RU

Suraxanıda “Suverenliyin gücü, neftçinin əməyi” adlı tədbir keçirildi - FOTO

BAKI, 19 sentyabr. TELEQRAF

Sentyabrın 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 sentyabr Dövlət Suverenliyi Günü və Neftçilər günü münasibətilə“Suverenliyin gücü, neftçinin əməyi” adlı tədbir keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, rayonda fəaliyyət göstərən neft və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndərin Əmircan qəsəbəsi, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib və videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev qonaqları salamlayaraq bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi ilə milli sərvətimiz olan neftin tarixi hər zaman bir-biri ilə sıx bağlı olub. O, qeyd edib ki, xalqımız böyük çətinliklər bahasına öz dövlət müstəqilliyini qoruyub saxlamış və bu gün onu daha da möhkəmləndirərək gələcəyə daşıyır. Neftçilərin əməyinin suverenliyimizin iqtisadi dayağı olduğunu diqqətə çatdıran RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinə sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir. A.Əliyev qeyd edib ki, Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən siyasəti bu gün ölkəmiz və region üçün böyük fayda verir.

Tədbirdə çıxış edən Suraxanı Maşınqayırma Zavodu ASC-nin İdarə Heyətinin sədri Vahid Mahmudov,Suraxanı Oyl Əməliyyat Şirkəti 2 saylı Neft Qaz Çıxarma Sahəsinin geoloji işlər üzrə rəis müavini Murad Sarıbalayev Ulu Öndər Heydər Əliyevin ökəmizi böyük inkişaf yoluna çıxarmış neft və qaz strategiyasının bu gün prezident cənab İlham Əliyevin iradəsi və müdrikliyi sayəsində yüksəldiyini, iqtisadi və siyasi müstəqilliyimizin möhkəmlənməsində aparıcı rol oynadığını qeyd edib və göstərilən diqqətə görə təşəkkür ediblər.

Sonda rayonun neft və sənaye müəssisələrinin bir qrup əməkdaşı rayonun sosial-iqtisadi inkişafında fəal iştirakına görə RİHB-nin Fəxri Fərmanları ilə təltif edilib.

Избранный
24
3
teleqraf.com

4Источники