RU

7 uşağı məktəbə yola salan ata: "Bunlar yoxdursa, Avropada yaşasan da, narazı qalacaqsan" - Müsahibə - FOTO

Yeni tədris ili başlayarkən sosial şəbəkələrdə diqqətçəkən bir foto yayıldı. Kadrlarda bir ailənin 6 övladının eyni gündə məktəbə yola salınması əks olunmuşdu. Bu qeyri-adi mənzərə Zərdab rayonunun Sarıqaya kəndinə məxsusdur. Burada yaşayan fiziki tərbiyə müəllimi Amil Mustafayev bu il 6 övladını məktəbə aparıb.

Ailənin ən kiçik üzvü isə hələ bağçaya gedir. Beləliklə, Mustafayevlər ailəsi 7 uşaqla kəndin ən çoxuşaqlı ailələrindən biridir.

Müasir dövrdə əksər ailələrin bir və ya iki uşaqla kifayətləndiyi bir zamanda yeddi övlad böyütmək, onları təhsilə yönləndirmək əsl möcüzə və fədakarlıq nümunəsidir.

Musavat.com fədakar ata olan Amil Mustafayevlə söhbətləşib.

A.Mustafayev bildirib ki, çoxuşaqlılıq onun arzusu olub və özü də çoxuşaqlı ailədə böyüyüb:

- 41 yaşım var. Həm həyat yoldaşım Sevda xanım, həm də mən müəllim kimi çalışırıq. Xanımım xanəndəlik üzrə dərs deyir. Biz ailədə 8 qardaş, 5 bacı olmuşuq. Onlardan ikisi rəhmətə gedib, on birimiz sağıq. 7 uşağımızın olmasına çox sevinirik, sağlam balalarımız var. Tərbiyəlidirlər, dərslərini yaxşı oxuyurlar. Ən kiçik övladımın 3, ən böyüyünün isə 13 yaşı var. 4 qızım, 3 oğlum var.

- 7 uşağı saxlamaq, qayğılarına qalmaq çətin deyil ki?

- Adam var ki, bir uşaqla da dolana bilmir. İnsanlarda işdən qorxmaq, tənbəllik var. Mənim uşaqlarım doğulanda heç sosial müavinət də almamışıq. Həm məktəbdə dərs deyirəm, həm də təsərrüfatla məşğul oluram. Torpaqda əkirəm, becərirəm. Yoldaşım da işləyir. Heç bir narahatlığımız yoxdur. Bütün qayğıların öhdəsindən gəlirəm. Kənddə şəhərə nisbətən xərclər də bir az olur. Toyuğumuz, yumurtamız öz təsərrüfatımızdan gəlir. İnəklərimiz var, ətindən yeyirik.

- Bəs deyirlər, müəllim maaşı ilə ailə dolandırmaq çətindir?

- Adam var ki, müəllim maaşı ilə dolanır, adam da var ki, dolana bilmir. İnsan var ki, 3 min manat maaş alır, amma yenə də kasıbdır. Pulu planlı şəkildə xərcləməsən, nə qədər gəlirin olsa da, çatmayacaq. Bizim ailədə planlama var, gəlirlərimizlə xərclərimizi uyğunlaşdırırıq. Ona görə də çətinlik olmur.

- Həm xanımınız, həm də siz çalışırsınız. Uşaqları böyütməyə necə vaxt tapdınız?

- Bizə heç kim kömək etmədi. Yoldaşım analıq məzuniyyətinə çıxdı, sonra da uşaqları bağçaya qoyduq. Hətta yoldaşım anama da baxır. Sadəcə olaraq hamımız nizamlı şəkildə yaşayırıq, xaotik hərəkət yoxdur. Səhər dururuq, uşaqlar məktəbə, bağçaya gedirlər. Mən dərsə kimi təsərrüfatla məşğul oluram. Bir axsamamız yoxdur. Geyimlərimiz, qidalanmağımız, sağlamlığımız hər şey qaydasındadır. Hər il uşaqları müayinəyə aparıram.

Mən evlənən gənclərə səbr diləyirəm. Ailədə tərəf müqabilini gərək düzgün seçəsən. Doğru qərarlar verəsən.

- Özünüz dediniz ki, şəhərdə xərclər çoxdur, kənddəki kimi o qədər də asan deyil...

- Şərait baxımından kənddə yaşamaq o qədər də asan deyil. Kənddə yollar pisdir. Yağış yağan kimi hər yer palçıq olur, gediş-gəliş çətinləşir. Uşağın torpaqdan, palçıqdan üstü tez batır. Dərsdən sonra müəllim yanına, dərnəklərə gedəndə uşaqlar palçığa girməli olurlar. Lakin bütün bunların öhdəsindən gəlməyi bacarırıq. Bu da istəklə, sevgi və səbrlə bağlıdır. Mən uşaqlarımı Azərbaycanın bütün rayonlarına aparmışam. Hətta Qarabağı belə gəzdirmişəm. Sərhədlər açılsa, xarici ölkələri də gəzdirəcəyəm. Bir ailədə sevgi və səbr varsa, dünyanın paytaxtı sənin ayağının altında deməkdir. Bunlar yoxdursa, Avropada yaşasan da, narazı qalacaqsan.

Uşaqlarımın hamısına ali təhsil verəcəyəm, seçimləri ilə barışacağam. Hamısına demişəm ki, atanız sizin arxanızdadır. Yetər ki, siz də ağıllı uşaqlar olun. Dərsdə də fəaldırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
28
3
milli.az

4Источники