RU

İstanbuldakı Azərbaycan məktəbi yerli təhsil müəssisələri ilə rəqabət aparacaq Ekspert

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbi açılacaq.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, xaricdə Azərbaycan məktəblərinin təsis olunması yalnız təhsil xidməti deyil, həm də dövlətin ideoloji, mədəni və strateji siyasətinin təzahürüdür:

"Təhlil göstərir ki, milli məktəb modelinin ölkə xaricinə daşınması diaspor uşaqlarının milli identikliyinin qorunması, təbii assimilyasiya prosesinin qarşısının alınması və gələcək nəsillərin Azərbaycanla bağlılığının gücləndirilməsi baxımından fundamental əhəmiyyət daşıyır. “Təhsil haqqında” Qanunun 5-ci maddəsində dövlətin təhsil sahəsində beynəlxalq əməkdaşlığa, xaricdə yaşayan soydaşların təhsil imkanlarının dəstəklənməsinə xüsusi önəm verdiyi vurğulanır və bu, institutlaşmış dövlət siyasətinin hüquqi əsasını yaradır.

Statistik mənzərə göstərir ki, son illərdə xaricdə yaşayan azərbaycanlıların sayı artmaqda davam edir. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 50-dən çox ölkədə yüzlərlə ictimai birlik fəaliyyət göstərir, Türkiyədə isə yüz minlərlə soydaşımız məskunlaşıb. Hər il minlərlə azərbaycanlı ailə övladlarının ana dilində təhsil alması üçün alternativ axtarır. Əgər 2010-cu illərdə xaricdə fəaliyyət göstərən Azərbaycan məktəblərinin sayı barmaqla sayılacaq qədər idisə, bu gün bu tendensiya dövlətin prioritet siyasətinə çevrilib. Belə bir şəraitdə İstanbulda Azərbaycan məktəbinin açılması həm simvolik, həm də praktik baxımdan güclü təsir gücünə malikdir".

Müsahibimizin sözlərinə görə, ilk olaraq, bu məktəblər diaspor uşaqlarının milli dəyərlərdən uzaqlaşmasının qarşısını alır və onların ana dilində təhsilini təmin edir:

"Eyni zamanda, məktəblərdə Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı xüsusi fənlərin tədrisi soydaşlarımızı milli yaddaşdan ayırmır. İstanbulda fəaliyyət göstərəcək məktəb yalnız azərbaycanlı uşaqlar üçün deyil, həm də türkiyəli ailələr üçün cəlbedici ola bilər. Əgər kurikulum beynəlxalq təhsil standartlarına uyğunlaşdırılarsa, bu məktəblər keyfiyyət göstəricilərinə görə yerli təhsil müəssisələri ilə rəqabət aparacaq və Azərbaycanın təhsil brendini tanıdacaq".

Ekspert həmçinin İstanbulda açılacaq Azərbaycan məktəbinin üzləşə biləcəyi bəzi problemlərə də diqqət çəkdi:

"Ən ciddi risk diplomların və attestatların tanınması ilə bağlı ola bilər. Türkiyə qanunvericiliyinə görə, özəl və beynəlxalq məktəblər Milli Təhsil Nazirliyinin tələblərinə uyğun fəaliyyət göstərməlidirlər. Bu isə Azərbaycan məktəbinin kurikulumu ilə Türkiyə proqramları arasında sintez yaradılmasını tələb edir. Müəllim məsələsi də mühüm problem kimi qalır: pedaqoqlar həm Azərbaycan, həm də Türkiyə standartlarına cavab verən sertifikata malik olmalı, ikili tədris yükünü daşımağa hazır olmalıdır. Bu isə xüsusi hazırlıq və koordinasiya tələb edir.

Təhlilin nəticələri göstərir ki, İstanbulda açılacaq Azərbaycan məktəbi yalnız təhsil mühiti deyil, həm də diaspor siyasətinin, mədəni diplomatiyanın, beynəlxalq əməkdaşlığın bir parçasıdır. Bu məktəblər gələcəkdə Azərbaycan-Türkiyə əlaqələrinin dərinləşməsi üçün sosial və mədəni körpü rolunu oynayacaq. Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü müsbət addım kimi qiymətləndirilməlidir, çünki nazirlik son illərdə beynəlxalqlaşma, rəqəmsallaşma və müəllimlərin keyfiyyətinin artırılması istiqamətində atdığı addımlarla artıq təcrübə qazanıb. Nazirliyin bu layihəyə rəhbərliyi həm hüquqi uyğunluğu, həm də tədrisin keyfiyyətini təmin etmək baxımından əsas zəmanətdir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
redaktor.az

2Источники