərin hüquqi təsdiqi isə 2024-cü ildə Prezidentin sərəncamı ilə “Dövlət Suverenliyi Günü”nün təsis edilməsi oldu. Bu gün onilliklər boyu aparılan mübarizənin rəmzi yekunu, ərazi bütövlüyünün və milli dövlətçiliyin qələbə ilə tamamlanmasının təntənəli ifadəsidir. Ardınca 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə suverenliyin yalnız tarixi və hərbi deyil, həm də hüquqi, siyasi və mənəvi aspektlərinin möhkəmləndirilməsinə xidmət edir.

Bu gün qürürla deyə bilərik ki, Azərbaycan tam suveren bir dövlətdir. Ərazi bütövlüyünün təmin olunması, sərhədlərin toxunulmazlığı və daxili sabitliyin güclənməsi ölkəmizin gələcək inkişafına əlavə stimul verir. Dövlət Suverenliyi Günü isə həm bu tarixi proseslərin təntənəsi, həm də gələcək nəsillərə ötürüləcək ən ali milli dəyərdir.

Züriyə Qarayeva

Избранный
38
bakivaxti.az

1Источники