RU

Ehsan çadırları – başsağlığı, yoxsa qarın doyurmaq yeri?

Artıq 25 ili keçib ki, mətbuatdayam və acı da olsa etiraf ediləsi bir fakt var ki, bu 25 ildə daima İslam dini ilə əlaqəsi olmayan yas çadırlarındakı ehsan israfçılığı, bahalı məzar daşlarının hər gün artması, din pərdəsi altında insanları aldadan işbazlar barədə məlumatlar bir gün də olsun media səhifələrindən düşmək bilmir. Dini dəyərlərlə heç bir əlaqəsi olmayan dəbdəbəli ehsan süfrələri daima müzakirə mövzusu olub. Azərbaycan cəmiyyəti yas yerlərində qarın doyurmaq funksiyası daşıyan bu zərərli vərdişdən on illiklərdir ki, qurtula bilmir.

Məhz indi-indi artıq insanlar ayılıblar və dəbdəbəli ehsanların cənnətə aparmadıqlarını, bunun nə ölüyə nə də dini dəyərlərə heç bir faydasının olmadığını anlamağa başlayıblar. Artıq bir sıra bölgələrmizdə yas yerlərində yeyib-içmək adətlərinin yığışdırlması gözəl hadisədir. Lakin hələ də mövhümat düşüncəli “dindarlar” ehsan biznesinin yığışdırılamsına qarşı çıxırlar.
Ümumiyyətlə, "ehsan" sözünün mənasına və yaranma zərurətinə nəzər salsaq görərik ki, əslində EHSAN böyük bir mədəniyyətdir. Ehsanfaydalı iş görmək və onu gözəl şəkildə yerinə yetirməkdir. Bir xoş təbəssümün, bir doğru yolu məsləhət görən sözün özü də ehsandır. Ehsanın çox böyük mənaları var. Bir stəkan su da ehsandır, gözəl əməl sahibi olmaq da ehsandır, gündəlik həyatda birinə sidq ürəkdən əl tutub yardım etmək də ehsandır. Yəni savaba yazılan gözəl əməllərdir.

Bəs bizlərdə ehsan necə anlamda başa düşülür? –banandan tutmuş bahalı meyvə şirələrinə qədər dəhşətli “səxavət”! Xüsusən də, Azərbaycanda yas mərasimlərində Ehsan adı ilə açılan yas süfrələrində, bircə “quş südü” çatışmır: cürbəcür yeməklər, şirniyyatlar, meyvələr, içkilər. Sanki bura yas məclisi deyil, toy və ya ərzaq məhsulları sərgisidir. Guya ki, ölü sahibi bununla mərhumu çox istədiyini və onun ruhunu şad etdiyini göstərir. Ancaq eləcə yas çadırına yaxınlaşanda hiss edirəsn ki, bütün bunlar ölüyə görə deyil, elə yas sahibinin özünü reklamına görə edilir. Qoy desinlər ki, filankəs atasının-anasının yasında bir süfrə açdı ki, gəl görəsən...İşin ən paradoksal tərəfi də odur ki, bütün bunları din adına edirlər. Doğrudanmı bütün bunların dinə, şəriətə dəxli var?

Dini ekspertlərin də dəfələrlə mətbuatda qeyd etdikləri kimi, bu israfçılıq həngaməsinin müsəlman dini ilə heç bir əlaqəsi yoxdur. Vəfat edən müsəlmanı son mənzilə yola salmaq üçün 4 əməl vacibdir. Bunlar qüsl, kəfən, cənazə namazı və dəfndir. Ölü sahibinin mərhumun ruhuna ehsan vermək haqqı var. Ancaq ehsan kasıblara verilməli və israfçılıq həddini aşmamalıdır. Gəlin görək özünü yas çadırına dürtüşdürüb qarnını doyuzdurmaq üçün növbəyə duranların neçəsi hüzür sahibinin dərdinə həmrəy olmaq üçün ora gəlir? Tam əksəriyyət qarın doyurmaq üçün “təşrif buyurur”.

İllərdir Azərbaycan cəmiyyətində ölüsü düşən ailələr bir ictimai təzyiq altındadırlar. Kim ölüsü üçün gen-bol ehsan verməsə, ölüsünə bahalı məzar daşı hazırlamasa stereotip adətlər üzündən qınaq obyekti olur. Ölü yiyəsi də o üzdən, imkanı olmadığı halda kreditə, borca düşüb həm dəbdəbəli ehsan verir, həm də bahalı məzar daşı hazırlatdırır. Niyə? – Bu iyrənc, oturuşmuş zərərli ictimai baxış üzündən. Bu vəziyyətdə rəhmətə gedən qalır bir kənarda, yazıq ölü yiyəsi borc-xərci ödəmək üçün illərlə çalışıb əziyyət çəkməli olur. Belə islam qaydalarımı var, bu cür biabırçılıqla kimin atası-anası cənnətə “viza” alır? Məncə, cəmiyyətin üfunət iyi verən bu stereotiplərdən qurtulması vacibdən vacibdir. Standart, sadə məzar daşlarının hazırlanması həm dəyərlərimizə hörmət, həm də gələcək nəsillərimizə buraxacağımız ən yaxşı nümunə ola bilər. İnternet əsrində cənnətə getmək üçün fırıldaqçılara 7 min manat ənam verənləri, ölüsünə 25-30 min manatlıq başdaşı qoyduranları, məzarlıq başında şəhərcik yaradıb ora internet çəkdirənləri, məzar başında bahalı çılçıraqlar və son dəb oturacaqlar quraşdıranları, “dini toy” adı ilə cibini pullarla dolduranları, tort kəsib ətrafında dövrə vurub mahnı oxuyanları görəndən sonra cəmiyyətimizin dini maariflənmədən çox-çox geri qaldığını görmək ürək ağrıdan mənzərədir.

Yaxşı xatırlayıram, bir neçə il öncə Dini Komitənin təşəbbüsü ilə israfçı ehsan süfrələrinin yığışdırılması barədə bir kampaniya başlamışdı. Bir çoxları bu qəlibləşmiş streotipin nəhayət ki, başa çatacağına ümidli olsalar da, sonda bu gözlənti baş vermədi. Məscidlərdən, pirlərdən, ocaqlardan fitrə pulu toplayan dini mafiya, bu işə elə əks təpki göstərmişdi ki, bu ideyanı gündəmə gətirənlər qorxudan bir də ağızlarını açıb ehsan israfçılığı barədə danışmadılar. Və bu gün də israfçı ehsan süfrələri, ölü yiyəsi ilə dərd həmrəyliyi əvəzinə qarın doyurmaq yeri sayılan yas çadırları aktual sosial mövzu olara qalır. Nə özünü dindar adlandıranlar öz qazanclarının kəsilməsindən qorxub, yas yerlərindəki israfçılığın aradan qaldırılması, pirlərdəki nəzi-niyaz seyflərinin Allahla, dinlə heç bir bağlantısının olmadığı barədə danışmırlar, nə də cəmiyyət olaraq nəhayət ki, əlimizə kitab alıb həqiqi din necə olur onu öyrənmirik. Bu yaxınlarda Şabranda hüzür məclislərindən birində bir molla gör nə deyir mənə. Deyir ehsan süfrəsi yığışdırlandan bəri daha başsağlığı üçün gələnlərin sayı da azalıb...

Mətləb Salahov

Избранный
27
2
sia.az

3Источники