RU

Sümüklərin zəifləməsinin gözlənilməz səbəbi aşkarlandı

Mikroplastiklər sümük sağlamlığını zəiflədə bilər.

E-saglam.az xəbər verir ki, Osteoporosis International jurnalında dərc olunmuş 62 elmi məqalənin icmalına əsasən, su, qida və hətta havadan nəfəs yolu ilə udduğumuz mikroplastiklər sümük sağlamlığına birbaşa təsir göstərə bilər.

Tədqiqatçılar bildirirlər ki, mikroplastik hissəciklər sümük iliyinə nüfuz edərək kök hüceyrələrinin fəaliyyətini poza, iltihabı sürətləndirə və sümük itkisinin artmasına səbəb ola bilər.

Hüceyrə təcrübələrində sürətlənmiş qocalma və canlılığın azalması müşahidə olunub. Heyvan təcrübələrində isə sümük mikroarxitekturasında pozulmalar, deformasiyalar və hətta patoloji sınıqlar qeydə alınıb. Bəzi hallarda skelet inkişafında gerilik müşahidə olunub ki, bu da xüsusilə uşaqlar və yeniyetmələr üçün narahatlıq doğurur.

Problem ətraf mühitdə artan mikroplastiklərin miqdarı ilə daha da dərinləşir: hər il 400 milyon tondan çox plastik istehsal olunur və bu hissəciklər havada, suda və qidada olur. Tədqiqatçılar hesab edirlər ki, mikroplastiklərə məruz qalma, osteoporozla əlaqəli sınıqların artmasının qiymətləndirilməmiş səbəbi ola bilər.

Kampinas Universitetinin alimləri yaxın gələcəkdə mikroplastiklərin heyvanlarda sümük möhkəmliyinə təsirini araşdırmağı planlaşdırır. Məqsəd plastik çirklənməsinin osteometabolik xəstəliklərin artmasının əsas səbəbi olub-olmadığını müəyyən etməkdir.

Tərcümə:  Nəzrin Abbas

E-saglam.az  

Избранный
15
e-saglam.az

1Источники