RU

Dünya maliyyə nəhənglərinin Azərbaycan lideri ilə görüş fürsəti

Azərbaycan Prezident İlham Əliyevin Nyu-York səfəri və burada keçirdiyi ilk görüşlər qlobal maliyyə nəhənglərinin Azərbaycanın iqtisadi siyasətinə və strateji layihələrinə yönəlmiş ciddi maraqlarının əyani təzahürüdür. “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi maliyyə nəhəngləri üçün ölkəmizə sərmayə qoymaq yalnız coğrafi mövqe və enerji resurslarının cəlbediciliyi ilə məhdudlaşmır. Qarşı tərəfin müraciətləri əsasında reallaşan görüşlərdə diqqət İlham Əliyevin iqtisadi idarəetmə qabiliyyətinə, qərarvermə çevikliyinə və strateji liderlik vizyonuna yönəlib. 

İqtisadi idarəetmə qabiliyyəti ilə İlham Əliyev ölkənin makroiqtisadi göstəricilərini, investisiya şəraitini və sektorlararası balansı səmərəli şəkildə idarə edir, uzunmüddətli iqtisadi planları uğurla həyata keçirir. Qərarvermə çevikliyi isə özünü qlobal maliyyə və enerji bazarlarındakı ani dəyişikliklərə operativ reaksiya verərək riskləri minimallaşdırmaq və investorların etimadını təmin etmək bacarığında göstərdi. Strateji liderlik dedikdə isə İlham­ ­Əliyevin regional və qlobal iqtisadi məkanlarda Azərbaycanın mövqeyini möhkəmləndirmək, enerji və tranzit layihələrini strateji prioritetlərlə birləşdirərək uzunmüddətli perspektivdə cəlbedici investisiya mühiti yaratması nəzərdə tutulur. Bunlar siyasi imiclə birləşdikdə İlham Əliyevin iqtisadi siyasətdə və strateji qərarlarda fərdi rolu həm də ölkənin diplomatik və regional nüfuzunu gücləndirir. 

İlham Əliyevin beynəlxalq maliyyə institutları ilə birbaşa dialoqu qlobal investorlar üçün riskin qiymətləndirilməsi və investisiya qərarlarının verilməsi baxımından önəmli siqnaldır. Qlobal maliyyə qurumları üçün layihələrin uğuru yalnız iqtisadi göstəricilər və bazar şərtlərindən asılı deyil, həm də liderin vizyonu, qərarvermə sürəti və proqnozlaşdırıla bilən siyasət mexanizmlərinə bağlıdır. İlham ­Əliyevin iqtisadi strategiyası və institusional idarəetmə təcrübəsi transmilli qurumlar üçün layihələrin vaxtında icrası və uzunmüddətli rentabellik baxımından etibarlı meyar rolunu oynayır. Məhz bu baxımdan liderin şəxsi nüfuzu və idarəetmə qabiliyyəti ölkəyə yönələn kapital axınını təyin edən mühüm göstəriciyə çevrilir.

Böyük beynəlxalq investorlar, xüsusilə real aktivlər və infrastruktur sahələrində fəaliyyət göstərən “Brookfield” və “Blackstone” kimi şirkətlər layihələrə yalnız güclü etimad və şəffaf idarəetmə çərçivəsi olan ölkələrdə yatırım etməyə meyillidirlər. Elə bu nöqteyi-nəzərdən, ölkə liderinin şəxsi iştirakı həm dövlət strukturlarının koordinasiyasını təmin edir, həm də qlobal kapital üçün risklərin minimuma endirilməsində açar rolunu oynayır. İstər infra­struktur layihələri, istərsə də şəhər və enerji investisiyaları olsun, yüksək səviyyəli liderlik investorların etimadını formalaşdırır və onları Azərbaycan bazarına istiqamətləndirir.

Eyni zamanda, qlobal kapitalın cəlbi, sadəcə, investisiya həcmi ilə məhdudlaşmır. Aktiv idarəçiliyi sahəsində ixtisaslaşan “Neuberger Berman” kimi şirkətlər üçün yerli bazara çıxış, suveren fondlar və dövlət institutları ilə davamlı və etibarlı dialoq tələb edir. İlham Əliyevin bu dialoqa şəxsən qatılması və strateji təşəbbüslərlə dəstəkləməsi investorlar üçün hər hansı bürokratik maneəni minimuma endirir və investisiyaların icrasını sürətləndirir. Beləliklə, liderin iqtisadi siyasətə və beynəlxalq maliyyə institutları ilə əlaqəyə birbaşa müdaxiləsi Azərbaycanın qlobal kapital üçün həm etibarlı, həm də strateji seçim olaraq önə çıxmasını təmin edir.

Qlobal investorlar üçün Azərbaycanın iqtisadi perspektivləri yalnız makroiqtisadi göstəricilərdən ibarət deyil; onlar risk və gəlir balansını, sektorlar üzrə gəlirlilik proqnozlarını diqqətlə qiymətləndirirlər. Bu mənzərə investorlar üçün strateji qərarvermədə etibar meyarıdır. Enerji sektoru, xüsusilə neft və qaz ixracatı Azərbaycan üçün ənənəvi olaraq əsas gəlir mənbəyidir. Amma qlobal fondlar bu sahədəki gəlirlilik və riskləri yerli idarəetmə və beynəlxalq bazar şərtləri ilə birgə nəzərdən keçirir. Eyni zamanda, qeyri-enerji sektorlarına–infrastruktur, daşınmaz əmlak, logistika və rəqəmsal xidmətlər yatırımların gəlirliliyi və strateji əhəmiyyəti investorların ölkəyə uzunmüddətli kapital axını baxımından marağını artırır.

Azərbaycanın regional tranzit və enerji strateqiyası da investorların diqqət mərkəzindədir. Ölkə Cənubi Qafqaz və Avropa bazarına çıxışın etibarlı qapısı kimi qiymətləndirilir. Bu amil qlobal fondların investisiya qərarlarını verərkən liderin siyasi dəstəyini və dövlət strategiyasının sabitliyini önəmli faktor kimi qəbul etməsi ilə bağlıdır. İlham Əliyevin təşəbbüsü ilə formalaşdırılan strateji vizyon enerji və logistika korridorlarının təhlükəsizliyi və şəffaf idarə olunması investorlar üçün riskləri minimuma endirir və potensial gəlirlilik imkanlarını artırır.

Eyni zamanda, ölkədə maliyyə və institusional çərçivələrin şəffaflığı və qaydaya salınması qlobal investorların yerli bazara daxil olmasını daha əlçatan edir. Çərçivələr yalnız iqtisadi maraqları deyil, strateji baxışları da dəstəkləyir: İnvestorlar Azərbaycanın həm enerji, həm infrastruktur, həm də maliyyə sahələrində sabit və etibarlı tərəfdaş olduğunu görürlər. Nəticədə, qlobal maliyyə nəhəngləri Azərbaycanla əməkdaşlığa təşviq olunur, çünki ölkədəki iqtisadi şəffaflıq, siyasi sabitlik və liderin aktiv rolu onların sərmayələrinin həm təhlükəsiz, həm də strateji baxımdan səmərəli olmasını təmin edir.

Prezident İlham Əliyevlə görüşlərin təşkili qlobal kapital üçün Azərbaycanın iqtisadi siyasətinin və strateji layihələrinin “qarantı” funksiyasını daşıyır. İlham ­Əliyevin şəxsi iştirakı və liderlik rolu investorların uzunmüddətli strateji etibarlılığı qiymətləndirmələrinə birbaşa təsir edir. Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə etibarlı tərəfdaş imicini gücləndirir və regionda liderin nüfuzunu artırır, investorlar üçün ölkəni risklərin nisbətən aşağı olduğu və layihələrin vaxtında icra olunduğu bir məkan kimi göstərir.

Eyni zamanda, qlobal maliyyə nəhəngləri liderin siyasi nüfuzunu və qərarvermə çevikliyini diqqətlə izləyir. Təbii ki, bu həm də strateji baxımdan sərmayələrin təminat altına alınması deməkdir. İlham Əliyevin iqtisadi siyasətdə göstərdiyi ardıcıllıq və çevik reaksiya qabiliyyəti investorların Azərbaycanın bazarına yönələn kapital axınlarını həm qısa, həm də uzunmüddətli perspektivdə etibarlı hesab etməsinə imkan yaradır. 

Bundan əlavə, bu görüşlər region və qonşu ölkələr üçün də güclü strateji mesaj daşıyır. Qlobal investorlar üçün Azərbaycanın iqtisadi siyasətində liderliyin möhkəmliyi, şəffaf və hesabatlı investisiya mühitinin mövcudluğu ölkəni regional sabitlik və etibarlılıq nöqteyi-nəzərindən cəlbedici edir. Nəticədə, bu dialoqlar həm xarici kapitalın ölkəyə yönəlməsini stimullaşdırır, həm də Azərbaycanın regional və qlobal iqtisadi nüfuzunun artmasına xidmət edir, ölkəni yalnız enerji və resurs ixracçısı kimi deyil, strateji qərarverici və etibarlı tərəfdaş kimi təqdim edir.

Son olaraq qeyd edək ki, Prezident İlham Əliyevin liderliyi investisiya qərarlarında əsas ölçü meyarına çevrilib, qlobal kapitalın ölkəyə yönəlməsini təmin edir. Proses həm yerli bazarın diversifikasiyasına, həm də Azərbaycanın regional və qlobal iqtisadi nüfuzunun güclənməsinə xidmət edir. 

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Избранный
11
xalqqazeti.az

1Источники