RU

Kokand şəhərində keçirilən festival çərçivəsində iştirakçı dövlətlərin sərgisi keçirilib

Özbəkistanın Kokand şəhərində Üçüncü Beynəlxalq Xalq Tətbiqi Sənət Festivalı və Beynəlxalq Dulusçuluq Forumu çərçivəsində iştirakçı dövlətlərin sərgisi keçirilib. Tədbirlərdə dünyanın 70 ölkəsindən gələn sənətkarların əl işləri nümayiş etdirilib.  

Sərgidə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrdən gələn qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. 

Tədbirdə ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Bakıdan gələn rəssam Ağasadıq Süleymanov təmsil edib.  

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, AMM-nin özbək dilində Daşkənddə Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı  çap etdirdiyi kitabalr, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, suvenirlər nümayiş etdirilib. Sərgidə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və s. şairlərimizin özbək dilinə tərcümə olunan əsərləri də olub.

Qonşuluqdakı guşədə isə Ağasadıq Süleymanov öz əsərlərini nümayiş etdirib. İştirakçılar şəkərbura, paxlava və digər şirniyyatlarımıza qonaq edilib. 

Xatırladırıq ki, Özbəkistanın Fərqanə vilayətinin iki şəhəri - Kokand ilə Azərbaycanın Şəki şəhəri, Riştan ilə isə İsmayıllı qardaşlaşmış şəhərlərdir. Vaxtaşırı olaraq Özbəkistanın Fərqanə vilayətinin nümayəndələri,  Şəki və İsmayıllı şəhərlərinin təmsilçiləri Fərqanə vilayətində olur, əməkdaşlığı inkişaf etdirirlər. 

İki il əvvəl AMM tərəfindən Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq Muzeyində yaradılan Azərbaycan stendində Azərbaycan xalçası, kəlağayılar, tikmə sənətinə aid işlər, ağac üzərində oyma ilə hazırlanmış əl işləri nümayiş olunur.

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Kokand

 

 

 

 

Избранный
11
1
xalqqazeti.az

2Источники