RU

Azərbaycanın yeni Şərq tərəfdaşları

Azərbaycanın

Nurlan UMUDOV
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrantı

Azərbaycanın sürətli inkişaf xətti, beynəlxaq arenada artan nüfuzu bir sıra dövlətlər tərəfindən maraqla qarşılanır. Yeni maraqlar ikitərəfli münasibətlərin inkişafına, yeni əlaqələrin qurulmasına və strateji əməkdaşlıqların yaradılmasına gətirib çıxarır. Son zamanlar həmin dövlətlərin sırasına bir sıra Şərq dövlətləri də daxil olur.

Ərəb dünyasının incisi: Bəhreyn Krallığı

Dövlətlər arasında ikili münasibətlər daha əvvəlki dövrdən mövcud olsa da, son zamanlar baş tutan görüşlər, nəzərdə tutulan razılaşmalar və Bəhreyndə Azərbaycanın rəsmi səfirliyinin açılması istiqamətində işlərin aparılması qarşılıqlı əlaqələrin sürətli inkişafı xəttinə keçidi göstərir.

Bəhreyn Krallığı yerləşdiyi regionun sabit, zəngin və sülhsevər dövlətlərindən biridir. Azərbaycanla münasibətlərdə həm ərazi bütövlüyümüzü dəstəkləyir, həm də bir sıra qurum və təşkilatlar üzərindən əməkdaşlıq etməyə hazır olduğunu ifadə edir. BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxlaq əhəmiyyətli təşkilatlarda Azərbaycanla əməkdaşlığa meylli olması ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə dəstək ola bilər.

Bəhreynlə münasibətlər Azərbaycana nə qazandıra bilər?

Bəhreyn özlüyündə zəngin dövlət olmaqla yanaşı, yerləşdiyi region xüsusi strateji əhəmiyyətə malikdir. İran Körfəzinə çıxışı, neft-qaz ehtiyatlarına malik olması, turizm və ticarət sahəsində, xüsusən də bankçılıq sektorunda inkişaf etməsi Azərbaycan üçün bir sıra fürsətlər yaradır:

İlk növbədə neft sektorunda qarşılıqlı əməkdaşlıq şansları artır ki, bu istiqamətdə SOCAR aktivlik göstərə bilər və neft-qaz ehtiyatlarının çıxarılmasında, işlənilməsində yeni əməkdaşlıqlar yarada bilər.

Digər tərəfdən, turizm sektorunun inkişafına və turist sayının artmasına səbəb ola bilər ki, bu da, həmin istiqamətdən gələn gəlirlərin artmasına təsir edəcəkdir. Münasibətlərin inkişafı, turizm əlaqələrinin genişlənməsi qısa müddətdə viza rejiminin ləğvinə də gətirib çıxara bilər. Bu da öz növbəsində yerli əhalinin rahat səfərlər həyata keçirməsinə dəstək olacaq.

Eyni zamanda Bəhreynin iqtisadi sahələrdə və bankçılıq sektorunda inkişaf etməsi, müasir tələblərə uyğun olması, bu istiqamətlərdə qarşılıqlı əlaqələrin inkişafına gətirib çıxara bilər. Yerli bank sistemlərində mövcud problemlərin aradan qaldırılmasında, müasir standardlara uyğun xidmətin göstərilməsində aktiv rol oynayar.

Daha bir vacib məqam bəhreynli investorların ölkəmizə geniş miqyasda yatırımlar etməsi məsələsidir. Azərbaycanın müxtəlif bölgələrinə, əsasən də Qarabağa yeni investisiyaların cəlbi müsbət mənada təsirli olacaq. Yenidənqurma işləri başda olmaqla, bir sıra sahələrin inkişafına kömək olacaq ki, bu da həmin istiqamətlər üzrə yeni imkanlar formalaşdıracaq.

Uzaq Şərqdən müsəlman tərəfdaşlar


Ada dövlətləri olan və əhalisinin böyük əksəriyyəti İslam dininə mənsub İndoneziya və Malayziya Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlər arasındadırlar.

Ən böyük müsəlman topluluğuna malik olan İndoneziya regionun aparıcı dövlətlərindən biridir və yüksək inkişaf potensialına malikdir. Yerləşdiyi regionda İslamın yayılmasında və qorunmasında mühüm paya malikdir. Həmçinin, son dövrlərdə sürətli inkişafı, modern dünyada nüfuzunu artırması diqqətəlayiq məqamlardır.

Azərbaycan üçün İndoneziya ilə əməkdaşlıq bir sıra istiqamətləri özündə cəmləşdirir. 2021-ci ildən bu yana tərəflər arasında enerji sahəsində əməkdaşlıq; məşğulluq və sosial müdafiə sferasında razılaşmalar; iqtisadiyyat, müdafiə, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq kimi geniş perspektivlər müzakirə olunub. Müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqlar tərəflərin dünyaya inteqrasiyasını və qarşılıqlı həmrəyliyini artırır ki, bu da hər iki dövlətin maraqlarını təmin edir.

Malayziya ilə münasibətlər də öz növbəsində inkişaf edən xətt üzrə davam etməkdədir. Tərəflər arasında strateji əməkdaşlığın gücləndirilməsi; ticarət, enerji, təhsil və turizm sahələrində əməkdaşlıq ön plana çıxır. Eyni zamanda Azərbaycan və Malayziya arasındakı əməkdaşlıqlar bir sıra təşkilatlar çərçivəsində də həyata keçirilməyə çalışılır. BMT, ASEAN, İƏT, D-8 daxilində mümkün əlaqələrin və əməkdaşlıqların müzakirəsi tərəflər arasında əsas prioritetlər sırasındadır.

Malayziya ilə bağlı əlavə olaraq qarşılıqlı sosial və mədəni sahələrin inkişaf etdirilməsini istəyərdim. Son illərdə Malayziya mədəni sferalarda sürətli inkişaf edir, xüsusən də film sektorunda böyük uğurlar əldə edirlər. Milli ruhda, vətənpərvərlik mövzularında son illərdə çəkilmiş filmləri böyük izləyici kütlələrini cəlb edir. Müasir standardlara cavab verən və baxımlı filmlərin istehsalı dövlətin müsbət imicinin formalaşmasında və yayılmasında böyük rol oynayır. Bu aspektdən Azərbaycanın da milli ruhda və vətənpərvərlik mövzularında, ən əsası, Vətən müharibəsi və hərbi fəaliyyətlər haqqında filmlər çəkməsi çox yaxşı olardı. Bu istiqamətdə Malayziyanın kino sektorunun təcrübəsindən istifadə edilə bilər. Çünki həmin sahədə Malayziya qısa müddətdə böyük uğurlar qazanıb və özünü dünya arenasında tanıdır. Bizim də bu cür qısa müddətdə ərsəyə gələcək və effektiv olacaq film və seriallara ehtiyacımız var. Film dünyası günümüzün əsas “yumşaq güc” vasitələrindən biridir və belə bir fürsətdən yararlanmaq yerində atılmış addım olardı.

Cənub-şərqi Asiyanın məğlubedilməz gücü

Ötən əsrin 60-70-ci illərində ABŞ ilə qanlı müharibədə olan və rəsmi olaraq ABŞ-ı məğlub edən yeganə dövlət statusunu özündə saxlayan Vyetnam Azərbaycan üçün mühüm siyasi-strateji və iqtisadi maraqları özündə cəmləşdirir. Həm regionda güclü statusa malik olması, həm də əməkdaşlıq sferasında maraqlı tərəf olması iki dövlət arasında mümkün əlaqələrin inkişafına müsbət təsir edir.

Azərbaycan və Vyetnam arasında 2025-ci ilin may ayının 8-də Bakıda strateji tərəfdaşlıq barədə birgə bəyanat imzalandı ki, həmin tarixi hadisə yeni güclü və potensiallı əməkdaşlığın əsasını qoydu,- deyə bilərik. Baş tutan görüşlər əsnasında qarşılıqlı olaraq bir sıra məsələlərdə razılaşmalar əldə edildi. Enerji və neft-qaz sahəsində əməkdaşlıq; biznes forumları və investisiya seminarlarının təşkili istiqamətində razılaşmalar oldu. İyul ayında isə yaşıl enerji sektorunda əməkdaşlıq; ticarət və iqtisadi mövzularda yeni anlaşmalar baş tutdu.Son günlərdə isə hərbi sahədə baş tutan əməkdaşlıqlar diqqət mərkəzindədir.

Vyetnamın yüksək iqtisadi potensiala və işçi qüvvəsinə malik olması Azərbaycan üçün böyük fürsətdir. Məlumdur ki, dünyanın bir çox şirkətlərinin Vyetnamda fabrik və zavodları fəaliyyət göstərir. Ucuz işçi qüvvəsinə və keyfiyyətli məhsul istehsal etmə qabiliyyətinə malik olması digər dövlətlərin marağını cəlb edir. Zənnimcə, Cənubi Koreyanın “Samsung” şirkətinin adını çəkmək kifayət edər ki, Vyetnamın iqtisadi və ticari əhəmiyyətini anlayaq. “Samsung” şirkətinin əsas istehsal mərkəzlərindən biri məhz Vyetnamdır və burada yerləşən zavod və fabrikləri ildə yüz minlərlə texnoloji məhsulların istehsalını təmin edir.

Azərbaycanın yerli şirkətlərinin öz potensiallarını artırmaq və dünya bazarına daha geniş müstəvidən çıxa bilmələri üçün Vyetnam və bu kimi dövlətlərdə fəaliyyət göstərməkləri olduqca məqbul olardı. Bu cür əlverişli dövlətdə zavod və fabriklərin açılması, yerli iqtisadi sahələrə yatırımların, investisiyaların qoyulması həm böyük gəlirlər, həm də regionda və qlobal səviyyədə tanınmağa, inkişaf etməyə təkan verə bilər.

Ona görə də düşünürəm ki, qarşılıqlı əməkdaşlığın bu istiqamətlərdə də aparılması hər iki dövlət üçün, xüsusən də Azərbaycan üçün faydası çox olacaqdır. Qloballaşmış dünyada iqtisadi gücə malik olmaq həm siyasi maraqların qorunmasına, həm də strateji hədəflərin həyata keçirilməsinə əsas verir. Belə bir halda bu və bu kimi dövlətlərlə genişmiqyaslı əməkdaşlıqların həyata keçirilməsi yerində atılmış addımlardan olacaq.
Избранный
5
2
reyting.az

3Источники