RU

Fərari Samvelin aqibəti - “saatı Kremlyovski”, özü isə “moskovski” olmaq ona baha oturur

Hələ 22 il öncə Rusiya prezidenti Putin tərəfindən fərdi saatla mükafatlandırılan, Rus Pravoslav Kilsəsindən “Daniel Moskovski” ordeni alan Samvel Karapetyan indi İrəvanda dörd divar arasındadır. Onu məhz “saatı Kremlyovski”, özü isə “moskovski oğlan” olduğuna görə tutublar.

Samvel Sarkisoviç Karapetyan 1965-ci ildə Ermənistanın Kalinino (indiki Taşir) şəhərində anadan olub. O, “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisidir. Milyarderdir. Xeyriyyəçiliyi də var. 2025-ci ilin fevralına olan məlumata görə, Karapetyanın 4,5 milyard dollar həcmində sərvəti var və dünyanın ən varlı adamları arasında 1102-ci yerdə qərarlaşıb.

1 ay öncə 60 yaşı tamam olan Karapetyan 1986-cı ildə İrəvan Politexnik İnstitutunun maşınqayırma fakültəsini bitirib, amma maşın qayırmaqla məşğul olmayıb. Kalininoda üzlənmiş qablar zavodunda əvvəlcə texnoloji şöbəyə rəhbərlik edib, sonra gənc yaşında zavodun direktoru olub. Daha sonra o, zavodu satın alıb və 1989-cu ildə onu rezin və metal məmulatları istehsal edən çoxsahəli "Zenit" kooperativinə çevirib.

1992-ci ildə, Ermənistanın müstəqillik qazanmasından 5-6 ay sonra, o, Azərbaycanla müharibəyə girişmiş vətənini tərk edərək Rusiyaya köçüb. Söz yox, Samvel fərasətli, işgüzar oğlan olub, amma onun, 27 yaşlı gəncin müharibə zamanı öz bisnesini çiçəkləndirmək üçün Rusiyaya getməsi onun minusudur, patriotların və bədxahlarının gözündə fərarilikdir.

karap-2.JPG

1997-ci ildə o, Kaluqadakı “KalugaGlavsnab” şirkətini alıb və 1999-cu ildə bu şirkət “Taşir” tikinti və sənaye şirkətlər qrupunun əsasını təşkil edib. Tədricən bu biznes qrupuna istehsal, tikinti və enerji aktivləri, təchizat və paylama təşkilatları, ticarət mərkəzləri şəbəkələri, otellər, yaşayış binaları, kinoteatrlar, pərakəndə satış şəbəkələri və restoranlar - ümumilikdə iki yüzdən çox şirkət daxil olub.

Beləcə, Samvel Karapetyan əvvəlcə milyonçu, sonra isə milyarder olub.

2003-cü ildə o, Moskvanın daşınmaz əmlak bazarında özünə geniş yer edib, paytaxtın Sevastopolski prospektindəki RIO ticarət və əyləncə mərkəzi tikdirib. Deyilənə görə, həmin mərkəz Rusiyanın ən böyük ticarət və əyləncə mərkəzləri şəbəkəsidir.

Ancaq sonra kim fitva veribsə, bu uğurlu biznesmen həmkarı Ruben Vardanyan kimi siyasət dünyasına atılıb. Görünür, çox pul (milyardlar) insanda reallıq hissini azaldır, beyinə ambisioz ideyalar salır və adam özü haqqında böyük fikirlərə düşür.

2020-ci ildə Karapetyan Ermənistanın keçmiş prezidenti, Putinin dostu Robert Köçəryanın həbsdən azad edilməsi üçün girovun bir hissəsini ödəyib.

Onun başqa xeyriyyəçilikləri də olub, amma daha çox ermənilərə münasibətdə. 2020-ci ilin avqustunda, o, Beyrut limanında baş vermiş fəlakətdən sonra Beyrut ermənilərinə dəstəyini ifadə edib və zədələnmiş Müqəddəs Gevorq kilsəsinin 200 min ABŞ dolları məbləğində vəsait ayırıb, zərər çəkən ermənilərin hər birinə 10 min dollar çatdırıb.

Yəqin ki, bu cür xeyriyyəçilik əməlləri onun gələcəkdə siyasi ambisiyasını gerçəkləşdirmək planının tərkib hissəsi olub.

putsam.JPG

Nəhayət, 2025-ci il iyunun 17-də Samvel Karapetyan siyasi iddialarını açıq şəkildə ortaya qoymaq qərarına gəlib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın bütün ermənilərin katolikosu II Qareginə qarşı sərt bəyanatlarına cavab olaraq jurnalistlərə deyib: “Ermənistanın minillik tarixini unudan kiçik bir qrup erməni kilsəsinə və erməni xalqına hücum edib. Həmişə erməni kilsəsinin və xalqının yanında olduğum üçün, mübarizədə bilavasitə iştirak edəcəyəm. Əgər siyasətçilər uğursuz olarsa, biz bütün prosesdə öz qaydamızda iştirak edəcəyik”.

Bu, artıq Paşinyana meydan oxumaq idi. Söz altında qalmağı sevməyən Vovayeviçin Karapetyana cavabı çox gecikməyib: "Ermənistan və onun qanunları sizin üçün Kaluqanın kəndi deyil. Ümid edirəm ki, dövlətin dadı ağzınızda qalacaq".

2025-ci il iyunun 18-də isə Paşinyan jurnalistlərə deyib: "Mən buna dözməyəcəyəm. Heç kim Ermənistanı təhdid edə bilməz".

Bundan bir gün əvvəl Karapetyanın İrəvandakı evində axtarış aparılıb. İş adamının yüzlərlə tərəfdarı evin qarşısına toplaşıb, onlardan ikisi polislə toqquşmada yaralanıb, 45 nəfər isə saxlanılıb. Dindirildikdən sonra Karapetyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham olunub. Onun vəkilinin sözlərinə görə, Ermənistan müstəntiqləri məhkəmədən Karapetyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciət edib və Karapetyan həbsə alınıb.

Karapetyanın Moskvanın adamı olduğu heç kimdə şübhə doğurmur. Onun Ermənistana xüsusi missiya ilə gəldiyi, Paşinyanı devirmək, Ermənistanda Rusiyayönlü hakimiyyət bərqərar etmək üçün aktivləşdirildiyi yüzdəyüzdür.

karap-3.JPG

Əslində indiki dönəmdə Karapetyanın Paşinyanı əvəzləməsi Qafqazda sülh prosesinə zərbə olar, Ermənistan və Azərbaycan arasında imzalanacağı gözlənilən sülh sazişini təhlükəyə atardı. Çünki o, öz ətrafına Rusiyaya işləyən revanşist qüvvələri toplamaqdaydı və onlar Ermənistanın 44 günlük müharibədəki məğlubiyyəti barışmaq niyyətində olmadıqlarını göstərirdilər.

Bu şəxslərə elə gəlirdi ki, işğal etdikləri Azərbaycan torpaqları bunların dədəsinin mülküdür və onu nəyin bahasına olursa-olsun, geri qaytarmaq lazımdır.

İndi Karapetyan içəridə oturub acı-acı bayırdan xəbər gözləyir, Paşinyanın necəsə devriləcəyinə, özünün azadlığa buraxılacağına ümid edir.

Nikol Vovayeviç isə bütün ermənilərin, eləcə də rusların gözlədiyindən bərk adamdır.

Araz Altaylı, Musavat.com

Избранный
9
musavat.com

1Источники