RU

Şəmistan Nəzirlinin qəfil ölümü təfərrüatı: Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü... TƏFƏRRÜAT

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi,  hərbi tarixçi Şəmistan Nəzirli dünən tədbir  üçün getdiyi Qazaxda vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki,  onunla birlikdə tədbirə gedən professor Ədalət Tagirzadə hadisənin təfərrüatını açıqlayıb: "20 sentyabr həyatımın ən həyəcanlı və unudulmaz bir tarixinə çevrildi. Gözlərim önündə Azərbaycanın ən işıqlı ziyalılarından biri – Şəmistan Nəzirli yarım dəqiqənin içində gözlərini əbədi yumdu...

Şəmistan müəllim, BDU-nun professoru Vüqar Qaradağlı, AMEA Əlyazmalar İnstitutunun baş eksperti Hacı Mustafa Əlizadə, İctimai-Siyasi Sənədlər Arxivinin bölmə müdiri Şəhla Abdulla, F.b.Köçərli adına Uşaq Kitabxanasının müdiri Şəhla Qənbərli və mən ADA Universitetinin dəvəti ilə dünən birlikdə mikroavtobusla Qazax şəhərinə yola düşdük, çünki bu gün ADA Universitetinin Qazax Mərkəzi olan Müəllimlər Seminariyasında Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyinə həsr edilmiş tədbirlər silsiləsinin gerçəkləşməsi nəzərdə tutulmuşdu.

Dünən Bakıdan Qazağacan deyə-gülə getdik. Şəmistan müəllim iki ay öncə açıq ürək əməliyyatı keçirdiyini desə də xeyli gümrah görünürdü. Axşam çatdığımız otelin restoranında yemək yeyərkən və bu səhər yemək zamanı da əhvalı tam normal idi. Ancaq oteldən maşınla Müəllimlər Seminariyasına gedəndə yolda dedi ki, gecə, deyəsən, yastıq başımın altından qaçıb, indi boynumu döndərə bilmirəm, gərək bütün bədənimlə dönəm. Ancaq ağrısı yoxdur".

Qrup vaxtından təxminən yarım saat qabaq tədbir keçiriləcək çəkana gedib:

"Tədbirə təşrif buyurmuş başqa dəvətlilərlə birlikdə Müəllimlər Seminariyasına bitişik, ADA Universitetinin əla bərpa elətdirərək Seminariyanın İncəsənət Mərkəzi kimi istifadəyə verdiyi köhnə İsrafil ağa hamamında açılmış, Üzeyir bəy Hacıbəyliyə həsr edilmiş sərgiyə baxdıq. Şəmistan müəllim bu Seminariyanı ürəkdən sevirdi, İsrafil ağanın hamamının ən yüksək səviyyədə bərpası isə onu xeyli sevindirmişdi və burada böyük coşqu ilə eksponatlar haqqında ətrafdakılara bilgi verirdi.

Yeni İncəsənət Mərkəzindəki sərgi ilə tanışlıqdan sonra Seminariyanın içərisinə girdik və bizim heyət üçün ayrılmış özəl yerlərdə yanyana oturduq. Şəmistan müəllimin sağında Vüqar Qaradağlı, solunda Hacı Mustafa əyləşmişdi. Mən də Hacı Mustafa ilə yanaşı oturmuşdum. Şəmistan müəllim yenə danışır, Hacı Mustafaya öz babasının şəklini göstərərək deyirdi ki, babam kişi adam olub, İsrafil ağa vəfat edəndə ona mərsiyə yazıb. Bu sözləri deməsi ilə əlindəki kitabları və şəkilləri düşürməsinin arası heç yarım dəqiqə keçmədi. Yoldaşlarımız kitabları və şəkilləri yerdən götürmək istəyərkən gördülər ki, Şəmistan müəllimin öncə baş tərəfi qaraldı, sonra sifəti göyərdi, üç dəfə xırıltılı nəfəs aldı.

Yoldaşlar nəbzini yoxlayanda və işıq salıb bəbəklərinə baxanda artıq başlarını buladılar, ancaq tədbir iştirakçılarını rahatsız etməmək üçün səs-küy qaldırmadılar. Əslində isətəcili yardım maşını gələndə, o, çoxdan keçinmişdi.  Bu qəfil ölüm ADA Universitetinin rəhbər işçilərini (rektor Hafiz Paşayev hələ gəlməmişdi), özəlliklə bizim heyəti sarsıtdı. Orada olan Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Şəhər Mərkəzi Xəstəxanasına xəstə ilə bağlı hər bir tədbiri görməyi qəti tapşırdı. 

Proqramın başlamasına təxminən beş dəqiqə qalmışdı. Biz orada iştirak edəcək halda deyildik. ADA Universiteti rəhbərliyindən üzr istəyərək Seminariyanı tərk etdik və Mərkəzi Xəstəxanaya getdik. Burada həkimlər ölümü təsdiqlədilər. Kitabxana müdiri Şəhla xanımın halı pisləşdi, onu arxivşünas Şəhla xanımla birgə otelə yolladıq, Vüqar Qaradağlı, Hacı Mustafa və mən xəstəxanada qaldıq. Bu arada içra başçısının göstərişi ilə tez Şəmistan müəllimin qohumları da tapılıb xəstəxanaya gətirildi. Bir azdan icra başçısının özü də işçiləri ilə bərabər gəldi. O, mərhumun üstündə Quran oxumağı təklif etdi. Molla çağırmaq təklif edildikdə yoldaşlarımız özləri oxuyacaqlarını bildirdilər. Beləliklə, görkəmli şərqşünaslar Vüqar Qaradağlı və Hacı Mustafa Əlizadə növbələşərək “Yasin” oxudular. 

İsra başçısı Rəcəb Babaşov “Qazax” Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədovla və başqa önəmli şəxslərlə danışdı, onlar dəfnin Bakıda olacağını və hər cür hazırlığın görüləcəyini bildirdilər. Bundan sonra Rəcəb Babaşovun göstərişi ilə cənazə təcili yardım maşınında Şəmistan müəllimin qohumlarından birinin müşayiəti ilə Bakıya yola salındı.

Qazaxa 6 nəfər gəlmişdik, 5 nəfər döndük...

Sonda bunu bildirmək istəyirəm ki, Şəmistan Nəzirli Allahın ən sevimli bəndəsi imiş – o, ata-anası qədər sevdiyi Qazaxda, vurğunu olduğu Səməd Vurğunun torpağında və hədsiz sevdiyi Firidun bəy və Badisəba Köçərlilərin ruhunu yaşadan Qazax Müəllimlər Seminariyası kimi müqəddəs bir ocaqda və çox sevdiyi insanlar arasında həyatla vidalaşdı, özü də ağrısız-acısız, ağlı ən son anadək üstündə olaraq.

Allah rəhmət eləsin, ruhu şad olsun, inşallah!"

O, Şəmistan Nəzirlinin həyatının ən son şəkillərini də paylaşıb.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
1
cebheinfo.az

2Источники