Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasındakı qalmaqal səngimir. Bakı Apellyasiya Məhkəməsi tərəflərin boşanmasını təsdiqləyib və qadına çatmalı olan əmlakın ona qaytarılması barədə yeni qərar çıxarıb. Lakin oğul Pənahov heç bir qərarla razılaşmır. O, çəkişməni Ali Məhkəmədə davam etdirməyə hazırlaşır.
Qadının sözlərinə görə, keçmiş əri hələ də ona və vəkilinə müəyyən vasitələrlə təzyiq göstərməyə çalışır. Özü ölkəyə gəlməsə də, vəkili məhkəmədə ona qarşı uydurma çıxışlar edir: “Binəqədi Məhkəməsində məni oğru və böhtançı kimi təqdim etməyə çalışırdılar. Guya tələb etdiyim əşyaları mən evdən qaçmazdan əvvəl harasa daşımışam. Lakin Məhəmməd və ailəsi yaxşı bilir ki, belə bir şey mümkün deyildi. Biz bir il Bakının “Milyonçular məhəlləsi” kimi tanınan Ceyhun Hacıbəyli küçəsində dördmərtəbəli imarətdə yaşamışıq.

.jpg)
H.Pənahova söhbət zamanı daha bir ciddi iddia irəli sürüb. Bundan əvvəlki şikayətində gəlin ərinin ona şiddət göstərməsi nəticəsində yaranan stres səbəbindən bətnindəki övladını itirdiyini demişdi. Bu dəfə isə o, ərinin göstərdiyi şiddətdən danışarkən ikinci övladının da vaxtından əvvəl doğulduğunu, üç gün sonra isə xəstəxanada öldüyünü deyib: “İkinci hamiləliyimin yeddinci ayının əvvəli idi. Novxanıda yerləşən restoranda oturmuşduq. Məhəmməd sərxoş olmuşdu. Həmin vaxt dava salıb, sürücüsü və ofisiantların qarşısında əlimi kəsdi.
Sabahı gün əlimin açıq yarasını estetik əməliyyat etdirərkən bacısı hadisəni ört-basdır etmək üçün həkim və tibb bacılarına pul təqdim etdi. Pul qarşılığında tibb müəssisəsi hadisəni qeydə almadı və hüquq-mühafizə orqanlarına müraciət etmədilər. Ondan bir həftə sonra Məhəmməd yenə evdə dava saldı. Davadan sonra yaranmış streslə bağlı vəziyyətim pisləşdi və yenidən xəstəxanaya getdik. Orada vaxtından üç ay əvvəl övladım doğuldu. Amma körpə cəmi üç gün yaşadı. Beləliklə, bu övladım da ailədaxili şiddətin qurbanı oldu.
.jpeg)
Burada isə hər kəs soruşurdu ki, niyə Amerikada onu polisə şikayət etməmişəm, axı orada nə yüksək vəzifə, nə də atasının əlaqələri kömək edər. Əlbəttə, mən ərimi polisə şikayət edə bilərdim: onu həbs edərdilər, Amerikaya girişi və biznesi beş il müddətinə qadağan edərdilər, mən isə Amerika hökumətinin himayəsini və vətəndaşlığını alardım. Ancaq ilk növbədə mən qayınatam haqqında düşündüm. Onun illərlə qurduğu nüfuzunun zərər görməsini istəmirdim, çünki mən ona çox hörmət edirdim. Mən sakit və dinc yolla boşanmaq istəyirdim, lakin Pənahovların belə davranacaqlarını heç gözləmirdim. Təsəvvür edin, məni nə həddə çatdırıblar ki, mən bu hadisələrlə bağlı media vasitəsilə açıqlama verirəm”.
H.Pənahova keçmiş ərinin əməlləri ilə bağlı Azərbaycanda hüquq-mühafizə orqanlarına müraciət edib. Yekun olaraq şikayəti polis araşdırır. Lakin Məhəmməd Pənahov ölkədə olmadığından qarşı tərəfin iddiaları cavabsız qalıb.