RU

Universiteti ingilis dilində oxuyur, amma ingiliscə bilmir...

Bir müddət əvvəl iş axtaran tanışlardan birinin rezümesi (CV) qarşıma çıxdı. Bakıda universitetlərdən birində ingilis dilində təhsil alsa da, dil bilgisi bölməsində ingilis dili səviyyəsinin qarşısında belə yazılmışdı – “orta”.

Əslində isə ali məktəbi ingilis dilində bitirən şəxsin dil göstəricilərinin akademik səviyyədə olmaması təəccüb doğurur. 

Hurriyyet.az xəbər verir ki, ölkədə ali məktəblərdə ingilisdilli kadrların çatışmazlığı, xaricdən mütəxəssislərin dəvət olunmaması, resurs qıtlığı, metodoloji hazırlığın zəifliyi ciddi problemdir. Sözügedən məsələ bundan əvvəl də dəfələrlə sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. Hətta iddia olunur ki, ingiliscə tədris olunan ixtisalarda bir çox dərsliklər Azərbaycan dilindən tərcümə edilərək, keyfiyyətsiz və anlaşılmaz şəkildə təqdim olunur. Nəticədə, tələbələr tədris proqramının nəzərdə tutduğu bilik və bacarıqları mənimsəyə bilmir və beynəlxalq əmək bazarında rəqabətə davamlı olmur.

Nəzərə alaq ki, universitetlərdə tədrisi Azərbaycan və ingilis dilində olan ixtisaslarda keçid balları arasında fərq var. İngiliscə təhsil almaq istəyən tələbə daha yüksək nəticə göstərməlidir. Həmçinin universitetlərdə bakalavr pilləsi üzrə ən yaxşı tədris göstəriciləri olanlar sabah qruplarına daxil edilir və onların tədrisi ingilis dilində aparılır. 

Belə olan halda, ortaya suallar çıxır: ingilis dilində təhsil verən universitetlərdə kadr potensialı necədir, müəllimlər hansı kriteriyalara görə seçilir? Ali məktəblər ingilisdilli peşəkar kadr yetişdirmək üçün hansı addımlar atırlar? İngilis dilində təhsil səviyyəsini artırmaq üçün nə etməliyik?

“Riyaziyyatı ingilis dilində oxumaqla dünyaya çıxış əldə etməyəcək...”

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda bütün dünya ölkələrində öz dillərindən fərqli dillərdə tədris həyata keçirilir. Bunun əsas hədəfi isə əmək bazarının tələbinə, müasir standartlara cavab verən kadr hazırlığının həyata keçirilməsidir: “Lakin biz bəzən həmin ingilisdilli ixtisasların əmək bazarında nə qədər perspektivli olub-olmamasını unuduruq. Məsələn, hazırda bizdə ingiliscə riyaziyyat müəllimliyi ixtisası var. Azərbaycan vətəndaşı riyaziyyatı ingilis dilində oxumaqla dünyaya hər hansı çıxış əldə etməyəcək. Ali məktəblərə qəbul imtahanlarında görürük ki, bəzi ixtisaslar var ki, onlara ingilisdilli qəbul kifayət qədər yuxarıdır. Məsələn, Tibb Universitetinin tibb ixtisasına ingilis dili ilə Azərbaycan dilində qəbulu müqayisə etsək görərik ki, birincidə daha yüksək bal formalaşıb. Amma aparılan təhlillər göstərir ki, həmin ixtisasda ingilis dilində kadr hazırlamaq üçün elektron kitabxana, həmçinin ingilis dilini tədris edə biləcək müəllimlər yoxdur”. 

Ekspert bildirib ki, Azərbaycanda ingilis dilində ixtisaslara qəbul olmaq üçün buraxılış imtahanında həmin dildən minimum 40 bal toplamaq tələb olunur. Amma ingiliscə təhsil alacaq şəxslər üçün hazırlıq (foundation) təşkil olunmur. İngilis dilini akademik səviyyədə bilməyən şəxsdən 4 il ərzində akademik səviyyədə oxumaq tələb edilir. K.Əsədov deyir ki, hazırda ADA Universiteti və BANM istisna olunmaqla digər universitetlərdə “foundation” yoxdur. Həmin müəllimlər dərsə girib azərbaycanca danışırlar”

Ekspertin sözlərinə görə, xüsusən bakalavr səviyyəsində heç də bütün ixtisasların ingilis dilində tədrisinə ehtiyac yoxdur: “Bizə daha çox informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi ixtisaslarının ingilis dilində tədrisi lazımdır. Çünki onlar texnoloji ixtisaslardır və dünyada gedən texnoloji proseslərə görə onların ingiliscə materialları öyrənilməlidir. Amma Azərbaycanda ali təhsil müəssisələrinin demək olar ki, ingilisdilli qəbul həyata keçirilən ixtisaslarında yüksək bal formalaşmasına baxmayaraq, özəl universitetlər arasında Xəzər Universiteti istisna olmaqla, mütəxəssislər yoxdur. Müəllimlərin ən azı IELTS-dən 8 bal və ya digər dil sertifikatı olmalıdır. Bizdə isə o mütəxəssislər birmənalı şəkildə yoxdur. Kadr olmadan, tədris də olmur. Bəzən həmin müəllimlər dərsə girib azərbaycanca danışırlar. Bizim tələbələr arasında apardığımız sorğular göstərir ki, ingilis dilində ixtisaslarda oxuyan tələbələr demək olar ki, ingiliscə heç nə bilmir. Onlara dərs keçən müəllimlər ingilis dilini “elementary” səviyyəsində bilirlər. Hazırda bizdə Azərbaycan dilindən başqa, rus dilində tədris həyata keçirilir. ADA və BANM ingilis dilində keyfiyyətli kadr hazırlaya bilir. Digərlərində elektron kitabxana, ənənəvi kitabxana, müəllimlər, qiymətləndirmə keyfiyyətli səviyyədə həyata keçirilə bilmir”. 

Problemi aradan qaldırmaq yollarına gəlincə isə K.Əsədov deyir ki, birinci növbədə universitetlər hazırlıq qrupları (“foundation”) təşkil etməlidirlər: “Bu halda həmin universitetlərdə tədris 4 il yox, 5 il olmalıdır. Mütləq şəkildə orada dərs deyəcək müəllimlər təkcə hansısa dil sertifikatı ilə prosesə cəlb olunmalı deyil. Bütün tədrisin təşkili üçün lazım olan resurslar ingilis dilində olmalıdır. Təsəvvür edin, bu gün BDU-da tarix ixtisası ingilis dilində tədris olunur. Axı bu nəyə lazımdır? Buna kifayət qədər material yoxdur. Heç Azərbaycan dilində lazımı qədər material tapmaq mümkün deyil. Biz birinci növbədə kitabxana bazamızı formalaşdırmalıyıq. İxtisas açıldıqda baxılmalıdır ki, onun həyata keçirilməsi üçün mütəxəssislər varmı? Azərbaycan dilində varsa, bu o demək deyil ki, hansısa quql proqramından tərcümə edib verməliyik. Bu resurslar olandan sonra universitetlərə ingilis dilində tədrisə icazə verilə bilər. Keyfiyyətsiz təhsil aparmaqdansa, aparmamaq daha yaxşıdır”.

Universitetlər kadrları necə seçir?

Bu mövzu ilə bağlı ölkənin ən reytinqli ali məktəblərinə sorğu ünvanladıq. Bakı Dövlət Universitetindən (BDU) müraciətimizə cavab olaraq bildirildi ki, ingilis dilində tədris aparılan fakültə və ixtisaslarda dərs deyən müəllimlər əsasən xaricdə təhsil almış və ya beynəlxalq sertifikata malik mütəxəssislərdir: “Eyni zamanda, universitetimizdə gənc kadrların hazırlanmasına xüsusi önəm verilir və doktorantura, elmi təcrübə proqramları vasitəsilə yeni nəsil müəllimlərin formalaşmasına şərait yaradılır. Tədris prosesində beynəlxalq akkreditasiyadan keçmiş dərsliklər, elektron resurslar və müasir tədris metodları tətbiq edilir. Fakültələrdə həm yerli, həm də xarici müəlliflərin hazırladığı resurslardan istifadə olunur.

BDU-da müəllimlərin işə götürülməsi müvafiq qanunvericiliyə əsasən həyata keçirilir və bu zaman onların ali təhsil və elmi dərəcəsi, beynəlxalq dil sertifikatları (IELTS, TOEFL və s.), xaricdə təhsil və ya beynəlxalq təcrübəsi, akademik nəşrləri və elmi fəaliyyətləri kimi meyarlar nəzərə alınır”.

Universitetdən, həmçinin bildirilib ki, BDU-da ingilis dilində təhsil alan tələbələrin sayı ildən-ilə artır: “Belə ki, bakalavriat səviyyəsində 26 ixtisas üzrə 2000-dən çox, magistratura səviyyəsində isə 14 ixtisas üzrə 200-dən artıq tələbə ingilis dilində tədris olunan ixtisaslarda təhsilini davam etdirir. Tələbələrin dil bacarıqları qəbul mərhələsində keçirilən mərkəzləşdirilmiş imtahanların nəticələrinə əsasən qiymətləndirilir. Təhsil dövründə isə onların dil kompetensiyasının artırılması məqsədilə akademik yazı, tədqiqat metodologiyası və akademik ünsiyyət istiqamətli fənlər tədris olunur. Şübhəsiz ki, bütün tələbələrin bacarıqları eyni səviyyədə olmur, lakin ümumilikdə nəticələr bizi qane edir və bu istiqamətdə təkmilləşmə tədbirləri davam etdirilir”.UNEC-dən isə bildirilib ki, ingilis dilində olan tədris Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) bütün ixtisaslarında və Rəqəmsal İqtisadiyyat fakültəsində 3 ixtisas üzrə həyata keçirilir: “Beynəlxalq iqtisadiyyat məktəbinin nəzdində olan kafedrasında xarici universitetlərin magistr proqramlarında təhsil almış və digər tərəfdən PhD dərəcəsi əldə etmiş müəllimlər fəaliyyət göstərir.

Mütəxəssislər (ABŞ, Böyük Britaniya, Çin, Malayziya və s) nüfuzlu universitetlərin məzunlarıdır. Universitetdə ingilis dilində iqtisad və texniki yönümlü tədris üzrə kadr məhdudiyyəti mövcüd deyil. Fakültələrdə tədris qabaqcıl xarici universitetlərin sillabusları və metodikası əsasında həyata keçirilir”.

UNEC-in açıqlamasında həmçinin qeyd olunub ki, müəllimlər işə götürülərkən onların bitirdiyi ixtisas üzrə bilikləri və ingilis dili tələb olunan səviyyədə bilmələri meyarları nəzərə alınır: “Hazırda UNEC ISE-də 748 nəfər ingilis dilində təhsil alır. Tədris proqram üzrə iki il ərzində ingilis dili qabaqcil metodika əsasında keçirilir, eləcə də müxtəlif formatlarda təşkil edilən conversation dərsləri və digər dil inkişaf etdirici proqramlar əsasında tələbələrin dil bilikləri daha da inkişaf etdirilir. UNEC-də ingilis dilində təhsildə “foundation” yoxdur və təhsil 4 il olur”.

“1 il ingilis dilindən hazırlıq keçirlər”

ADA Universitetindən isə saytımıza açıqlamada qeyd olunub ki, sözügedən ali məktəbdə professor-müəllim heyətinin işə qəbulu çox mərhələli və ciddi seçim prosesi əsasında həyata keçirilir: “Hər bir müəllim ya fəlsəfə doktoru (PhD), ya da magistr dərəcəsini nüfuzlu xarici universitetlərdən alıb və bu universitetlərdə tədris dili ingilis dilidir.

Seçim prosesində namizədlər müsahibələrdən əlavə tələbələrə açıq dərs keçir, həmçinin elmi işini professor-müəllim heyətinə təqdim edirlər. Bu mərhələlər həm məzmun biliklərini, həm də ingilis dilində ünsiyyət və pedaqoji bacarıqlarını qiymətləndirməyə imkan yaradır. Bütün bunlar ADA Universitetində ingilis dilində tədrisin yüksək keyfiyyətini və metodoloji baxımdan dayanıqlığını təmin edir”.

Bakı Ali Neft Məktəbinin bakalavr səviyyəsində tədris tam olaraq ingilis dilində həyata keçirilir. Universitetdən saytımıza bildirilib ki, ali məktəbə qəbul olan tələbələr ixtisas fənlərinə keçməzdən əvvəl yüksək peşəkarlığa malik müəllim heyəti tərəfindən 1 il müddətində ingilis dilindən hazırlıq keçirlər: “Hazırlıq proqramının əsas hədəfi 5 illik bakalavr təhsilinin ilk ilində ingilis dilinin mükəmməl səviyyədə öyrədilməsini təmin etməkdir. Tədris ilinin sonunda semestr sonu imtahandan və beynəlxalq dil imtahanlarından uğurlu nəticələr əldə etmiş tələbələr ixtisasları üzrə 2-ci kursa başlaya bilərlər.

Bakı Ali Neft Məktəbinin bütün müəllim heyəti yüksəksəviyyəli ingilisdilli kadrlardan ibarətdir. Burada bütün tədris materialları ingilis dilindədir”.

Избранный
17
1
hurriyyet.az

2Источники