RU

Tarixi Zəfərdən sonrakı reallıq

44 günlük Vətən müharibəsi şanlı tariximizdir. 5 il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 illik işğala son qoydu, tarixi ədalət bərpa edildi. 

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında qələbəmizdən bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir - müharibə olmaya bilərdi. Əgər Ermənistanın rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmazsa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı.

Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına diqqət yetirəndə görürük ki, 10 noyabr 2020-ci ildə imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri, qanunsuz erməni silahlı dəstələri mövcud idi. Halbuki üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, məsələlərin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 2020-ci ildən sonrakı 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul oldular.

 İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövrün bütün xronoloji məqamları Azərbaycanın mövqeyinin  ədalətli olduğunu, beynəlxalq hüquq normalarına əsaslandığını bir daha  təsdiqləyir. Amma Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirdilər. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxardı, hətta əlavə silah-sursat, minalar göndərib ölkəmizə  qarşı mina terrorunu  davam etdirdi. Odur ki, antiterror əməliyyatı qaçılmaz idi. 

Zəfər qazandığımız Vətən müharibəsindən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş verdi.  2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qanunsuz erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu.  Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən Ermənistan digər tərəfdən ölkəmizə qarşı ərazi iddialarından əl çəkmirdi.  Bu vəziyyətdən yalnız antiterror tədbirləri ilə qurtulmaq olardı. 

2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. 

23 saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur oldular. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Azərbaycan dövlət suverenliyini bütün ərazilərində tam bərpa etdi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın  Dövlət Bayrağını ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanından  müraciətində çağırış etdi: "Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Bu gün böyük qürur hissi ilə azad edilmiş bütün torpaqlarımızda Azərbaycan bayrağının dalğalanmasından, ərazilərimizin dirçəlməsindən, soydaşlarımızın qayıdışından bəhs edirik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

Vüqar RƏHİMZADƏ,

Milli Məclisin deputatı

Избранный
10
azerbaijan-news.az

1Источники