RU

Ucuz tur axtararkən fırıldaqçılardan necə qorunaq? Mütəxəssisdən AÇIQLAMA

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Yay mövsümünün sonu, payız turlarının başlanması və xaricə səyahətlərin artması ilə paralel olaraq turizm sahəsində fırıldaqçılıq halları da çoxalır.

Milli.Az xəbər verir ki, son vaxtlar sosial şəbəkələr və elan saytları vasitəsilə saxta turizm şirkətlərinin vəd etdiyi ucuz turlar bir çox insanı maddi və mənəvi ziyana salır.

Bəs vətəndaşlar fırıldaqçı turizm şirkətlərini necə tanıya bilər?

Məsələ ilə bağlı turizm eksperti Ceyhun Aşurov bildirir ki, ilk olaraq şirkətin Vergilər Nazirliyində qeydiyyatda olub-olmadığını yoxlamaq vacibdir:

"Etibarlı şirkətlərin rəsmi VÖEN-i, ofis ünvanı, əlaqə nömrələri və internet resursları olur. Sadəcə sosial şəbəkə səhifəsi və ya şəxsi nömrə ilə fəaliyyət göstərənlər risklidir. Real olmayan endirimlərə aldanmayın. Rəqiblərdən xeyli aşağı qiymət təklif edən turlar ciddi şübhə doğurmalıdır. Əgər 5 ulduzlu oteldə 7 günlük tur digərlərindən 2-3 dəfə ucuz təqdim olunursa, burada ya fırıldaq var, ya da gizli şərtlər".

Ekspert bildirib ki, müqavilə imzalanmadan ödəniş etmək düzgün deyil:

"Ən çox rast gəlinən fırıldaq halları müqaviləsiz ödəniş zamanı baş verir. heç bir halda qəbz və müqavilə olmadan nağd və ya karta ödəniş etmək olmaz. "Müqavilədə xidmətin detalları - otel, tarix, qiymət, ləğv şərtləri və məsuliyyətlər göstərilməlidir. Rəyləri və əvvəlki müştəri təcrübəsini yoxlayın: Şirkətin Google, Facebook və ya Tripadvisor üzərindən aldığı rəylər də onun etibarlılığını qiymətləndirməyə kömək edir. Eyni zamanda, şirkətin adı ilə axtarış verərək daha öncə fırıldaqla gündəmə gəlib-gəlmədiyini öyrənmək mümkündür".

Onun sözlərinə görə, yalnız onlayn fəaliyyət göstərən, fiziki ünvanı və nümayəndəsi olmayan turizm şirkətlərinə etibar etmək risklidir. Çünki fırıldaq halları baş verdikdə hüquqi şəkildə qarşı tərəfi tapmaq çətinləşir.

Fırıldaqla üzləşsəniz nə etməlisiniz?

Əgər vətəndaş turizm sahəsində fırıldaqçılığın qurbanı olarsa, bu barədə Daxili İşlər Nazirliyi və ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.

Qeyd edək ki, səyahət planlarınızı daha təhlükəsiz və problemsiz həyata keçirmək üçün yalnız rəsmi lisenziyalı, şəffaf və nüfuzlu turizm agentlikləri ilə əməkdaşlıq etmək tövsiyə olunur.

Aysel Əkbər

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
news.milli.az

2Источники