Sığorta bazarında son zamanlar canlanma müşahidə olunur. Amma bu canlanma nədənsə daşınmaz əmlak bazarına çox az təsir edir. Təsadüfi deyil ki, daşınmaz əmlakın həm icbari, həm də kasko sığortasına maraq azdır. Halbuki baş verən yanğınlar zamanı daşınmaz əmlak sahibləri çox böyük ölçüdə ziyan görüblər.
Lakin sığorta olmadığı üçün dəymiş ziyanı heç kim qarşılamır.
Ümumiyyətlə, daşınmaz əmlakın sığortasına ilk dövrlərdə bütün dünyada maraq az olub. Bu marağı gücləndirmək üçün bəzi ölkələri innovativ metodlardan istifadə edirlər.
Məsələn 1999-cu ildə Türkiyənin Düzcə vilayətində böyük zəlzələ baş verdi. 18 mindən çox insan həyatını itirdi. Türkiyə dövlət büdcədən böyük miqdarda pullar ayırdı və sonradan “doğal afet sığortası” adlanan icbari sığorta tətbiq edildi.
Bu vətəndaşlar üçün məcburi idi.
Onlar hər ay təbii fəlakət sığortası ödədilər və bunu rəsmiləşdirməyə başladılar. Həmin ödənişlər kommunal xidmətlər, vergi ödənişləri kimi tamamilə şəffaf, çek vasitəsilə rəsmiləşdirilərək həyata keçirilirdi. Vətəndaş “doğal afet sığortası”nı ödəməsə, işığın, qazın verilişi bərpa olunmur. Ona görə də sakinlər sığorta ödənişlərində daha məsuliyyətli davranırlar.
Bəs Türkiyə təcrübəsini ölkəmizdə də tətbiq etmək olar?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, Azərbaycanda sığorta bazarı əvvəlki dönəmlə müqayisədə son illərdə xeyli formalaşıb:
“İstər icbari, istərsə də kasko sığorta sahəsində böyük uğurlar var. Sığorta bazarının bütün seqmentləri üzrə irəliləyişi açıq şəkildə görmək olur. Təkmilləşmə bu gün də davam edir.
Təbii ki, təkmilləşmə getdikcə bütün sığorta məhsulları üzrə uğurlu beynəlxalq layihələrdən də istifadə olunacaq. Bu mənada Türkiyədəki daşınmaz əmlakın sığortası üzrə təcrübə də çox maraqlıdır. Amma düşünmürəm ki, bu ən qısa zamanda baş verəcək. Hər şey zamanla öz həllini tapacaq”.
Surxay Atakişiyev, Bizim.Media