RU

Həsənrizə növbəti köç

Azərbaycan dövləti doğma yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifə hesab edib. Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, xalqımızın bu ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, həmçinin digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Keçmiş  qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir.

Növbəti addım isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərdən sonra reallaşdı. Artıq keçmiş məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edirlər. 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi növbəti sakinlərini qəbul etməyə hazırdır. 

XQ-yə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Həsənriz kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 29 ailə - 115 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə,      Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Müşfiq Mirzə
XQ

Избранный
14
xalqqazeti.az

1Источники