RU

Göygöl rayonunda yeni təşəbbüslərin bünövrəsi qoyulur

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Zurnabad kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib. Qəbulda RİH başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi nümayəndələri, bələdiyyə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Rayon rəhbəri çıxışında qeyd edib ki, hər bir səyyar qəbul əhali ilə birbaşa təmasın gücləndirilməsi ilə yanaşı, həm də rayon üzrə yeni təşəbbüslərin, sosial layihələrin və yerli problemlərin həlli istiqamətində atılan real addımların bünövrəsini qoyur. Elvin Paşayev bildirib ki, bu görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə və regionların davamlı inkişafına xidmət edir.

Görüş zamanı Elvin Paşayev sakinlərə "Rəqəmsal İcra Hakimiyyəti" platforması və onun verdiyi imkanlar barədə məlumat verərək, Elektron Hökumət Portalı vasitəsilə fəaliyyət göstərən https://rih.gov.az saytından aktiv istifadə etməyə çağırıb.

Səyyar qəbulda kənd sakinlərinin təklif və müraciətləri dinlənilib. Qaldırılan məsələlər arasında Zurnabad kəndinin təbii qazla təmin olunması, tibb məntəqəsində əlavə tibb işçisinin ayrılması, köhnəlmiş və qəzalı vəziyyətdə olan elektrik dayaqları və naqillərin yenilənməsi, küçələrin işıqlandırılması və digər gündəlik sosial problemlər yer alıb.

Elvin Paşayev hər bir məsələ üzrə müvafiq qurum rəhbərlərinə yerində konkret tapşırıqlar verib və onların icra vəziyyətinin nəzarətdə saxlanılacağını bildirib.

Sakinlər göstərilən diqqət və operativ münasibətə görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri

 

Избранный
24
1
xalqqazeti.az

2Источники