RU

Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra... Həcc gündəliyi nin gizlin tərəfləri

ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Elnarə Akimovanın "Mirmehdi Ağaoğlunun "Həcc gündəliyi", yaxud "Bu vüsalə yuxu əhvalı demək mümkün idi"" yazısını təqdim edir. "İçimdə həmişə belə bir əminlik vardı ki, nə vaxtsa Həcc ziyarətinə getmək mənə də nəsib olacaq. Həcc ziyarətinin dinimizin vacib əməli sayılması bir yana, İslamın təşəkkül tapdığı yerləri, uşaq vaxtlarımdan İbrahim, İsmayıl peyğəmbərlər haqqında eşitdiyim rəvayətlərin, oxuduğum hədislərin, İslam tarixindən öyrəndiyim hadisələrin baş verdiyi yerləri öz gözlərimlə görmək istəmişdim".Mirmehdi Ağaoğlunun əksər mətnlərində bu istək daim duyulub, hətta dini mövzuda yazdığı və ona bir çox mükafatlar qazandıran "85-ci gün" hekayəsindəki metafizik qat onu Həcc ziyarətinə aparan yolun addımları idi. Niyə? Çünki müəllif bu hekayəni yalnız dini bilgilər əsasında yazmamışdı, həm də ruhsal bağlılıq və sevgi ilə qələmə almışdı. İndi budur, "Həcc gündəliyi, yaxud Allahı sevməyin 56-cı dərəcəsi" ilə üz-üzəyik!Bizim ədəbiyyatda belə təəssürat yazıları o qədər də çox deyil. Azər Turanın "Məkkədən Mədinəyə" kitabını çıxmaq şərti ilə bu aspektdə - müqəddəs məkana ziyarətin diqtəsi ilə ərsəyə gətirilən mətnlər demək olar ki, gözə çarpmır. Hərçənd, ədəbiyyatın belə bir öhdəliyi də yoxdur. Amma hər şeyə öhdəlik də deyib keçməmək lazım. Bütün hallarda olması olmamaqdan yaxşıdır. Kitabda yer alan "Sizin həcc bələdçiniz" ifadəsi bu mənada, mətnin nə qədər gərəkliliyini meydana qoyur və sətir-sətir oxunduqca belə bir yolçuluğun feyzini yaşadan bələdçiyə minnətdar olmaya bilmirik. Mirmehdi Ağaoğlunun nəzərləri, sevgisi, yorğunluq və marağı ilə o müqəddəs məkanları qarış-qarış adlayan oxucunun gözləri qarşısında Həcc ziyarətinin bütün sirli-səmavi, mübhəm-qaranlıq lövhələri taybatay açılır. Bu, elə müəllifin təsvir üslubunun gücüdür ki, oxucu görmədiyi yerlərin təşnəliyinə dalır, Həcc gözəlliklərini duyub yaşamağa, bütün yaşananların bir parçası olmağa can atır. Amma bu kitabda biz sadəcə, seyrçiyik. Zəvvar isə onlardır. Səkkiz yolçu - yazıçı Mirmehdi Ağaoğlu, "Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov və digər altı nəfər."Bu vüsalə yuxu əhvalı demək mümkün idi"...Amma Mirmehdi Ağaoğlu yuxu hüdudlarından kənar dünyadan söz açır."Həcc gündəliyi" Mirmehdi Ağaoğlunun metafizik düşüncələrinin obrazıdır, Romen Rollanın ifadəsi ilə desək, "ruhunun bioqrafiyası"dır. Amma həm də yaradıcı bir aktdır, bədii ifadə resurslarının gerçəkləşdiyi məkandır, yaşam, maraq təcrübəsinin qeydə alınmasıdır. Bəzi məqamlarda isə publisistik yanaşma və təhkiyənin sərhədlərini aşıb nəsr formasına çevrilməsidir. İki həftəlik Həcc ziyarəti zamanı baş verən vaqeələr, çətinlik və yorğunluqlar, sevgi və həsrət, maraq və heyrət - bütün bu yaşantılar düzümü kitabın süjetini oxunaqlı edən nüanslarla yadda qalır. Amma önəmli olan əsas çalar o müqəddəs torpaqlardakı bütün incəliklərin arxasında dayanan hekayətlərlə motivlənməsidir.Ziyarətin gedişatında, müəllif təsvirlərində həm də tarixin o üzündə qalan -həqiqətmi, əfsanəmi, sualmı, nidamı - hadisələrin mübhəmliyi dayanır. Mirmehdi Ağaoğlunun sakral-mənəvi dünyası ilə bədii təxəyyülü, iman və inancı birləşərək bizim üçün bir az sirli, bir az örnək kimi görünən tarixi şəxsiyyətlərlə ruhsal əlaqə saxlamaq imkanı və zikr feyzi qazandırır.Bütün təsvirlər boyu duymaq çətin olmur: Mirmehdi Ağaoğlu boynuna ağır missiya görürüb. O, ziyarət çətinliyi və gözəlliyi içrə bütün mərhələləri addım-addım keçməli, həm də o mərhələlərin içində varlığına hopmuş iman işığını oxucularla bölüşmək üçün yaşantılarını modelləşdirməli, Rolan Bartın təbirincə desək, dil maşınını "işə salmalıdır".Mirmehdi Ağaoğlu ziyarət etdiyi hər məkanla bağlı onun arxasında dayanan tarixi nəql etməklə oxucunun diqqətini dini əhvalatlar şəbəkəsinə qoşur. Bu üsul kitabı daha magik, ezoterik mətnə çevirir. Onun siqlətini estetik baxımdan tamamlamaqla yanaşı, mistik mənalar məkanını genişləndirir. Ona görə "Həcc gündəliyi" yalnız müqəddəs yolçuluq haqqında, insanın duyum və düşüncələri ilə bağlı təsəvvürlər mənbəyi deyil, həm də sakral mətndir. Məsələn, bildiyimiz Ərəfatla bağlı kimlər nələr yazıb? Yaddaşımı tərpədib bir neçəsini xatırlamağa çalışıram.XVII yüzildə şair Nabi "Tuhfətul Harameyn" kitabında Ərəfatdakı möhtəşəm səs kütləsindən - üstünə qadınların əyləşdiyi alov süslü dişi dəvələrin bağırtısından, at kişnərtilərindən, zınqırov səslərindən, dərdli aşiqlərin iniltisindən bəhs edirdi.Qazalinin düşüncəsinə görə dünyanın hər yerindən gələn insanların Ərəfatda durub, ayrı-ayrı dillərdə dua etməsi Ərəsətə bənzədilir ki, Qiyamət günündə bütün insanlar bu meydanda toplanıb, eynilə belə - qəbul ilə rədd arasında tərəddüd edib duracaqlar.Hz. İbrahim Hacəri və İsmayılı tərk edib gedəndən sonra onları ilk dəfə Ərəfatda görüb.Ər Razi bildirir ki, "Hz. İbrahim daha öncədən bildiyi sifət və xüsusiyyətlərinə baxaraq Ərəfatı görən kimi, oranı dərhal tanıdığı üçün buraya Ərəfat demişdir".Mirmehdi Ağaoğlunun da Ərəfatla bağlı təsvirləri maraq və həyəcanla oxunur: "Ərəfat Məkkə yaxınlığında dağın və onun ətrafındakı düzün adıdır. Həcc ziyarəti buradan başlayır. Bir rəvayətə görə, Adəm babamızla Həvva nənəmiz Yer üzünə qovulduqdan sonra Ərəfatda qovuşublar, digər rəvayətə görə yaxınlıqdakı Müzdələfədə. Məhəmməd peyğəmbər vida xütbəsini də Ərəfatda söyləyib. Zilhiccə ayının 8-i bura gəlməyə başlayan zəvvarlar, 9-u günortadan axşam qürub edənə qədər burada vüquf edirlər, yəni qalırlar. ... Zəvvarlara bunca məhrumiyyət dolu yolu qət etdirən, bu yolda hər cür məşəqqətə dözməyə vadar edən qüvvə nədir? Əlbəttə iman, Allah eşqi. O eşq ki, səhrada susuz dolaşmağı da gözə aldırır. O eşq ki, zəvvarı məcnun edib çöllərə salır. Həcc vaxtı milyonlarla aşiq Ərəfatda, Müzdəlifədə, Minada bir yerə cəm olur. Bütün günü Məkkə üzərində uçuşan əbabil helikopterlərdən baxsan, sanarsan nəhəng qarışqa kaloniyası öz yuvası ətrafında qaynaşır".Amma kitabda Ərəfatla bağlı təəssüratlar dalğası bizim üçün həm də 44 günlük müharibədən sonra qazandığımız Zəfərimizə verilən dəyərin ölçüsü, miqyası ilə yadda qalır: "Axşamüstü bütün hotel heyəti ilə birlikdə Ərəfata gəlmişik. ... Zəvvarlar iki bir, üç bir, beş bir topalaşıb söhbət edirlər, bir-birləri ilə tanış olurlar. Türkiyədən gələn zəvvar qardaşlarımızla - Ercan bəylə, Faruk abiylə, Habibi Muhammed xocayla hoteldən tanışıq. Hər dəfə bizi görəndə üzləri bahar ağacları kimi təbəssümlə çiçəklənir, söhbət, əlbəttə, hansısa şəkildə gəlib 44 günlük müharibəyə söykənir. Burada hamının qibtə obyektiyik, təkcə türkiyəli arkadaşlarımız yox, elə qazaxlar da, qırğızlar da, özbəklər də, taciklər də bizi alqışlayır. Bizimlə birlikdə sevinirlər". Məscidül-haram, Aişə məscidi, Səfa-Mərva təpələri, Ərəfat, Müzdəlifə, Mina, vadiləri, Mədinə torpağı, Məscidül-nəbəvi, Hücrəyi-səadət, Bəqi qəbiristanlığı, Uhud dağı və s. Müəllif üçün bütün bunlar tarixi yaddaşın gizli canlı işarələridir. Mirmehdi Ağaoğlunun qələmində bu müqəddəs məkanların topoqrafiyası mifoloji mənalarla, mistik aura ilə doludur. İnsanların fərqli davranışından tutmuş, özüməxsus görünüş, təsvir ansamblına qədər hər şey yazıçının müşahidə predmetinə daxildir. Amma ən gözəl olanı nədir? Bütün bu yolçuluq yorğunluğu içində inam və sevginin qorunması! Müəllif Məkkənin landşaftını bütün nüans və təfərrüatları təsvir edəndə də, ayaq basdıqları hər ərazinin arxasında dayanan tarixi fonu səciyyələndirəndə də, özünün təəccüb və heyrət nidası, Əflatun Amaşovun replika və zarafatları ilə süslənmiş dialoqunu mətnin içinə ayrılmaz bənd kimi yerləşdirəndə də sanki başqa dünyanı vizuallaşdırır və bu başqa, mistik dünyanın mərkəzi İnam və Sevgidir! Bu iki hiss əsərin ovqat süjetini təşkil edir."Həcc ziyarəti ömür səmamda qəfil ildırım kimi çaxıb onu ikiyə böldü. Bundan sonrakı həyatıma necə təsir göstərəcək?" Bu ritorik sual bəlkə də İslam peyğəmbərinin əbədi uyuduğu müqəddəs məkanı ziyarət edən hər kəsin içində dövr edib, etməkdədir... Yəqin hikmət də elə bundadır: ruhun qutsallaşmasına yol açmasında, əməllərə məzmun və anlam aşılamasında! Bəlkə də bu məsuliyyətin mistik məna enerjisi sonda insanın tale və ömür yolunun proyeksiyasına çevrilir.

Çində yeni dinozavr növü aşkar edildi

"Babək" adlı tarixi povest yazan mücahid - Nofəl Tahirzadəni sovet DTK-sı qətlə yetirib?

Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
kulis.az

1Источники