Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində 18 sentyabr – Milli Musiqi gününə həsr olunmuş konsert proqramı keçirilib.
APA xəbər verir ki, tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub.
Dövlət qurumlarının, ictimai təşkilatların, ictimaiyyət nümayəndələrinin və musiqisevərlərin iştirakı ilə baş tutan tədbirdə milli musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan söz açılıb.
Sonra F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı xor qrupunun (xormeyster: Naala Barateliya) konserti təqdim olunub. Konsertdə folklor, xalq mahnıları və eləcə də Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Qarabağ Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsi üzrə tabe mədəniyyət müəssisələrində müvafiq tədbirlər planına uyğun olaraq Milli Musiqi Günü münasibətilə silsilə tədbirlər davam edir.