RU

Azərbaycanın inkişaf yolunun başlanğıcı “Əsrin müqaviləsi”

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

“Əsrin müqaviləsi” – Azərbaycanın siyasi suverenliyinin və beynəlxalq nüfuzunun möhkəm təməlidir

Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi ilk illər həm siyasi, həm də iqtisadi baxımdan son dərəcə mürəkkəb və gərgin bir dövr idi. 1991-ci ildə yenidən müstəqillik qazanan ölkə, keçmiş SSRİ-dən miras qalan ağır sosial-iqtisadi böhran, sənaye və kənd təsərrüfatının iflic vəziyyəti, maliyyə sisteminin dağılması kimi problemlərlə üzləşdi. Bütün bunlara əlavə olaraq, ölkədə separatizm meyilləri güclənmiş, siyasi sabitlik pozulmuş, hakimiyyət böhranı yaranmış və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində torpaqların böyük bir hissəsi işğal olunmuşdu. Belə bir şəraitdə dövlətçiliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün həm daxildə, həm də beynəlxalq səviyyədə çevik və prinsipial siyasətə böyük ehtiyac var idi.

Bu ağır şərtlər altında Azərbaycanın enerji resursları üzərində sərbəst və milli maraqlara əsaslanan qərarlar qəbul etməsi dövlətin gələcək taleyi üçün həlledici əhəmiyyət kəsb edirdi. Enerji amili yalnız iqtisadi deyil, həm də siyasi və geostrateji güc faktoru kimi çıxış edirdi. Məhz bu kontekstdə, 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi.

Bu müqavilə yalnız neft hasilatı və ixracını nəzərdə tutan iqtisadi razılaşma deyildi. Əslində, o, Azərbaycanın suveren hüquqlarının bərpası və beynəlxalq aləmdə müstəqil aktor kimi tanınması istiqamətində atılmış prinsipial və strateji bir addım idi. Müqavilənin imzalanması ilə Azərbaycan bir daha bəyan etdi ki, onun təbii sərvətləri yalnız Azərbaycan xalqına məxsusdur və bu sərvətlərin istismarı yalnız ölkənin milli maraqları çərçivəsində həyata keçiriləcək.

Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalandığı dövrdə Azərbaycan beynəlxalq miqyasda kifayət qədər tanınmırdı. Siyasi arenada isə təcrübəsiz və qeyri-stabil ölkə kimi qəbul olunurdu. Xarici siyasətdə passiv iştirakçı olan Azərbaycanın bu mühüm müqaviləyə imza atması, onun beynəlxalq münasibətlər sistemində fəal və müstəqil aktora çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bu müqavilə ilə Azərbaycan ilk dəfə dünyaya göstərdi ki, siyasi qərarların qəbulunda tam suveren, prinsipial və milli maraqlara əsaslanan mövqe nümayiş etdirən dövlətdir.

Müqavilənin imzalanması və icrasına başlanması bir daha sübut etdi ki, Azərbaycan yalnız iqtisadi deyil, eyni zamanda siyasi cəhətdən də müstəqil addımlar ata bilən və bu addımları uğurla reallaşdırmaq gücündədir. Bu, həmçinin Azərbaycan dövlətinin gələcəyə yönəlik strateji baxışa malik olduğunu və daxili siyasi çətinliklərə, xarici təzyiqlərə baxmayaraq, milli maraqları önəm verdiyini göstərdi.

O dövrdə Xəzər dənizinin hüquqi statusunun hələ də müəyyən olunmaması və bu səbəbdən enerji ehtiyatlarının bölüşdürülməsi ilə bağlı regional rəqabətin kəskin xarakter alması vəziyyəti daha da mürəkkəbləşdirirdi. İran və Rusiya kimi region dövlətlərinin “Əsrin müqaviləsi”nin imzalanmasına açıq və dolayı yollarla təzyiq göstərməsi Azərbaycanın qərarvermə müstəqilliyini ciddi şəkildə sınağa çəkirdi. Bu təzyiqlərə rəğmən, Azərbaycanın müqaviləni imzalaması və ona sadiq qalması əsl siyasi qətiyyət, strateji düşüncə və milli maraqlara sarsılmaz sadiqlik idi.

Azərbaycanın bu təzyiqlərə boyun əyməməsi, enerji resursları üzərində tam suveren hüquqlarını qoruyub saxlaması və bu hüquqları reallaşdırmaq istiqamətində konkret addımlar atması ölkənin siyasi müstəqilliyinin formal deyil, real məzmun daşıdığını nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin həmin dövrdə səsləndirdiyi “Azərbaycanın təbii sərvətləri yalnız Azərbaycan xalqına məxsusdur” fikri bu prinsipial mövqenin əsas fəlsəfi və siyasi təməlini təşkil etdi. Bu tezis həm ölkə daxilində ictimai dəstəyi təmin etdi, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın enerji siyasətindəki suveren və qətiyyətli mövqeyini açıq şəkildə nümayiş etdi.

“Əsrin müqaviləsi” beynəlxalq hüquq müstəvisində də Azərbaycanın siyasi legitimliyini gücləndirən hadisə oldu. Bu sənəd Azərbaycanı ilk dəfə beynəlxalq hüquqi müstəvidə aparıcı dövlətlərin iqtisadi və siyasi münasibətlər sisteminə cəlb etdi. Müqavilənin imzalanma mərasimində iştirak edən yüksək səviyyəli diplomatik nümayəndə heyətləri Azərbaycanın beynəlxalq aləmdə müstəqil və etibarlı tərəfdaş kimi tanınmasının rəsmi təsdiqi idi. Bu hadisə Azərbaycanın beynəlxalq münasibətlərdə subyekt statusunu təsdiqlədi və ölkənin dünya siyasətində rolunun artmasına zəmin yaratdı. Ölkəmizin diplomatik əlaqələrinin coğrafiyası genişləndi, çoxvektorlu xarici siyasət yürütmək üçün əlverişli imkanlar yarandı. Azərbaycan ilk dəfə idi ki, öz suverenliyini beynəlxalq miqyasda praktiki vasitələrlə təsdiq etmiş olurdu.

“Əsrin müqaviləsi” nəticəsində Azərbaycan yalnız neft ixrac edən ölkəyə çevrilmədi. O, həm də enerji siyasəti ilə geosiyasi nizamı formalaşdıran bir aktora çevrildi. Müqavilənin ardınca Bakı–Novorossiysk, Bakı–Supsa və xüsusilə Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərlərinin inşası ölkənin geosiyasi çəkisini  artırdı. Bu boru kəmərləri vasitəsilə Azərbaycan təkcə enerji ixracına nail olmadı, həm də qərb və şərq, şimal və cənub arasında yerləşən regional enerji tranziti və təhlükəsizlik təminatçısı rolunu oynamağa başladı.

BTC neft kəməri ilə Azərbaycan öz məhsulunu Rusiyadan və İrandan yan keçərək dünya bazarına çıxardı və özünün geopolitik neytrallığını qorumaqla, böyük güclər arasında balans siyasəti yürütmək bacarığını nümayiş etdirdi. Bu, Azərbaycanın gələcək onilliklərdə apardığı uğurlu xarici siyasətin təməlinə çevrildi.

“Əsrin müqaviləsi”nin siyasi əhəmiyyəti yalnız xarici arenada deyil, ölkənin daxili siyasi həyatında da öz əksini tapdı. Müqavilə imzalanana qədər ölkə daxilində siyasi qeyri-sabitlik, iqtisadi iflic, dövlət institutlarının zəifliyi və sosial gərginlik hökm sürürdü. Lakin bu müqavilə dövlətə iqtisadi və siyasi güvən qazandırmaqla, ölkədə sabitliyin və hüquqi dövlətçiliyin bərqərar olunmasına şərait yaratdı. Xarici sərmayələrin ölkəyə axını iqtisadiyyatın dirçəlməsinə, əhalinin rifahının yüksəlməsinə təkan verdi. “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın enerji ehtiyatlarına beynəlxalq marağın artması nəticəsində neft-qaz sektoruna milyardlarla dollar həcmində sərmayələr qoyuldu. Bu sərmayələr birbaşa olaraq sənaye, nəqliyyat, tikinti və xidmət sahələrinin inkişafına səbəb oldu, ölkənin ümumi daxili məhsulunun artmasına və maliyyə sabitliyinin güclənməsinə şərait yaratdı.

Yeni müəssisələrin və istehsal sahələrinin yaradılması minlərlə insan üçün iş imkanları açdı. Bununla yanaşı, dövlətin büdcə gəlirləri artdı və bu vəsait hesabına sosial layihələrin, məktəb, xəstəxana və digər infrastruktur obyektlərinin tikintisi genişləndi. Əhalinin rifah səviyyəsinin yüksəlməsi, sosial xidmətlərə çıxışın genişlənməsi və həyat şəraitinin yaxşılaşması nəticə etibarilə ictimai sabitliyin və milli həmrəyliyin daha da möhkəmlənməsinə səbəb oldu. Beləliklə, xarici sərmayələr təkcə iqtisadi deyil, həm də sosial və siyasi sahələrdə ölkənin dayanıqlı inkişafına töhfə verdi.

Nəticədə, Azərbaycan cəmiyyətində dövlətə olan inam gücləndi, siyasi qarşıdurmalar aradan qalxdı, iqtisadi inkişaf milli birliyin əsas faktoruna çevrildi. “Əsrin müqaviləsi” Azərbaycan xalqının öz gələcəyinə və müstəqil dövlətinə olan inamını bərpa etdi.

Bu müqavilənin davamı olaraq həyata keçirilən “Şahdəniz” qaz layihəsi və Bakı–Tbilisi–Ərzurum qaz kəməri Azərbaycanı beynəlxalq qaz bazarında da mühüm oyunçuya çevirdi. Bu layihələr Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin əsasını qoydu. Xüsusilə son illərdə Avropa ölkələrinin enerji təhlükəsizliyinə dair siyasətində Azərbaycan mühüm tərəfdaş kimi qəbul edilir. Beləliklə, “Əsrin müqaviləsi” yalnız Azərbaycanı deyil, bütün regionu enerji təhlükəsizliyi baxımından yenidən dizayn etdi.

Bütün bu reallıqlar bir daha sübut edir ki, “Əsrin müqaviləsi” sadəcə bir neft layihəsi deyil, Azərbaycanın siyasi suverenliyinin, müstəqilliyinin, beynəlxalq nüfuzunun və dövlətçilik ənənələrinin möhkəmlənməsində tarixi rol oynamış strateji sənəddir. Bu müqavilə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, xalqına və dövlətinə sonsuz inamının, gələcəyi düşünərək atdığı qətiyyətli addımların real nəticəsidir.

Pünhan ƏfəndiyevXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
xalqqazeti.az

2Источники