RU

Azərbaycanın genişlənmiş strateji maraqları

Azərbaycanın

Nurlan UMUDOV
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrantı

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan üçün yeni hədəflərə, maraqlara fokuslanmaq şansı yarandı. Həmin müddətə qədər mövcud əlaqələr, əməkdaşlıqlar nisbətən regional xarakterə malik idisə, daha çox Qarabağ problemi ətrafında özünü ehtiva edirdisə, 2020-ci ildən sonra bu aspekt qlobal müstəviyə keçidi.

Ərazi bütövlüyünün bərpası ilə daxili sabitliyin bərqərar olması, “Antiterror əməliyyatı” və digər hərbi əməliyyatlarla suverenliyin, hərbi və milli təhlükəsizliyin təmini dövlət səviyyəsində diqqətin başqa sahələrə yönəldilməsinə imkan yaratdı. Həmçinin, digər dövlətlər üçün də Azərbaycanla daha geniş müstəvidə əməkdaşlıq və strateji tərəfdaşlıq etmək istiqamətində zəmin formalaşdırdı.

Müharibə müddətində təhlükəsizlik və digər məsələlərlə bağlı narahatlıqlar mövcud idisə, baş verən proseslər nəticəsində bu problemlər aradan qaldırıldı və etibarlı, güvənilən tərəfdaş imicinin möhkəmlənməsində mühüm rol oynadı. Həmin hadisələri əsas götürərək günümüzə qədərki mərhələdə AzərbaycanınAfrikada həyata keçirdiyi yeni strateji maraqları müzakirə etmək və mövcud perspektivləri qiymətləndirmək olar.

Afrikanın əhəmiyyəti və strateji maraqlar:

Afrika uzun əsrlər boyu Avropa dövlətlərinin müstəmləkə mülkü olduğu üçün həm təbii sərvətləri istismara məruz qaldı, həm də yerli xalq məşəqqətli və çətin sınaqlardan keçdi. Buna görə də günümüzdə Afrika dövlətləri başda Qərb dövlətləri olmaqla, digər imperialist, kolonialist dövlətlərlə əməkdaşlığa isti yanaşmır, maksimum dərəcədə məsafə saxlayır və ehtiyatlı davranışlar sərgiləyir.

Tarix boyu Böyük Britaniya, Fransa və Hollandiya kimi dövlətlərin təsiri altında olmuş Afrika dövlətlərinin bir çoxu hazırki vəziyyətdə də onların təzyiqi ilə üzləşirlər. Təbii sərvətlərinin talan edilməsi, əhalinin aclıq və yoxsulluq səviyyəsində yaşaması halları davam edir. Buna görə də müstəqil siyasət yürüdüb, bərabərhüquqlu əməkdaşlıqlar edəcək dövlətlərin axtarışı prosesi baş verir.

Digər tərəfdən, Azərbaycanın genişlənən siyasi-strateji maraqları və artan əməkdaşlıq potensialları Afrikanı da diqqət mərkəzinə alır. Bu da, eyni zamanda həmin dövlətlər üçün Azərbaycanı potensial əməkdaş, tərəfdaş statusunda qarşıya qoyur.

Son illərdə bu istiqamətdə atılmış addımlardan bir neçəsini qeyd etmək olar.

26-27 iyul 2023-cü ildə Nigeriya ilə hərbi sahədə, müdafiə sənayesi, hərbi təchizat istiqamətində əməkdaşlığın perspektivləri müzakirə olundu və tərəflər arasında bəzi sahələrdə razılaşmalar qeydə alındı. Bu istiqamətdə əməkdaşlığa sövq edən Azərbaycanın 2020-2023-cü illərdə apardığı uğurlu hərbi əməliyyatlar olmuşdur ki, bu da digər dövlətlər tərəfindən marağa səbəb olur. Azərbaycan üçün isə Nigeriya ilə əməkdaşlıq Afrika istiqamətindən Cənubi Atlantik okeana çıxış və bu regionda müxtəlif sahələrdə əməkdaşlıq şansları yaradır.

21 sentyabr 2023-cü ildə Ruanda ilə Xarici İşlər Nazirlikləri səviyyəsində görüşlər və əməkdaşlıqlar həyata keçirildi. “ASAN Xidmət” təcrübəsinin Ruanda üçün də əlçatan olması istiqamətində ilkin addımlar atıldı. Bu da, Azərbaycan üçün həm şəxsi təcrübəsini bölüşməyə imkan yaratdı, həm də əməkdaşlıq sahəsini genişləndirmiş oldu.

Həmən ilin 29 noyabr tarixində Əlcəzairlə siyasi əlaqələrin inkişafı istiqamətində görüşlər və razılaşmalar baş tutdu. Baş tutan görüşlər də öz növbəsində Azərbaycanın Şimali Afrikada təsir dairəsini genişləndirməyə xidmət edən addımlardan idi.

2024-cü ilin aprel ayında Afrikanın ən çox inkişaf etmiş dövlətlərindən biri olan Cənubi Afrika Respublikası ilə (CAR) ticari-iqtisadi əməkdaşlıqlar inkişaf etdirildi, enerji sektorunda əməkdaşlıqlar nəzərdə tutuldu. Baş tutan bu proseslər Azərbaycanın Afrikanın cənubuna nüfuz etməsinə və BRİCS-in aparıcı dövlətlərindən biri olan CAR ilə iqtisadi, strateji tərəfdaşlıq etməsinə gətirib çıxardı.

8 iyun 2024-cü ildə Misir ilə ticarət və investisiya istiqamətində yeni qarşılıqlı razılaşmalar əldə olundu, mümkün əməkdaşlıq perspektivləri təsdiqləndi. Həyata keçirilən məsələlər Süveyş kanalına nəzarət edən, Şimal-şərqi Afrikanın əsas aparıcı dövlətlərindən olan Misirlə münasibətlərin inkişafına və güclənməsinə təkan verdi.

2024-cü ilin 28 avqustunda Mərakeş ilə vizasız gediş-gəliş qərarı qüvvəyə mindi. Mərakeşin Afrikanın şimal-qərbində yerləşməsi, Cəbəllüttariq boğazına təsir etmək imkanlarına malik olması, onu həmin regionda əsas aktorlardan birinə çevirir. Və belə bir dövlətlə əməkdaşlığın inkişafı strateji maraqlar aspektindən ciddi əhəmiyyətə malikdir.

2025-ci ilin iyun ayında bir sıra Afrika dövləti ilə görüşlər keçirildi. Keniyanın paytaxtında səfirlik açıldı. Bu da, Şərqi Afrika dövlətləri ilə əməkdaşlıq üçün atılmış addımlardan biri oldu. Həmçinin, Seneqalla da “ASAN Xidmət” təcrübəsinin bölüşdürülməsi istiqamətində razılaşmalar əldə olundu. Seneqalda öz növbəsində Qərbi Afrika dövlətlərindən biri olmaqla həmin regionda əməkdaşlığı təmin edəcək aktorlardan biridir.

Qarşılıqlı əməkdaşlıqlar bunlarla bitmir, lakin hamısı barədə burada yazmaq da düzgün olmaz. Yuxarıda qeyd etdiyim proseslər göstərir ki, Azərbaycan Afrika dövlətləri ilə münasibətdə məhdud əməkdaşlığa əsaslanmır. Əksinə, materikin müxtəlif regionları ilə əməkdaşlıq həyata keçirir. Yəni qitənin hər bir regionu ilə nəzərdə tutulmuş əməkdaşlıqlar gələcək üçün geniş imkanlar yaradır.

Qitənin qeyri-sabit və təhdidlərə açıq yer olması, onun yalnız bir istiqamətində əməkdaşlıq edilməsini faydasız edir. Məsələn, Şimali Afrikada yerləşən Liviyada mövcud münaqişənin həmsərhəd dövlətlərinə sıçraması, Əlcəzair və Misiri də təhdid altında qoyur. Əgər Azərbaycan ancaq Şimali Afrika istiqamətində əməkdaşlıq etmiş olsaydı, burada artan gərginliklər fonunda regionu tərk etməli və strateji maraqlarını orada qoyub getməli olardı. Amma buna baxmayaraq, Azərbaycan qitənin müxtəlif regionlarında yerləşən dövlətlərlə əməkdaşlıq etməklə bu cür riskdən də yayınmış olur. Həmin regionlardan hər hansısa birində təhlükəsizlik problemləri artdıqda, əldə digər alternativ ərazilər qalacaq ki, mövcud siyasi xətt həmin istiqamətlərə yönəlməyə şərait yaradacaq. Beləcə, mümkün zərərlərdən maksimum dərəcədə qorunmaq olacaq.

Tərəfləri əməkdaşlığa sövq edən amillər:

Afrika dövlətləri üçün Azərbaycanla əməkdaşlığa təşviq edən səbəblərə aşağıdakıları aid etmək olar:

1. İlk növbədə Azərbaycan həmin dövlətlərlə münasibətdə imperialist, kolonialist maraqlar güdmür. Əksinə, əməkdaşlığı və birgə tərəfdaşlığı təklif edir. Qarşı tərəf də anlayır ki, vaxtı ilə Azərbaycan da xarici imperialist qüvvələrdən əziyyət çəkib və belə bir vəziyyətdə qarşısındakı tərəfin halını anlayır. Bu da, Afrika dövlətləri tərəfindən etibarlı obrazın formalaşmasına gətirib çıxarır. Həmçinin, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi mümkün sərmayə və investisiyalar üçün təhlükəsiz mühit təqdim edir.

2. Azərbaycanın qısa müddət ərzində sürətli inkişaf etməsi də Afrika dövlətləri üçün xüsusi maraq formalaşdırır. Çünki hazırda bir çox dövlət zəngin təbii sərvətlərə malik olsa da, özbaşlarına bundan yararlana bilmədikləri üçün həm dövlət, həm də əhali olaraq inkişafdan geri qalırlar. Azərbaycanın neft-qaz sektorundakı təcrübəsi Afrika dövlətləri üçün bu sahədə təhlükəsiz əməkdaşlıq şansı verir. Mövcud əməkdaşlıqların inkişafı və genişləndirilməsi həmin dövlətlərin qısa zaman ərzində inkişaf etmələrinə şərait yarada bilər.

3. Qərb dövlətlərinin yalnız öz maraqları doğrultusunda əməkdaşlıq etmək istəklərinin əksinə, Azərbaycan bu dövlətlərdə lazımi struktur və təchizatların inşasına maliyyə dəstəyi verir, yerli kadrlara iş prosesini öyrədir. İstismar siyasətindən uzaq dayanır. İnfrastrukturun qalıcı olaraq hazırlanması və idarəetməsinin yerli hökumətlərin nəzarəti ilə birgə həyata keçirilməsi mümkün təhdid və düşüncələri aradan qaldırır.

Azərbaycan üçün də Afrika dövlətləri ilə əməkdaşlıq cəlbedicidir və yeni strateji maraqlara xidmət edir:

1. Afrikanın zəngin təbii sərvətlərə malik olması burada böyük əməkdaşlıqlar üçün zəmin yaradır. Təbii ehtiyatların birgə çıxarılması və işlənməsi həm iqtisadi gücü, həm də regionda siyasi nüfuzun artmasına kömək edir.

2. Azərbaycanın Xəzər dənizində mövcud neft-qaz ehtiyatları yaxın müddətdə tükənmə riski altındadır. Lakin bu sahədə xeyli sayda peşəkar kadrlar mövcuddur. Həm ehtiyatların qorunması istiqamətində, həm də peşəkar kadrların işsiz qalmaması kimi məsələlərdə Afrika dövlətləri ilə birgə əməkdaşlıq fayda verir. Burada qurulacaq əməkdaşlıqlar ilə işsizliyin qarşısı alına bilər, eyni zamanda neft-qaz ehtiyatlarına ortaq olmaq olar. Bu da öz növbəsində Xəzər dənizində mövcud rezervlərin daha diqqətlə işlənməsinə, gələcək üçün ehtiyat saxlamağa imkan verəcək.

3. Siyasi və strateji müttəfiqlərin artırılması. Mövcud əlaqələr və yeni qurulacaq olan münasibətlər beynəlxalq arenada yeni müttəfiqlərin formalaşmasına səbəb ola bilər. Təbii ki, Türkiyə, Pakistan, İsrail kimi müttəfiq dövlətlərin Afrikadan da olmasının zərəri yox faydası olacaqdır.

4. Həmçinin, Qərb dövlətləri tərəfindən Afrikanın gələcəyin rezerv torpaqları olaraq dəyərləndirilməsi aspektindən yanaşsaq, Azərbaycanın da bu istiqamətdə gələcəkyönümlü addım atması məqbul hesab olunar. Həmin ərazilərdə siyasi və strateji maraqlara cavab verən istiqamətlərdə əməkdaşlıqların inkişaf etdirilməsi bu prosesə təkan verə bilər və gələcəyə yatırım olar.

P. S. Yekun olaraq belə bir qənaətə gəlmək olar ki, tərəflər arasında qarşılıqlı əməkdaşlıqlar sadəcə iqtisadi-ticari məsələləri əhatə etmir. Əlaqələr daha geniş aspektləri əhatə edir və əsas etibarilə gələcəyə doğru hesablanmış addımları özündə cəmləşdirir.
Избранный
8
reyting.az

1Источники