RU

Naxçıvanda “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının Müəllifidir” mövzusunda tədbir keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Naxçıvan Şəhər İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının Müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova açaraq, Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində əvəzsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyən edib, milli dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb. Konstitusiyanın qəbul edilməsi ilə xalqın iradəsi, hüquq və azadlıqları dövlətin ali məqsədinə çevrilib. 

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşı Samir Tarverdiyev Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin formalaşmasında, milli Konstitusiyanın hazırlanmasında və qəbulunda göstərdiyi müdrik siyasi iradədən bəhs ediblər.

Qeyd olunub ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası dövlətçiliyimizin əsas qanunu olmaqla, müasir hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunun möhkəm təməlini qoyub. Konstitusiyanın insan hüquq və azadlıqlarının təmin olunmasının, dövlət hakimiyyətinin xalq iradəsinə əsaslanmasının, ölkənin siyasi və iqtisadi inkişafının ən mühüm təminatı olduğu diqqətə çatdırılıb.

Natiqlər həmçinin bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Konstitusiyanın prinsipləri uğurla həyata keçirilir, dövlətimizin suverenliyi möhkəmlənir və xalqımızın rifahı yüksəlir.

Tədbirin bədii hissəsində Naxçıvan şəhər məktəbliləri vətənpərvərlik mövzusunda şeirləri səsləndirib, “Konstitusiya və Suverenlik İli” ilə bağlı film nümayiş olunub. 

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Hərbi Kollecin kursantları, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri, şəhid ailələri, sahə və inzibati ərazi dairəsi üzrə nümayəndələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səbuhi HƏSƏNOV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
2
xalqqazeti.az

3Источники