RU

Süni intellektin musiqi yaradıcılığı

Onun bəstələri insanlarda heyrət doğurur

Müsahibimiz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Könül Daşdəmirova ilə bu mövzuda söhbətimizi təqdim edirik.

– Süni intellektin musiqi sənayesində tətbiqi yaradıcı prosesləri necə dəyişir?

– Bu gün musiqi sənayesi inqilabi dəyişikliklərin astanasındadır. Süni intellekt musiqinin istehsalı və istehlakı metodlarını əsaslı şəkildə dəyişir. Səsin emalı, musiqi əsərlərinin bəstələnməsi və ifası proseslərində süni intellekt texnologiyalarının tətbiqi musiqi sənayesinin inkişafı üçün yeni imkanlar yaradır. Musiqi süni intellekt vasitəsilə tükənməz tədqiqat mənbəyinə çevrilir. Musiqiçilər yaradıcılıqlarını təkmilləşdirmək üçün süni intellekt əsaslı proqramlar vasitəsilə müxtəlif səslər və üslublarla təcrübə aparır, insanın zehni və bədii fəaliyyətini simulyasiya edərək qısa müddətdə yeni musiqi əsərləri yaradırlar.

– Süni intellektin musiqi sahəsindəki inkişafı hansı mərhələlərdən keçib?

– Süni intellektin musiqiyə tətbiqi əslində yeni hadisə deyil. Bu, ilk dəfə 1957-ci ildə ABŞ-da kompüterdə yaradılmış ilk musiqi parçasının təqdimatı ilə baş verib. Layihəni kompüter proqramlaşdırması vasitəsilə ilk bəstələyən musiqiçi bəstəkar Lejaren Hillier və riyaziyyatçı Leonard İsaakson birgə həyata keçiriblər.

Bu sahədə növbəti önəmli addım 1960-cı ildə atılıb. Sovet tədqiqatçısı Rudolf Zaripov “Ural-1” kompüterindən istifadə edərək alqoritmik musiqi kompozisiyası mövzusunda dünyada ilk elmi məqalə yazıb. Bu məqalə kompüterlərin yaradıcı potensialının elmi cəhətdən tədqiqinə başlamaq üçün əsas olub.

1965-ci ildə isə amerikalı ixtiraçı Raymond Kurzveil musiqi nümunələrini tanıyan və onların əsasında yeni kompozisiyalar sintez edə bilən proqram hazırlayıb. Proqram ilk dəfə “Mənim bir sirrim var” adlı televiziya şousunda ictimaiyyətə təqdim olunub və böyük maraq doğurub.

1983-cü ildə isə Yaponiyanın məşhur “Yamaha” şirkəti Kansei adlı musiqi sistemi yaratdı. Sistem sadə melodiyaların transkripsiyasını həyata keçirmək üçün süni intellekt metodlarından istifadə edirdi. Onun inkişafı barədə 1989-cu ildə ətraflı məqalə yayımlandı. Buna baxmayaraq, mürəkkəb melodiyaların dəqiq transkripsiyası bu gün belə süni intellekt üçün çətinlik yaradan məsələlərdən biridir.

1997-ci ildə ABŞ-da hazırlanan “Experiments in Musical Intelligence (EMI)” adlı süni intellekt proqramı İ.S.Bax üslubunda musiqi bəstələdi. Bu proqram daha sonra “Emily Howell” adlı daha mürəkkəb və yaradıcı imkanlara sahib yeni bir proqramın yaranmasına da səbəb oldu.

2002-ci ildə Parisdə “Sony” Kompüter Elmləri Laboratoriyasında fransız bəstəkar Fransua Paşenin rəhbərlik etdiyi komanda tərəfindən “Continuator” adlı unikal alqoritm yaradıldı. Belə ki, sistem canlı musiqi dayandıqdan sonra ifanı davam etdirə bilirdi. Bu, süni intellektin musiqi ilə interaktiv münasibət qurmasının ilk nümunələrindən idi.

2019-cu ildə ABŞ-da “Emily Howell” proqramının “From Darkness, Light”, 2012-ci ildə isə “Breathless” adlı albomları nəşr olundu. Bu albomlar süni intellektin artıq yalnız texniki vasitə olmadığını, eyni zamanda bədii yaradıcılıq sahəsində də istifadə edilə biləcəyini göstərdi.

Bir il sonra isə İspaniyanın Malaga Universitetində yalnız səkkiz dəqiqə ərzində müxtəlif musiqi üslublarında tamamilə orijinal və fərdi üsluba malik musiqi əsərləri yaradan “İamus” adlı süni intellekt sistemi ortaya çıxdı.

Texnologiyanın daha da inkişafı nəticəsində 2019-cu ildə Yaponiyada LSTM-GAN adlı metoddan istifadə edilərək süni intellektin mətnlərdən melodiyalar yarada bilməsi üzərində tədqiqat aparıldı. Bu məqsədlə hər birinin öz sözləri və musiqisi olan 12,197 MIDI formatlı mahnıdan ibarət böyük verilənlər bazası quruldu. Tədqiqat göstərdi ki, süni intellekt mətni anlayaraq onun musiqi formasını yarada bilər.

Bu inkişafın praktik tətbiqləri 2023-2024-cü illərdə ABŞ-da özünü göstərməyə başladı. 2023-cü ildə təqdim edilən “Sono AI” və 2024-cü ilin aprelində istifadəyə verilən “Dio” adlı veb-platformalar istifadəçilərə sadə mətni daxil etməklə avtomatik musiqi əsərləri yaratmaq imkanı verdi. Bu texnologiyalar süni intellektin artıq yaradıcılıq prosesinin tamhüquqlu iştirakçısına çevrildiyini nümayiş etdirir.

– Hazırda musiqinin emalı və yaradılması üçün hansı süni intellekt əsaslı proqramlardan istifadə edilir?

– Süni intellektin musiqi sahəsinə inteqrasiyası sürətlə genişlənir və bu istiqamətdə bir sıra proqram təminatları mövcuddur. Bu proqramların əksəriyyəti oxşar funksiyalara malik olsa da onların fərqləndirici cəhətləri əsasən istifadənin ödənişli və ya ödənişsiz olmasıdır. Ödənişli proqramlar adətən daha geniş imkanlar təqdim edir və peşəkar musiqi istehsalçıları üçün nəzərdə tutulur. Digər tərəfdən, ödənişsiz proqramlar başlanğıc səviyyəsində olan istifadəçilər və ya büdcəsi məhdud olan yaradıcı şəxslər üçün daha münasibdir. Baxmayaraq ki, bu proqramlar daha sadə funksiyalarla təchiz olunub, bəzən peşəkar səviyyədə nəticələr əldə etmək də mümkündür.

Ən çox tanınan proqramlardan biri xüsusilə orkestral musiqi, film, oyun və reklam sahəsində fon musiqisi yaratmaq üçün hazırlanan “AIVA”dır. Proqram fərqli janrlarda avtomatik musiqi kompozisiyaları yaradır və eyni zamanda istifadəçiyə mövcud musiqi parçalarını redaktə etmək imkanı verir. Digər məşhur platformalardan biri “Amper Music” isə sadə interfeysi ilə seçilir və əhvali-ruhiyyə, temp və janr seçimi əsasında fərdiləşdirilmiş musiqi yaradır. “Endlesss” daha çox real vaxtda musiqiçilər və qrupların birlikdə işləməsini və eyni anda musiqi istehsalını mümkün edir.

Oyun sahəsində istifadə üçün hazırlanmış “Melodrive” proqramı isə interaktiv və dinamik musiqi yaratmaq qabiliyyətinə malikdir. İstifadəçinin hərəkətlərinə və oyun elementlərinə uyğun olaraq musiqi məzmununu real vaxtda dəyişir.

“Amadeus Code” proqramı isə xüsusilə mahnı yazmaqla məşğul olan musiqiçilər və mahnı müəllifləri üçün nəzərdə tutulub. Süni intellekt tərəfindən yaradılan melodiyalar təklif olunur və istifadəçi bu melodiyalar üzərində istədiyi kimi redaktə apara bilir.

“Boomy” daha çox musiqi təcrübəsi olmayan şəxslər üçün əlverişlidir və bu baxımdan geniş istifadəçi auditoriyasını əhatə edir.

Əgər peşəkar səviyyədə kompozisiya yaratmaq istənilirsə, Orb Composer adlı proqramdan istifadə etmək daha məqsədəuyğundur. Bu proqram istifadəçiyə akkordlar, melodiyalar və harmoniya üzərində tam nəzarət imkanı verir.

Ümumiyyətlə, bu proqramlar insan əməyini əvəz etmək üçün deyil, onu təkmilləşdirmək və dəstəkləmək məqsədi daşıyır. Müxtəlif səviyyələr üçün uyğun olan bu alətlər sayəsində musiqi istehsalı daha da asanlaşır. Süni intellekt texnologiyaları inkişaf etdikcə bu sahədə təklif olunan proqramlar daha da funksional, intuitiv və yaradıcı olacaq, musiqi sənayesində yeni dövrün formalaşmasına təkan verəcək.

– Süni intellektin musiqi sahəsində istifadəsi müəllif hüquqları baxımından problemlər yaratmır ki?

– Süni intellektdən istifadə edərkən hüquq pozuntularının baş verib-verməməsi cəmiyyətdə böyük sual doğurur. Populyar təlim modelləri adətən internetdən götürülmüş böyük verilənlər bazası üzərində hazırlanır və əksəriyyəti müəllif hüquqları ilə qorunur. Təlim məlumatlarının toplanması prosesi müəllif hüquqları ilə qorunan əsərlərin surətlərinin çıxarılması üçün nəzərdə tutulduğundan bu, müəllifin işinin təkrar istehsalına nəzarət etmək hüququnu poza bilər.

ABŞ-da süni intellekt vasitəsilə yaradılan musiqi əsərləri müəllif hüquqları ilə qorunmur. ABŞ Müəllif Hüquqları Agentliyinin müəllif hüquqları idarəetmə təcrübələri toplusunda müəllifliyi bir şəxsə aid olmayan, maşın və ya təsadüfi, avtomatik hərəkət edən sadə bir mexaniki proses tərəfindən yaradılan əsərlər üçün müəllif hüququ verilmir. 2022-ci ilin fevralında ABŞ-ın Müəllif Hüquqlarına Nəzarət Şurası süni intellekt tərəfindən yaradılmış sənət əsərinə müəlliflik hüququ üçün müraciəti rədd etdi. Bu qərar ona əsaslanır ki, müəllif hüquqları iddiasını dəstəkləmək üçün lazım olan insan atributu yoxdur.

Avropa Birliyinin hüquqi bazasında da müəllif hüquqları ilə qorunan əsərlərdə insanın iştirakının vacibliyi vurğulanır. Avropa Birliyinin Əqli Mülkiyyət Təşkilatının və Avropa Birliyi Məhkəməsinin son məhkəmə təcrübəsinə görə, orijinallıq meyarı müəllifin intellektual yaradıcılığı olmasını tələb edir.

Avropa İttifaqının “Horizon 2020” tədqiqat və innovasiya proqramı tərəfindən maliyyələşdirilən “ReCreating Europe” layihəsi musiqi də daxil olmaqla, süni intellekt tərəfindən yaradılan kontentlə bağlı məsələləri araşdırır, hüquqi müəyyənlik və balanslaşdırılmış müdafiəni təmin edir. Elektron musiqi bəstəkarı “AIVA”nın musiqi müəllifləri, bəstəkarları və naşirləri cəmiyyəti olan “SACEM” tərəfindən tanınması musiqi əsərləri sahəsində müəlliflik hüququna dair ənənəvi baxışların əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir. Bu, süni intellekt sistemlərindən istifadə edən sənətçilərə musiqi yaradaraq gəlir əldə etməyə imkan verir.

“Stability AI”, “OpenAI” və “Google” kimi şirkətlər tərəfindən süni intellekt sahəsində əldə edilən son nailiyyətlər süni intellekt vasitəsilə yaradılan musiqi də daxil olmaqla, generativ texnologiyalara qarşı çoxlu sayda müəllif hüquqları ilə bağlı məhkəmə iddiaları ilə nəticələnib. Bu iddialar uğurlu olarsa, süni intellekt texnologiyaların əsasını təşkil edən maşın təlimi modellərinin məlumat mənbələri ictimai sahə ilə məhdudlaşacaq.

– Süni intellektin yaradıcı peşələrə təsiri necə davam edəcək?

– Gələcəkdə yaradıcı peşələrin süni intellektlə daha dərin inteqrasiya olunacağı gözlənilir. Bu, təkcə musiqidə deyil, digər incəsənət sahələrində də yeni ifadə formalarının, janrların və auditoriya ilə qarşılıqlı əlaqənin fərqli yollarının meydana çıxmasına səbəb olacaq. Bu təkamül prosesində uğur isə böyük ölçüdə yaradıcı şəxslərin dəyişikliklərə çevik uyğunlaşmaq, müasir texnologiyaları mənimsəmək və öz ideyalarını bu yeni alətlərlə ifadə etmək bacarığından asılı olacaq.

Yəni süni intellektə yalnız bir alət kimi deyil, həm də yaradıcılıq prosesində tərəfdaş kimi baxmaq lazımdır. İnsanlar bu əməkdaşlıqdan nə qədər ağıllı və yaradıcı şəkildə istifadə etsələr, musiqidə və digər incəsənət sahələrində bir o qədər zəngin, innovativ və emosional dərinliyə malik əsərlər meydana çıxacaq.

– Ətraflı məlumata görə sağ olun.

Müsahibəni yazdı:
Fidan ƏLİYEVA,
XQ

Избранный
11
1
xalqqazeti.az

2Источники