RU

Qarabağ inkişafa doğru: Antiterror əməliyyatları yeni dövrün başlanğıcı oldu – ÖZƏL

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirlərinə başladı. Cəmi 24 saat davam edən əməliyyat nəticəsində separatçı silahlı birləşmələr təslim oldu və Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu əməliyyat ölkəmizin tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir - dövlətçilik və ərazi bütövlüyümüzün möhkəmlənməsinin simvolu oldu.

Mövzu ilə bağlı hərbi jurnalist Anar Şuşalı Olaylar.az-a açıqlama verib: 

10 noyabr 2020 bəyanatından sonra Xankəndi, Xocalı, Ağdərə kimi ərazilərdə qondarma "müqavimət ocaqları" qalmaqda idi. 23 saatlıq əməliyyatla separatçıların təslim olması Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədləri üzərində tam nəzarəti bərpa etdi. Bu, həm ölkədaxili sabitlik, həm də dövlət idarəçiliyi baxımından dönüş nöqtəsi oldu.

Regional güc balansında üstün mövqe

Ermənistanın "Dağlıq Qarabağ kartı" tamamilə sıradan çıxdı. Azərbaycan regionun əsas hərbi-siyasi gücü statusunu daha da möhkəmləndirdi. Bakı bir daha göstərdi və sübut etdi ki, Qafqazda əsas söz sahibidir, beynəlxalq güclər də bu faktı qəbul etmək məcburiyyətindədirlər.

Türkiyə-Azərbaycan tandemi gücləndi

Əməliyyat göstərdi ki, Ankara ilə Bakı arasındakı "bir millət, iki dövlət" strategiyası təkcə şüar deyil, real güc amilidir. Bu ittifaq həm regionda Qərbin, həm də Rusiyanın siyasətlərinə təsir imkanlarını artırdı. 
Lokal xarakterli antiterror əməliyatı bir növ həm də Qafqazda Rusiya faktorunu zəifləməsinə gətirib çıxartmaqla separatçılar üzərindəki Rusiya təsirini sıfırladı. Beləliklə Qarabağdakı rus "sülhməramlılarının" fəaliyyəti mənasız hala gəldi və 2024-cü ildə bölgəni tərk etdilər. Beləliklə, Azərbaycan öz torpaqlarında üçüncü tərəfin hərbi varlığına son qoydu.

Kommunikasiya və enerji layihələrində üstünlük

Azərbaycan indi Zəngəzur dəhlizi ideyasını daha güclü əsaslarla gündəmə gətirə bilir. Bakı-Tbilisi-Ceyhan, TANAP və Zəngəzur istiqamətində planlaşdırılan yeni layihələr Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunu artırır.

Hərbi ekspert açıqlamasında Qarabağın gələcək inkişaf perspektivlərini də qeyd edib:

Böyük Qayıdış və demoqrafik sabitlik

Artıq minlərlə ailə Xocalı, Ağdərə, Laçın və digər bölgələrə köçürülür. Bu, həm sosial-mədəni mühitin bərpasına, həm də bölgədə uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.

İqtisadi potensial

Qarabağ zəngin su, enerji və kənd təsərrüfatı resurslarına malikdir. Ağdamda sənaye parkı, Şuşa və Kəlbəcərdə turizm layihələri, Füzulidə hava limanı, bunlar bölgəni regional inkişaf mərkəzinə çevirəcək. Qarabağın bərpası Azərbaycanın ÜDM artımına yeni stimul verəcək.

Nəqliyyat və logistika qovşağı

Füzuli, Zəngilan, Laçın aeroportları regionun beynəlxalq əlaqələrini genişləndirəcək. Zəngəzur dəhlizi açılsa, Qarabağ Orta Asiya ilə Türkiyə arasında əsas tranzit körpüsü olacaq.

Mədəniyyət və ideoloji məna

Qarabağın inkişafı təkcə iqtisadi deyil, həm də mənəvi simvoldur. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi dirçəlir, Xocalı soyqırımı qurbanlarının xatirəsi əbədiləşdirilir. Bu, milli birliyi gücləndirən ən mühüm amillərdən biridir.

Regional sabitlik və yeni əməkdaşlıq imkanları

Qarabağ həm də regional əməkdaşlıq məkanına çevrilir. Azərbaycan, Türkiyə, Gürcüstan, Mərkəzi Asiya dövlətləri arasında iqtisadi inteqrasiya dərinləşəcək.
Nəticə olaraq onu deyə bilərəm ki,  19 sentyabr 2023 əməliyyatı Azərbaycan üçün sadəcə hərbi qələbə deyildi bu, dövlətçilik tarixində yeni mərhələ oldu. Azərbaycan suverenliyini tam bərpa etdi, geosiyasi gücünü möhkəmləndirdi. Qarabağ isə yaxın illərdə həm iqtisadi, həm də mədəni baxımdan dirçəliş və inkişaf mərkəzinə çevriləcək.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
29
olaylar.az

1Источники