RU

“Dördüncü Respublika” erməniləri ikiyə BÖLDÜ

Baş nazir Nikol Paşinyanın Ermənistanda “Dördüncü Respublika”nın qurulduğunu elan etməsi ciddi fikir ayrılığına səbəb olub. 

Ermənistanda müxalifətlə yanaşı, bəzi siyasi ekspertlər də Paşinyanın bu bəyanatını tənqid ediblər. Politoloq Benyamin Matevosyan Paşniyanın yeni dövlət modelini “Dördüncü Türk Respublikası” adlandırıb. 

O bildirib ki, Paşinyan yenidən seçilərsə, nəinki Konstitusiyanı dəyişəcək, həm də Ermənistanın 1990-cı ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsini ləğv edərək, “Dördüncü Respublika” elan edəcək. Bu məsələdə Ermənistan hakimiyyətinə yönəlik əsas tənqidlər onun “Dördüncü Respublika”nı Qarabağsız təsis etmək istəyi ilə bağlıdır. 

Matevosyanın sözlərinə görə, Paşinyan Ermənistan Qarabağını “SSRİ-nin yadigarı” hesab edir. Nəhayət, Baş nazir ölkəni bu qalıqdan təmizləyib, indi Paşinyan Qarabağsız Ermənistan qurmaq istəyir. O, “Dördüncü Respublika”nı Ermənistan SSR-in sərhədləri çərçivəsində görür. 

Lakin Ermənistan SSR-in sərhədlərinə 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qanunsuz qərar da aiddir. Ona görə də Nikol Paşinyan hakimiyyəti Ermənistanın 2026-cı ilin sonunda keçiriləcəyi gözlənilən referendum zamanı yeni konstitusiyanın mətnindən Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan preambula hissəsini çıxartmalıdır. 

Bu, həm də Azərbaycanın tələbidir. Müxalifət və Paşinyanın siyasi kursuna qarşı çıxan ekspertlər məhz qeyd edilən səbəbdən “Dördüncü Respublika”nın Azərbaycanın tələbləri əsasında elan edildiyinə dair iddialar irəli sürürlər. 

Etirazlar daha çox “Qarabağsız Ermənistan” modeli ilə bağlıdır. Paşinyan “Dördüncü Respublika”nı “Real Ermənistan” da adlandırır. Lakin “Real Ermənistan” 2023-cü ildən, yəni Azərbaycanın öz ərazilərini işğaldan tamamilə azad etdikdən sonra yaranmış status-kvonu nəzərdə tutur. 

Politoloq Suren Surenyants isə “Telegram” kanalında qeyd edir ki, “Üçüncü Respublika” bir sıra mühasirələr, müharibələr, mühacirət və uğursuzluqlar kimi təqdim olunur, real dövlət isə guya “Dördüncü Respublika” adı altında doğulur: 

“Bu, təhlükəli təhrifdir. “Üçüncü Respublika” bizim dövlətimizdir, beynəlxalq səviyyədə tanınır, Konstitusiyası, ordusu, təhsil sistemi və mədəniyyətidir. Bəli, çətin sınaqlardan keçdi. Lakin bu, onu qeyri-real etmir. Onu da xatırlamaq yerinə düşər ki, “Üçüncü Respublika” Birinci Qarabağ müharibəsində qələbə qazanan respublikadır. 

Paşinyanın bu gün haqqında danışdığı qondarma “Dördüncü Respublika” proqramı isə xalqımızın iradəsindən doğan yol deyil, Azərbaycanın diqtəsi və tətbiq etdiyi “sülh”ün nəticəsidir”. 

Suren Sureyants hesab edir ki, “Dördüncü Respublika” ideyası “Üçüncü Respublika”nın davamı deyil, onun bölünməsi və kəsilməsidir. O, “Dördüncü Respublika”nın Ermənistanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına aldığını yazır. 

Göründüyü kimi, Nikol Paşinyan “Dördüncü Respublika”nı yeni konstitusiya ilə təsbit etmək etmək niyyətindədir. Radikal müxalifət və mühafizəkar baxışlı siyasi ekspertlər isə “Üçüncü Respublika” dedikdə, SSRİ-nin dağılmasından sonra yaranmış və 2020-ci ilə qədər Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamış Ermənistanı başa düşürlər. 

Ona görə də Ermənistan müxalifəti sərhədlərin 1993-cü il çərçivəsində delimitasiyasını təklif edir. Nikol Paşinyan isə “Dördüncü Respublika” modelində erməniləri mövcud sərhədləri qəbul etməyə çağıırır. 

Paşinyan başqa ölkələrə qarşı ərazi iddialarından imtina etməkdə və real Ermənistanla barışmaqda olduğunu deyir. 2Üçüncü Respublika2nın siyasi-ideoloji bazasını “Böyük Ermənistan” adlı utopik fəaliyyət təşkil edir. Paşinyan isə “Dördüncü Respublika”nı elan etməklə bu ideologiyadan de-yure imtina etdiyini göstərir. Baş nazir hətta dəfələrlə qeyd edib ki, əgər ermənilər mövcud siyasi reallıqla barışmasalar, hazırkı Ermənistanın 60 faizi də yox olacaq. 

Избранный
9
1
cebheinfo.az

2Источники