RU

Elm yolunun işığı:Ümid və zəhmət

Azərbaycan gəncləri beynəlxalq elm arenasında

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərimiz ölkəmizi nüfuzlu universitetlərdə layiqincə təmsil edir və elmi fəaliyyətləri ilə həm fərdi, həm də milli inkişafımıza töhfə verirlər

Son illərdə həyata keçirilən Dövlət proqramları gənclərin intellektual inkişafına və müasir bilik-bacarıqlar əldə etməsinə geniş imkanlar yaratmışdır. Xüsusilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılan xarici təhsil imkanları nəticəsində yüzlərlə gəncimiz dünyanın aparıcı universitetlərində təhsil alaraq peşəkar fəaliyyət yoluna qədəm qoyur. Bu təşəbbüslər yalnız fərdi inkişafı dəstəkləmir, həm də ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına, milli maraqlarımızın təbliğinə və Azərbaycan adının nüfuzlu elm və mədəniyyət ocaqlarında layiqincə təmsil olunmasına mühüm töhfə verir.

Budəfəki müsahibimiz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın təqaüdçüsü adını qazanmış gənclərdən biri Edqar Şahbazovdur. Söhbətimiz əsnasında sadəcə onun xaricdə təhsil yolundan danışmadıq, eyni zamanda, təhsilin insan həyatında rolunu, elm yolunda irəliləməyin sirlərini, qarşıya məqsəd qoymağın və əzmlə çalışmağın vacibliyini də müzakirə etdik.

-Elm yolunuza necə başladınız və bu yolda hansı əsas nailiyyətləriniz olub?

-2019-cu ildə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinə qəbul olunmuşam və 2023-cü ildə oranı 92 orta balla bitirmişəm. Diplom işim antibiotiklərin biokimyası və onların biotexnoloji üsullarla alınmasına həsr olunub.

Elə həmin il Dövlət Proqramı çərçivəsində Bakı Dövlət Universiteti ilə Yerusəlim Yəhudi Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına qəbul olundum. 2025-ci ildə isə təhsilimi 99,4 balla tamamladım.

Magistr dissertasiyamı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik İradə Hüseynovanın rəhbərliyi ilə yazdım. Eyni zamanda, israilli elmi rəhbərim Dr. Doron Shkolnik ilə birlikdə Azərbaycanda ilk dəfə pambığın “Qarabağ-11”adlı sortunda üç xüsusi genin fəaliyyətini araşdırdıq. Bu genlər – MYB4, NAC90 və ERF027 – pambığın çətin şəraitlərə, məsələn, quraqlıq və torpağın duzluluğuna dözümlü olmasında əsas rol oynayır. Yəni, bizim işimiz pambığın daha davamlı sortlarının yaradılması üçün elmi baza verdi.

Sonradan magistratura və doktorantura üçün Oksford, Edinburq və Mançester universitetlərindən qəbul aldım. Seçimim Mançester Universiteti oldu. Burada hazırda Dr. Gino Poulinin laboratoriyasında insan beynində yaşlanma ilə bağlı yaranan neyrodegenerativ xəstəliklərdə “RBBP5” adlı genin rolunu öyrənirəm.

Mənim üçün elm bir bütöv yoldur. Pambıqda genlərin necə işlədiyini araşdırmaqla başladım, indi isə insanlarda genlərin beynə təsirini öyrənirəm. Fərqli sahələri birləşdirmək yeni nəticələr gətirir və mən də bu yolla həm dünya elminə, həm də Azərbaycan elminə töhfə verməyə çalışıram.

-Dövlət Proqramı sizin üçün nəyi dəyişdi?Bu proqramın imkanları akademik və şəxsi inkişafınıza necə təsir etdi və onu seçmək qərarınızı necə verdiniz?

-Dövlət Proqramı mənim üçün məqsədə çatmaq və ölkəmə faydalı olmaq yolunu açdı. Proqram gənclərə birbaşa dəstək verərək, onların istedadlarını reallaşdırmalarına və yüksək səviyyəli insan kapitalının formalaşmasına imkan yaradır. Magistratura dövründə maliyyə dəstəyini təmin edən proqram çərçivəsində İsraildə nüfuzlu alimlərdən dərs aldım, unikal tədqiqat institutlarında təcrübə keçdim və gələcək karyeramı planlaşdırdım. Həmçinin öyrəndiklərimi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tətbiq edərək MYB4, NAC90 və ERF027 transkripsiya faktorlarının duz stresi şəraitində ekspressiyasını araşdırdım. Topladığım nəzəri və təcrübi baza həm akademik, həm də şəxsi inkişafım üçün əsas dəstək oldu. Dövlət Proqramı mənə həm dünya səviyyəli təcrübə qazandırdı, həm də elm yolumu sürətləndirərək ölkəmə faydalı olmaq fürsəti yaratdı.

Ümumiyyətlə, Dövlət Proqramı gənclərə birbaşa dəstək verərək onların istedadlarını reallaşdırmalarına imkan yaradır və yüksək səviyyəli insan kapitalının formalaşmasına xidmət edir. Dünyanın nüfuzlu universitetlərində təhsil haqları çox yüksək olduğundan istedadlı gənclərin qarşılaşdıqları əsas çətinliklərdən biri maliyyədir. Bu proqram həmin maliyyə maneəsini aradan qaldıraraq, gənclərin dünya standartlarına uyğun təhsil almalarını təmin edir. Proqramın üstünlüyü ondadır ki, burada təhsil alan gənclər gələcəkdə cəmiyyətdə önəmli mövqelərə yüksələ və ölkəmizə faydalı xidmət göstərə bilərlər. Bu baxımdan Dövlət Proqramı həm fərdi inkişaf, həm də cəmiyyətin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

-Bu gün əldə etdiyiniz uğurlarda kimlərin rolu olub və onlara nə qədər borclusunuz?

-Uğurlarımın əsasını əlbəttə ki, şəxsi səylərim və əzmkarlığım təşkil edir. Bununla yanaşı, valideynlərim təhsil müddətim ərzində mənim ən böyük dayağım olublar. Eyni zamanda, müəllimlərim mənə ilham verərək bilik və bacarıqlarımı inkişaf etdirməyimdə mühüm rol oynayıblar; xüsusilə elmi rəhbərim, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın rəhbərliyi ilə tədqiqatlarımızı uğurla tamamladıq və yüksək səviyyəli elmi seminarlar, beynəlxalq konfranslarda iştirak etdik. Lakin ən böyük təşəkkürüm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevədir. Onun elmə, istedada və zəhmətə verdiyi yüksək qiymət sayəsində biz gənclər yüksək səviyyəli təhsil alır və ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edə bilirik.

-Uğurunuzun sirri nədədir və elmi fəaliyyətinizdə hansı prinsipləri əsas götürürsünüz?

-Məncə, uğurun sirri zəhmət və intellektin balansında dayanır. İntellekt məqsədi müəyyən edir, zəhmət isə ona çatmaq üçün vasitədir. Elmi fəaliyyətimdə “Ya yaxşı bir şey, ya da heç nə” prinsipini əsas götürürəm. Çünki elm yalnız səmimi və məqsədyönlü məşğuliyyətlə bəşəriyyətə töhfə verə bilər. Eyni zamanda, yaxşılıq və dəstək prinsiplərini önəmli hesab edirəm; dəstək bizi bir yerdə saxlayır və uğurlara doğru aparır.

-Təhsilin insanın həyatı və fərdi inkişafında rolu barədə nə deyə bilərsiniz?

-Təhsil insan həyatının və bəşəriyyətin ayrılmaz mühərrikidir. Dövlətlər və xalqlar məhz təhsilli insanların sayəsində yaranır, inkişaf edir və əsrlər boyu mövcud olurlar. Fərdi inkişaf da təhsilsiz natamamdır. Dünyanı daha yaxşı dərk etmək, hiss etmək və keyfiyyətli yaşamaq üçün təhsil mütləqdir.

-Mütaliənin önəmini necə izah edərdiniz və kitab oxumağı sevirsinizmi?

-Mütaliə sinir sisteminin mühafizəsi, əqli inkişaf və psixoloji sağlamlıq üçün vacibdir. Nəfis ədəbiyyatın oxunması ruhu qidalandırır, dünyagörüşünü genişləndirir və düşüncə tərzini zənginləşdirir. Mən müxtəlif sahələrdən kitablar oxumağa çalışıram və artıq kiçik bir şəxsi kitabxanam formalaşıb.

-Dövlətin gənclərə göstərdiyi dəstəyi və gənclər siyasətinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycan dövlətinin gənclər siyasəti məqsədli və ölkənin hərtərəfli inkişafına yönəlib. Dövlət tərəfindən müxtəlif platformalar, düşərgələr, konfranslar və böyük layihələr həyata keçirilir, gənclər isə söz sahibidirlər. Bu, istedadlı gənclərin təhsil və karyera imkanlarını artırır. Mənim təklifim odur ki, ölkədə yüksək profilli tədqiqat mərkəzləri yaradılsın, beynəlxalq əməkdaşlıqlar güclənsin və elmin gücü xalqın rifahına yönəldilsin.

-Sosial şəbəkələrin gənclərin inkişafına təsirini necə qiymətləndirirsiniz və ondan şəxsi istifadəniz barədə nə deyə bilərsiniz?

-Sosial şəbəkələr düzgün istifadə edildikdə öyrənmək, inkişaf etmək və əlaqələr qurmaq üçün əla mühitdir. Lakin onların təsiri şəxsi iradə və motivasiyaya bağlıdır. Mən sosial şəbəkələrdə vaxt itirmirəm, lazımlı informasiyanı əldə etdikdən sonra şəxsi vaxtıma üstünlük verirəm. Belə istifadə həm mənfi təsirləri azaldır, həm də inkişaf üçün faydalı olur.

-Sizcə, yaxın 10 ildə elm və texnologiya gənclərin təhsil və inkişaf imkanlarını necə dəyişəcək?

-Yaxın 10 ildə elm və texnologiya bu templə inkişaf etsə, insanlığın çatacağı inkişaf səviyyəsi düzü mənə də maraqlıdır. Ümumən təhsil və inkişaf məsələlərində  pozitivəm. Amma müəyyən tərəddüdlərim də var. Bu sualı 10 il sonra yenidən soruşsaz daha dolğun cavab vermək olar.

-Xaricdə təhsil alan gənclərin milli kimliklərini qoruması və eyni zamanda beynəlxalq mühitə uyğunlaşması nə dərəcədə vacibdir?

-Bizim formalaşmış milli kimliyimiz, şüurumuz var, unikaldır. Məncə, biz milli kimliyimizi hər nə olursa-olsun qorumalıyıq, dəyərlərimizə sadiq çıxmalıyıq, onları təbliq etməliyik. Müasir dünyanın tələbləri və milli dəyərlərimizin harmoniyası olduqca vacibdir.

Əlbəttə, öz dəyərlərinin təbliğatı ilə məşğul olanda gərək beynəlxalq, ümumbəşəri dəyərləri də unutmayasan. Xalqlar bir-birindən çox şeyi öyrənə bilərlər. Xalqımıza töhfə verəcək baxışları beynəlxalq  mühitdən ölkəyə inteqrasiya etmək əla nəticələr verə bilər.

- Sizcə, təhsilli gənclərin cəmiyyət qarşısında ən böyük sosial məsuliyyəti nədən ibarətdir?

-Qeyd etdiyim kimi, təhsil bəşəriyyətin mühərrikidir. İnkişafa təkan verir. Təhsilli olmaq, ətrafına, ölkənə, xalqına dəstək olmaq deməkdir. Bildiyini, təcrübə etdiyini bölüşməlisən. Yalnız təhsildə biz yüzillərdir mövcud olan kimliyimizi qoruya, inkişaf etdirə biləcəyik. Ümumən təhsilli gənclərin ölkələri qarşısında böyük məsuliyyətləri var, ən azından mən belə düşünürəm, buna inanıram.

-Xaricdə təhsil almaq istəyən, amma tərəddüd edən gənclərə hansı motivasiyaedici sözləri söyləyərdiniz?

-Tərəddüdlər varsa, demək hansısa çatışmazlıqlar var, inamsızlıq var. Mən həmişə nikbin olmağa çalışıram, məsləhətim də budur. Tərəddüd səbəbsiz olmur, çalışsınlar həmin səbəbləri tapsınlar, aradan qaldırsınlar. Özlərini hazır hiss edəndə xaricdə təhsil üçün müraciət etsinlər. Bizim xalq olaraq çox böyük potensialımız var. Bizdə  möhkəmlik, iradə, bilik var, ona görə də öz potensiallarını reallaşdırsınlar.

-Ölkəyə qayıtdıqdan sonra elmi fəaliyyətinizi necə davam etdirməyi və gələcək planlarınızı necə reallaşdırmağı düşünürsünüz?

-Ölkəyə qayıtdıqdan sonra ilk olaraq doğma Bakı Dövlət Universitetində fəaliyyətə başlayacağam. İngiltərədə təhsil aldığım müddətdə Azərbaycanlı alimlərin iştirakı ilə mütəmadi seminarlar, konfranslar və mühazirələr təşkil etməyi planlaşdırıram. Doktorantura ali təhsilin ən yüksək pilləsi olduğundan bu fürsəti maksimum dərəcədə dəyərləndirməyi məqsəd qoymuşam. BDU-nun rektoru Elçin Babayevlə görüşümüzdə Dövlət Proqramı qaliblərinin universitetin gələcək fəaliyyətində rolunu müzakirə etdik. Məqsədimiz həm BDU-nu, həm də Azərbaycan elmini inkişaf etdirməkdir. Həmçinin AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə əməkdaşlıq edirik, institutun həm yerli, həm də xaricdə yaşayan alimləri ilə birgə perspektivli layihələr həyata keçirəcəyik. Artıq akademik İradə Hüseynova ilə bu məsələləri müzakirə etmişik və layihələrin reallaşması üçün çalışacağıq.

Ümumilikdə, gələcək planım Azərbaycanın elm və sənaye sahəsində nəhəng bir mərkəzə çevirməsində iştirak etməkdir. Buraya qayıtdıqdan sonra beynəlxalq əməkdaşlıqları həyata keçirən unikal tədqiqat-müayinə və müalicə mərkəzi qurmaq istəyirəm. Bu il Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Mançester Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində doktorantura təhsili almaq hüququ qazandım. Bu, mənə yaşla əlaqədar neyrodegenerativ xəstəlikləri molekulyar səviyyədə araşdırmaq və onların həlli yollarını tapmaq imkan verəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
24
ikisahil.az

1Источники