RU

“Formula-1”çərçivəsində tibbi xidmətin təşkili tam təmin olunub - TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Baku City Circuit) ilə əməkdaşlıq çərçivəsində “Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025"də tibbi xidmətə ehtiyac yaranacağı hallar üzrə xidmətin təşkili tam təmin olunub. TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, yarış xətti boyunca iştirakçılara, “Formula-1” çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda, yarışlar səbəbilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postları qurulub.

Sentyabrın 18-21-də qrafik üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təşkili üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən yarışlar dövründə xidmət göstərmək üçün ümumilikdə 22 briqada ayrılıb.

Həmçinin “Formula-1” yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısı fəaliyyət göstərir.

Tibb məntəqələri reanimasion çarpayı, süni tənəffüs aparatı, kardiomonitor, USM, EKQ, anesteziya aparatı və digər müxtəlif təyinatlı cihaz avadanlıqları, habelə zəruri dərman, müalicə vasitələri, sərf materialları, təcili və təxirəsalınmaz tibbi yardım çantaları ilə tam təmin olunub.

Yarış müddətində tibbi xidmətin təşkili istiqamətində gücləndirilmiş iş rejimində fəaliyyətə dair TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi, Nərmanov Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.

Təhkim olunan bütün tibb işçiləri saat 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərirlər.

Qeyd edək ki, tibb və qeyri-tibb işçilərinin hər biri bir çox beynəlxalq tədbirlərdə xidmət aparan, xarici dil biliklərinə malik təcrübəli mütəxəssislərdir.

Избранный
13
17
sia.az

10Источники