ABŞ-ın “Tramp marşrutu” ilə bağlı hərəkətə keçməsi şimal və cənub qonşularımızda həyəcanı artırıb; iki paytaxtın dəhlizi bağlamaq imkanı varmı?..
“ABŞ və müttəfiqləri "Tramp marşrutu" (TRIPP) adlandırılan yeni kommunikasiya layihəsini təşviq edirlər". “Yeni Müsavat” bildirir ki, bu, İranda yayınlanan “Roozplus” saytında dərc olunmuş məqalədəndir. Yazı müəllifi bildirib ki, layihə zahirən iqtisadi olsa da, əslində Qərbin Mərkəzi Asiyada nüfuzunu artırmaq, Rusiyanın təsirini zəiflətmək və İranın qonşuluğunda Vaşinqtonun nəzarətində olan dəhliz yaratmaq məqsədi güdür.
İran mediası Zəngəzur dəhlizi ilə bağlı rəsmi Tehranın narahatlığını tez-tez bölüşür. Cənub qonşumuz “Tramp marşrutu”nun açılmasına qarşı mövqeyini hələ də dəyişməyib. Son olaraq ali rəhbərin müşaviri Əli Əkbər Vilayəti və İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin bəyanatlarında bu anti-Zəngəzur ritorikasını açıq şəkildə görmək mümkündür. Hərçənd Tehran bu logistikaya qoşularaq öz payını götürə, iqtisadi divident əldə edə bilər. Amma göründüyü kimi, hələ də Zəngəzur dəhlizinin açılmasını Rusiya və İranın təsirinin azaldılması kimi qiymətləndirirlər.
Qeyd edək ki, ABŞ koridorun açılması üçün Ermənistana 145 milyon dollar ayırmağı nəzərdə tutur. Bu layihə ilə bağlı Bakıda və İrəvanda görüşlər keçirilib. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen bir müddət əvvəl İrəvanda Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə maliyyələşmə ilə bağlı bəyanat verib. “Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsü və avqustun 8-də əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır”, - Henrehen bildirib.
Onun sözlərinə görə, vəsait ticarət, infrastruktur, kritik mineral ehtiyatların tədarük zəncirləri və transsərhəd təhlükəsizliyin təmin edilməsinə investisiyaların dəstəklənməsi üçün istifadə olunacaq. Heç şübhəsiz ki, bütün bunların təməlində 8 avqust razılaşmalarının bir hissəsi olan Zəngəzur dəhlizi - Tramp marşrutunun maliyyələşməsi dayanır.
Belə bir ərəfədə Ermənistandan sülh açıqlamaları da intensiv şəkildə yayılmaqdadır. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh müqaviləsinin 2025-ci ilin sentyabrında imzalanacağına ümid etdiyini bildirib. O, Ermənistanın İctimai Televiziyasına müsahibəsində “Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsini 2026-cı ilin birinci yarısında deyil, 2025-ci ilin sonunda və ya sentyabr ayında imzalayacaqlar”, - deyib. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında sazişin 2026-cı ilin birinci yarısında imzalanmasının gözlənildiyini bildirib. O, bu addımdan sonra Ankaranın İrəvanla münasibətləri tez bir zamanda normallaşdıracağını vurğulayıb.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra üç ölkə lideri yeddi bəndlik bəyannamə imzalayıb. Düzdür, Ermənistanın “ev tapşırığı”nı hələ də yerinə yetirməməsi, yəni Azərbaycana qarşı ərazi iddialarının əksini tapdığı Konstitusiyasına və normativ hüquqi aktlara düzəliş etməməsi sülhün imzalanmasına əsas əngəldir. Amma bu ərəfədə Ağrıdağın əksindən imtina kimi addımlar rəsmi İrəvanın Azərbaycanın tələblərini icra edəcəyinə ümid yaradır. Bu isə radikalları və onların havadarlarını ciddi şəkildə narahat etməkdədir. Paşinyana qarşı impiçment təşəbbüsü də məhz bu addımların fonunda baş verir. Ermənistanda növbədənkənar parlament seçkilərinə gedilə biləcəyi barədə məlumatlar da Paşinyanı yıxmaq istəyən qüvvələr üçün şok effekti yaradıb.
Sülhlə bağlı məntiqi nrosesin sürət götürməsi, Zəngəzur dəhlizi ilə əlaqədar növbəti mərhələyə start verilməsi isə Moskva və Tehranda isterikanı daha da artırmaqdadır. ""Tramp marşrutu”nun praktikada necə işləyəcəyi yalnız layihənin konkret detallarını öyrəndikdən sonra qiymətləndirilə bilər". Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə gün əvvəl belə deyib. O əlavə edib ki, bir sıra digər amillər də nəzərə alınmalıdır: “Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) vahid gömrük məkanının bir hissəsidir, Rusiya Dəmir Yollarının törəmə müəssisəsi Cənubi Qafqaz Dəmir Yolları şirkəti Ermənistanın dəmir yolu şəbəkələrini idarə edir və sözügedən marşrutun keçəcəyi ehtimal olunan ərazidə sərhəd Rusiya sərhədçiləri tərəfindən qorunur”.
Göründüyü kimi, ABŞ Konqresinin Vaşinqton razılaşmaları ilə bağlı hərəkətə keçməsi şimal və cənub qonşularımızda həyəcan doğurub. Görəsən, bu iki müttəfiq “Tramp marşrutu”nun açılmasına əngəl ola bilərmi? Onların əlində hansı təzyiq mexanizmləri qalıb ki, dəhlizə mane olsunlar? Doğrudanmı ABŞ şirkətinin dəhlizə yerləşməsi Rusiya və İranın bölgədə mövqelərini zəiflədəcək?
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizinin əleyhinə olanların arqumentləri nəinki zəifdir, hətta gülməlidir: “İran gah deyir ki, həmin ərazidən yollar keçsə, İranla Ermənistanın arasında kommunikasiya kəsiləcək, gah deyir bu ərazilər üzərində eksterritorial yurisdiksiya olacaq və s. İndi də o ərazidə çəkiləcək 42 km. uzunluğu olan dəmiryol və avtomobil yolunun ABŞ şirkətləri tərəfindən tikilib, istismar olunması ilə bağlı irəli sürülən layihənin əleyhinə çıxırlar. Hər iki dövlətin arqumentlərinin arxasında real əsaslandırma yoxdur”. “Layihə zahirən iqtisadi olsa da, əslində Qərbin Mərkəzi Asiyada nüfuzunu artırmaq, Rusiyanın təsirini zəiflətmək və İranın qonşuluğunda Vaşinqtonun nəzarətində olan dəhliz yaratmaq məqsədi güdür” fikirlərinə gəlincə, S.Məmmədov qeyd etdi ki, Cənub Qafqazın hər 3 ölkəsində Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın şirkətləri çoxdan mövcuddur: “Niyə istənilən Qərb dövləti Ermənistanda zavod tikə, istehsal, nəqliyyat, xidmət sahəsi yarada bilər, amma kiçik bir ərazidə yol çəkib, istismar edə bilməz? Yolu Ermənistan özü çəkmək istəyəndə də, bunu başqalarına həvalə edəndə də bəhanələr olacaq. Səbəb isə başqadır. Bu barədə artıq fikirlər deyilib. Ona görə də Ermənistan dövləti və hakimiyyəti özündə güc tapıb layihəni reallaşdırmalıdır. Layihənin reallaşması isə həm də Ermənistanın maraqlarına cavab verir. Layihə reallaşdıqdan sonra Ermənistan tranzit ölkəyə çevriləcək və əlavə iqtisadi gəlirlər əldə edəcək”.
Məhəmməd Əsədullazadə
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bu barədə danışarkən öncə ABŞ nümayəndə heyətinin bir müddət bundan əvvəl Azərbaycan və Ermənistanda olduğuna diqqət çəkdi: “Məhz Tramp marşrutunun - Zəngəzur dəhlizinin açılmasına 145 milyon ayrılması, layihənin yaxın perspektivdə reallaşması deməkdir. Konkret olaraq TRİP- Zəngəzur dəhlizi regionun geosiyasi və iqtisadi mənzərəsini kifayət qədər dəyişəcək. Cənubi Qafqaz artıq Asiya və Avropanı birləşdirən əsas region olaraq yeni dünya siyasi nizamında beynəlxalq güclərin və regional ölkələrin maraq toqquşmasına gətirib çıxarır. Zəngəzur dəhlizi Orta dəhlizin əsas seqmenti olaraq geosiyasi layihə kimi ABŞ və Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyaya çıxış imkanını saxlayacaq. Bununla da region ölkələrinin təhlükəsizliyinin təmin olunmasında mühüm bir strateji xətt həyata keçiriləcək”. M.Əsədullazadənin qənaətincə, Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bir siyasi və iqtisadi mərhələ başlayır: “Ona görə də Rusiya və İran bundan narahatdır. Hər iki ölkə Ermənistanın Azərbaycana qarşı işğalindan öz siyasi məqsədləri üçün istifadə edərək, regionda yeni bir siyasi dinamikanın formalaşmasına imkan verməyib. İran və Rusiya məhz dünya birliyi ilə konfliktdə olduğu üçün bu ölkələrin ərazisindəki nəqliyyat yollarından istifadə təhlükəsizlik cəhətdən risklidir. Faktiki olaraq Rusiya prosesdən kənarda qalıb. Kreml çalışır ki, dəhlizə nəzarət mexanizmini əlinə alsın. Amma ABŞ Rusiyanın bütün təxribatlarının qarşısını alacaq. Odur ki, Rusiya dəhlizə hərbi müdaxilə edə bilməz”. İrana gəldikdə, ekspert bildirdi ki, Tehran rejimi hələ də dəhlizi qəbul etmək istəmir: “Amma prezident Məsud Pezeşkian dəhlizə qarşı olmadıqlarını vurğulayıb. Yeni bir geosiyasi nizam formalaşır. İran da bu dəhlizdən istifadə edə bilər. Rusiya və İranın təhdidləri bəyanatlardan o tərəfə keçməyəcək”. M.Əsədullazadə zəruri xatırlatma edərək bildirdi ki, Türkiyə prosesdə aktivdir: “Ermənistan tərəfi də TRİP-Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ermənistan bu dəhlizə razılıq verib. Rusiya və İranın Ermənistana təzyiqləri ola bilər. Bu təzyiqlər Ermənistanda seçki öncəsi təxribatların baş verməsinə də gətirib çıxara bilər, amma inanırıq ki, bütün bunlar nəticəyə təsir etməyəcək”.
İstisna deyil ki, məhz Moskva və Tehranın bəlli mövqelərini nəzərə aldığı üçün ABŞ Dövlət Departamenti son xəbərdarlıqlarını edib, amerikanları şərti sərhədlərə səfərlər etməməyə çağırıb.
E.PAŞASOY,
“Yeni Müsavat”