RU

Ursula Fon der Lyayen və Donald Tramp Rusiyanın fosil yanacağından birdəfəlik imtina olunmasına dair müzakirələr aparıblar

Berlin, 23 sentyabr, AZƏRTAC

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti X səhifəsində paylaşımında bildirib.

U.Lyayen Avropa və ABŞ-ın Ukrayna məsələsində çiyin-çiyinə çalışacağını vurğulayaraq, Rusiyanın fosil yanacaqlardan əldə etdiyi gəlirlərin tez bir zamanda kəsilməsi barədə razılığın əldə olunduğunu qeyd edib. Avropanın məhz bunun üçün 19-cu sanksiyalar paketini qəbul etdiyini bildirən Komissiyanın Prezidenti paylaşımında vurğulayıb: “Biz təzyiqi artırırıq: Rusiyanın maye təbii qazının Avropa bazarlarına idxalını qadağan edirik və üçüncü ölkələrdəki neftayırma zavodlarını, neft treyderlərini və emal müəssisələrini hədəfə alırıq. 2027-ci ilə qədər Avropa Rusiyanın fosil yanacaqlarından birdəfəlik imtina edəcək”.

ABŞ Prezidenti ilə Rusiya tərəfindən həyata keçirilən təxribatları, o cümlədən Avropa hava məkanının mütəmadi pozulması məsələsini də müzakirə etdiklərini vurğulayan U.Lyayen bunun müttəfiqlərin reaksiyasının yoxlanmasına yönəlmiş açıq cəhdlər olduğunu bildirib: “Ona görə də Avropa müdafiə səylərini sürətləndirir və Şərq cinahını gücləndirir. Bu, həm Avropa, həm də NATO üçün sipər rolunu oynamalıdır”.

U.Lyayen və D.Tramp Yaxın Şərqdəki vəziyyət barədə də müzakirələr aparıb, mülki əhalinin əzabına son qoyulması barədə ortaq fikir nümayiş etdiriblər. Avropanın iki dövlətli həll yolunun qətiyyətlə dəstəklədiyi qeyd olunub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
35
2
azertag.az

5Источники