RU

Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Tel­man Oru­cov yazır

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Bina tikintisində təkcə sütunun istifadə edilməsi sahəsindəki yunanların kəşfi olduqca böyük hadisə xarakteri daşımağa başladı. İri binaların, məbədlərin, sarayların tikintisi həm də hökmən dəqiq hesablamalar aparılmasını tələb edirdi və bu sahədə də yunanlar elmi nailiyyətlərdən də geniş istifadə etmişdi.

Onların ən mühüm nümunəsi Akropoldakı Parfenon məbədi idi. Bu, sonralar, bizim eranın XVIII və XX əsrlərində klassik arxitekturanın yaranmasını planlaşdırmağa kömək etdi.

Yunanıstanın teatrları isə əsl arxitektura inciləri idi, onlar təkcə böyüklüyünə görə deyil, həm də yüksək akustikası ilə seçilirdi. İndi də səhnədən yavaş səslə deyilən sözü ən yuxarı yarusdakı oturacaqda əyləşən adam yaxşı eşidir. Olimpiya oyunları da hər dörd ildən bir keçirilməklə, gənclərə rəqabət hissi təlqin edirdi.

Lakin yarımadanın hər yerində mədəniyyət inkişaf etməmişdi, iri tikintilər getmirdi. Peleponnesdə yerləşən Spartada abadlığa, ümumiyyətlə var-dövlətə fikir verilmirdi. Burada gənclər vuruş sənətinə öyrədilirdi, dövlət hərbi maşına çevrilmişdi. Spartalılar döyüşdə igidlikləri ilə ad çıxarmışdılar. Fermopil keçidində 300 spartalı sayca dəfələrlə böyük olan Persiya ordusuna ağlasığmaz müqavimət göstərib, həlak olmuşdu.

Qədim yunan məbədləri adlı nümunələrə, həm də onlara bəzək verən yeni heykəllər, sütunlar daxil idi. Tikililər öz sütunları, xüsusən kapitelləri ilə başqalarından seçilirdi. Dorik sütunu sadə idi, ion ordeni dörd qoç buynuzundan ibarət idi, korinf sütunu isə ion kapitelinə bənzəməklə, akanta yarpaqları ilə bəzədilmiş kimi və daha gözəl görünürdü. Sütunlarla yanaşı, ondakı kapitel ordenlərindən fərqli olan frizlər də mövcud idi. İngilislər tərəfindən XIX əsrdə Akropoldan götürülmüş frizlər hazırda Londonun Britaniya muzeyində saxlanılır.

Qədim Roma irsi isə dünyaya hətta yunanlardan da daha çox təsir göstərmişdir. Buna da səbəb roman arxitekturasının daha geniş ərazidə yayılması idi. Yunanlardan fərqli olaraq, qədim romalılar üç qitədə böyük ərazilər işğal etməklə, imperiyanın hər yerində möhtəşəm tikililər seriyası meydana gətirmişdilər. Təkcə Avropada onlar bizim dövrə qədər əhəmiyyətini itirməmiş yol şəbəkəsini yaratmışdılar. İctimai tikintilərə gəldikdə, bu gün də Fransada, İspaniyada, Türkiyədə, Şimali Afrikada romalıların tikdikləri teatr binalarının, amfiteatrların, iri məbədlərin qalıqlarına rast gəlmək mümkündür.

Qədim romalıların tikinti praktikası, yunan irsini mənimsəməklə, onu daha da inkişaf etdirdi. Roma imperiyası təkcə Apenin yarımadasında deyil, işğal etdikləri bütün ərazilərdə şəhərlər salır, gözəl teatr binaları və qladiator yarışı üçün amfiteatrlar tikirdilər. Bunu da onlar, əslində qədim yunanlardan əxz etmişdilər. B.e.ə. IV əsrdə Makedoniyalı Aleksandr Aralıq dənizinin və Nilin sahilində gözəl Aleksandriyanı və Asiyada az qala sayı yüzə qədər olan digər şəhərlər salmışdı. Roma sərkərdəsi Yuli Sezar bu ənənəyə sadiq qalaraq, Aralıq dənizi sahilindəki Marsellə rəqabət aparmaq üçün, onun yaxınlığında abad Arl şəhərinin əsasını qoymuşdu. Burada öz iri həcmi ilə seçilən qədim amfiteatr indiyədək qalır. Arl məşhur niderlandlı rəssamı Vinsent van Qoqa görə daha çox xatırlansa da, onu tikdirən Yuli Sezarın böyük işinə, təəssüf ki, o qədər də diqqət verilmir.

Yaxud b.e.ə. I əsrdə İspaniyadakı Meridada mərmərdən tikilmiş gözəl teatr binası, qladiatorların su döyüşü üçün çəkilmiş dar kanallar və şəhəri su ilə təmin edən akveduk indiyədək qalır. Romalılardan xatirə kimi qalan ən möhtəşəm akveduk isə Seqoviya şəhərində saxlanıb, qalmaqda davam edir. İndiki Türkiyə ərazisindəki Halikarnasda (müasir Konyada) gözəl açıq teatr, öz səhnəsi və tamaşaçılar üçün daş oturacaqları ilə indiyədək qalır.

Yunanlardan sonra romalılar Avropada, Şimali Afrikada və Asiyada böyük iz qoyub getdilər. İmperiya işğal etdiyi ərazilərin də inkişafına qayğı göstərir, orada mədəniyyəti geniş tətbiq edirdilər. Onlar yunan arxitekturası nümunələri əsasında mərmərdən geniş istifadə edirdilər. Onlar qət etmişdilər ki, mərmər heç nədən qorxmur, möhkəm material olmaqla, həm də yaxşı yonulur. Yunanlar öz arxitekturasında mərmərdən sütunlar üçün üzlük kimi istifadə edirdilər. Mərmər, tikililərin fasadı üçün də əvvəllər məlum olmayan estetik rol oynayırdı. Mərmər min illər boyu öz əhəmiyyətini itirməmiş, indi də həm müasir tikinti materialı kimi, həm də binaya gözəllik vermək üçün geniş istifadə olunur. Mərmər daşların bol olduğu Yunanıstanda bu qiymətli materialın tətbiqi geniş yayılmışdır. Özbəkistandakı günəş işığı rəngində olan mərmərin bolluğu hesabına təkcə paytaxtda deyil, rayon mərkəzlərində də ictimai binalar tikilirdi.

Tikinti materialları və arxitekturanın inkişaf yolları

Tikinti, materiallardan istifadə etməklə inşa edilirdi. Onların içərisində yararlı daş daha böyük əhəmiyyətə malik idi. Kərpic də daş kimi oda və havanın dəyişilməsinə müqavimət keyfiyyətinə görə struktura materialı kimi vacib idi. Quruması ehtiyacına görə kərpicin ölçüsü məhdud olurdu. Ağac materialı nəqlinə və işlənmək üçün asan olmasına görə digər təbii vasitələrdən seçilirdi. Sonralar dəmirdən və poladdan istifadə olunmasına başlandı. Bu, qədimdən arxitekturada mühüm innovasiya idi. XX əsrdə isə polad karkas konstruktsiyasının təkamülü, divarların və möhkəmliyi dəstəkləməyin bütöv konsepsiyasını bütünlüklə dəyişdi.

Sement və su qarışığından meydana gələn beton daşa bənzər bir materiala çevrildi. Alaqapının icadı və tətbiqi ilə iki problem həll olundu. Onda yüngül kərpic daş kimi istifadə olunurdu, həm də onu daşımaq və bu materialla əllə işləmək daha asan idi. Alaqapı ağır yükü daşımağa daha yararlığı ilə seçilirdi. Dəyirmi tikinti kimi qübbə, qədim Yaxın Şərqdə, Hindistanda və Aralıq dənzi ətrafında meydana gəlmişdi. Ondan hilal şəklində romalılar iri tikintilərdə isifadə edirdilər. Romada Panteonun, Konstantinopolda Aya Sofiyanın qübbələri çox iri həcminə görə böyük şöhrət tapmışdılar.

Ətraf mühit arxitekturası mənzərənin mövcud elementləri ilə "şəhər məkanı" arasında harmoniya yaratmağa xidmət edirdi.

Tikinti - inşaat işləri genişləndikcə, bu, iqtisadi inkişafın mühüm sahəsinə çevrilirdi, tikinti materiallarının yararlılığına və çeşidliliyinə olan tələbat daha da artırdı və yüksəlirdi. Əvvəlki təbii mənşəli materiallara, insanın özünün işə saldığı yeni, o vaxtadək məlum olmayan material növləri meydana gəldi. Romalılar öz axtarışlarına sadiq qalaraq, əvəzsiz tikinti materialı olan betonu icad etdilər. Beton, sementlə suyun qarışdırılmasından əmələ gəlir, müəyyən vaxt ərzində quruyur və möhkəmlənir. Romalılar betondan tikintidə həm də daşı əvəz etmək üçün istifadə edirdilər. Adətən beton, bünövrə üçün daha çox işlədilirdi, onun üstündə isə mərmərdən istifadəyə keçilirdi. 

Böyük tikinti və abadlıq işləri hesabına paytaxt Roma özü iri şəhərə çevrilmişdi. Əgər b.e. I əsrində, Neronun dövründə burada 100 min adam yaşayırdısa, II əsrdə, imperator Adrianın dövründə şəhərin artıq 3 milyon sakini var idi. Burada şəhər salma praktikası da uğurlu həll edilmişdi. Yeddi təpədə yerləşən Roma öz landşaftının rəngarəngliyindən də özünün  möhtəşəm arxitekturası üçün yaxşı istifadə etmişdi. Mərkəz rolunu əvvəldən oynayan Kapitoli və sonralar isə Vatikan təpələri abadlığı ilə başqalarından daha da fərqlənmişdi. Təsadüfi deyildir ki, Romanın şəhərsalma planlaşmasından Nyu-Yorkun böyüdülməsində də istifadə olunmuşdu. Parisdəki Napoleonun tikdirməyə başladığı Zəfər Tağı da Romadakı imperatorların memorial sütunlarının təsirinə məruz qalmışdı. Roma irsi həm də bütün Orta əsrlər və modern dövrdəki tikililərdə də öz əksini tapır. Onun özünün arxitekturasına isə başlanğıcdan Misir və Etrusk üslubları öz təsirini göstərmişdi. Romalılar alaqapılar tikməyi etrusklardan götürmüşdülər və onların digər arxitektura nümunələrindən də geniş istifadə etmişdilər.

Roma ordusu əraziləri işğal etdikcə, orada kiçik və böyük şəhərlər salmış, öz arxitektura və mühəndislik nailiyyətlərini, sivilizasiya prinsiplərini yeni ölkələrdə də tətbiq etmişdilər. Bu sahədə də yunanların təcrübəsindən istifadə edilmişdi. Lakin romalıların ən mühüm işlərinin qalıqlarını İtaliyanın özündə daha çox müşahidə etmək mümkündür. Başqa Avropa ölkələrində, Şimali Afrikada, Kiçik Asiyada və Yaxın Şərqdə onların ən yaxşı nümunələri saxlanıb, qalmışdır. 

Çox saydakı Roma arxitektura nailiyyətləri arasında qübbələr, hamamlar, villalar, saraylar və qəbirlər seçilir. Ən yaxşı saxlanan nümunə Romadakı Panteondur. Onu b.e. II əsrində imperator Adrian təmir etdirmişdi. Binanın damı indiyədək salamat qalan ən iri Roma qübbəsidir. Romalıların digər innovasiyası isə daş tağdır, onlardan dişli qalereyaları olan arkadalarda, akveduklarda və digər tikililərdə istifadə olunmuşdu. Onlar da yunanlar kimi amfiteatrlar tikirdilər. Nə vaxtsa tikilmiş ən nəhəng amfiteatr Romadakı Kolizey idi (latın dilində nəhəng mənasını verən "Colosseus" adlanırdı), onda 50 min tamaşaçı yerləşirdi. Çox saylı yaruslarda tamaşaçılar üçün oturacaqlar var idi. Bu nəhəng binanın inşasına b.e. I əsrinin üçüncü rübündə imperator Vespasianın təşəbbüsü ilə başlanmış, onun oğlu Titin hökmranlığı dövründə 80-ci ildə istifadəyə verilmişdi. Ona görə də tikinti sülalənin adı ilə həm də Flavi amfiteatrı adlanır.  

Avropada arxitektura şəhərlərin və xalqların inkişaf səviyyəsinin əks etdirən cəhətə çevrilməyə başladı. Burada meydana gələn Qotika üslubu uca hündürlükdə olan kilsələrin və digər tikililərin yaranmasına yol açmışdı. Bu üslubun binaları iri qüllələrə malik olurdu. Sonralar onun yerini tutan Barokko üslubu hündürlüyə olan diqqəti, artıq binanın fasadının bəzəyinə və quruluşun fərqli olmasına yönəltdi.

Asiyada, xüsusən Hindistanda şəhərlər nəhəng dini məbəd binaları ilə zənginləşmişdi. Bu binaların fasadını bəzəyən erotik mövzudakı heykəlciklər kompleksi onlara xüsusi gözəllik verir. Belə kiçik heykəllərin sayı-hesabı yoxdur. Təsvirlər hinduizmi dinini təbliğ etməkdə, istənilən sekta qruplaşdırılmalarından daha yüksək təsir gücünə malik olurdu. Bu səhnələr daşda nəqş olunmuş musiqi təsiri bağışlayırdı, insanları sevgiyə, məhəbbətə dəvət edirdi. Hindlilərin böyük təsiri qonşu və hətta uzaqda olan ölkələrə də öz təsirini göstərdi. Kambocanın paytaxtı və XV əsrdə məhv olan Anqkordakı Anqkor Vat belə heykəllərə bürünmüş məbədlərlə dolu idi. Nepalda, hətta uzaq İndoneziyanın Bali adasında da hind məbədləri çoxluq təşkil edir.

Təbiətin möcüzəli şəkildə mükafatlandırdığı ərəblər isə tikililərə dəbdəbə və heyranlıq bəxş etməklə, arxitekturanı daha da zənginləşdirmişdilər. Bəzilərinə təəccüblü gəlir ki, səhradan at belində çıxmış ərəblər belə gözəl şəhərlər sala bilmişdilər. Onlar unudurlar ki, ərəblər tarixdəki ilk Mesopotamiya şəhərləri ilə qonşuluqda yaşamışdılar, işğal etdikləri Persiyadan və müharibələr apardığı Bizansdan da çox şeyi götürmüşdülər. Axı Persiyanın qədim paytaxtı olmuş və Makedoniyalı Aleksandr tərəfindən yandırılmış Persepolis şəhəri gözəl saraylarına görə heç də Afinadan geri qalmırdı. Onun dağıntıları monumental sütunlardan və onların kapitellərinin ağır öküz başı ilə bəzədilməsindən xəbər verir. Persiyalılar binaların fasadlarını qorelyeflərlə bəzədirdilər, onlarda çar və ona hədiyyə gətirən əyalət başçıları təsvir olunurdu, bu əyalətlər isə imperiyanın tabeliyində yaşayırdı.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
525.az

1Источники