RU

Turşudan zəhərlənmə təhlükəsi Nələrə diqqət etməliyik? AÇIQLAMA

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Qış aylarında süfrələrimizin əvəzolunmaz qidası sayılan turşular həm dadı, həm də faydaları ilə seçilir. Lakin düzgün hazırlanmadıqda və saxlanmadıqda onlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Son illərdə turşudan zəhərlənmə halları da az deyil.

Bəs bu risklərin qarşısını necə almaq olar?

Qida eksperti İlkin Şirinov Ölkə.az-a açıqlamasında bildirib ki, turşulardan zəhərlənmənin və ya onların risk yaratmasının əsas səbəblərindən biri botulizm təhlükəsidir.

Onun sözlərinə görə, bu da turşudan zəhərlənməyə gətirib çıxaran ən ciddi amillərdən sayılır:

"İlk növbədə, turşuların hazırlandığı bankaların və onların metal qapaqlarının, həmçinin meyvə-tərəvəzlərin düzgün yuyulmaması təhlükə yaradır. Bankalar və qapaqlar sterilizə olunmazsa, yaxud paslı, əyilmiş dəmir qapaqlardan istifadə edilərsə, bu vəziyyət qidanın keyfiyyətinə mənfi təsir göstərir. Metal qapaqlardakı pas məhsulla reaksiyaya girərək zəhərlənməyə səbəb ola bilər. Digər bir tərəfdən, istifadə olunan tərəvəzlərin düzgün yuyulmaması da ciddi risk yaradır. Hazırda tərəvəzlərin böyük əksəriyyəti istixana şəraitində yetişdirilir və onların becərilməsində pestisidlər və müxtəlif gübrələrdən istifadə olunur. Əgər tərəvəzlərin üzərində bu maddələrin qalığı qalsa və onlar kifayət qədər yaxşı yuyulmasa, bu da zəhərlənməyə səbəb ola biləcək əsas amillərdən biridir.

Digər məsələ həmin tərəvəzlərin xarab olması və yaxud çürük olması zəhərlənməyə gətirib çıxaran səbəblərdən biridir. Və bir də ev şəraitində hazırlanan turşuların zəhərlənməsinə gətirib çıxaran başlıca səbəblərdən biri saxlama şəraitidir. Saxlama şəraiti düzgün seçilməlidir. İsti şəraitdə, günəşin düşdüyü yerdə turşuları saxlamaq qətiyyən yolverilməzdir. Əgər belə olarsa, təbii ki, turşunun tərkibi dəyişəcək, o da zəhərlənməyə gətirib çıxara bilər".

Ekspert vurğulayıb ki, turşu hazırlayarkən duz və sirkə balansının qorunması da çox vacibdir:

"Əgər turşunun tərkibində duz az olarsa, bakteriyaların çoxalması baş verə bilər. Sirkənin miqdarı kifayət qədər olmazsa, turşunun xarab olması ehtimalı artır. Buna görə də duz və sirkənin düzgün nisbətdə istifadəsi mütləqdir. Təcrübəsiz şəkildə, mütəxəssis məsləhəti olmadan evdə turşu hazırlamaq isə sonradan sağlamlıq üçün ciddi risklər yarada bilər və insanın sağlamlığını təhlükə altına sala bilər.

Bir də əsas diqqət olması məsələlərdən biri də turşudan istifadə edərkən, əgər onun suyunun rəngi bulanıqdırsa, ya da həmin tərəvəzlərin üzərində hər hansısa bir kif müşahidə olunarsa və yaxud xüsusi qoxusu varsa, qətiyyən bu turşulardan istifadə etmək olmaz. Bu, artıq bilərəkdən həyatını, sağlamlığını riskə atmaq deməkdir.

Ev şəraitində hazırlanmış turşulardan əlavə, kafe və restoranlarda təqdim olunan turşuların hazırlanma prosesi barədə məlumatımız olmur. Biz bilmirik ki, həmin turşular hansı şəraitdə və hansı gigiyenik qaydalarla hazırlanır. Bu da öz növbəsində müəyyən risk yaradır. Buna görə də, belə yerlərdə təqdim olunan turşulara diqqətli olmaq vacibdir".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
olke.az

2Источники