RU

“Music Gallery” müştəriləri belə aldadır

Son vaxtlar müştərilər tez-tez məişət cihazlarının satışı ilə məşğul olan şirkətlərdən şikayət edirlər.

XəzərNews.az xəbər verir ki, Bakupost.az-a daxil olan növbəti şikayət də elə “Music Gallery” mağazalar şəbəkəsindəndir.

Bakı sakini Radmila Şixəliyeva Bakupost.az -a bildirib ki, sentyabrın 15-də 550 manat nağd ödəyərək mağazanın “28 May” filialından “Electrolux” markalı elektrik sobası alıb. Lakin üstündən günlər keçsə də məhsul ona çatdırılmayıb.

R.Şixəliyevanın sözlərinə görə, mağaza əməkdaşları sobanın 3 gün ərzində çatdırılacağına əmin etsələr də, bu və bu günə qədər yerinə yetirilməyib:

“Sonra dedilər, 5 günə çatdırılaqcaq, amma yenə gətirmədilər. Ona görə də yenidən mağaza ilə əlaqə saxladım. Yenə də qeyri-müəyyən cavablar verdilər. Bu səbəbdən məhsuldan imtina etdim. Bunda sonra isə ödənişi geri qaytarmağı uzatmağa başladılar".

Radmila Şixəliyeva deyir ki, mağaza əməkdaşları məhsulun hazırda harada olduğunu bilmədiklərini və anbardan xəbər gözlədiklərini əsas gətirərək ödənişi geri qaytarmaqdan imtina edirlər:

“Deyirəm ki, məhsul mənə çatmayıb, bəs niyə görə pulumu qaytarmırsınız? Deyirlər ki, anbardan məhsulun harada olması ilə bağlı xəbər gəlsin, sonra bəlkə pul qaytarılacaq. Mən pulumu vermişəm, məhsulu almamışam. Bu, mənim problemim deyil. Heç bir təslim kağızı da yoxdur. Pulumdan bir qəpik də qaytarmayıblar”.

Məsələ ilə bağlı “Music Gallery” ilə əlaqə saxladıq. Mağazanın əməkdaşı Ruslan Əmiraslanov Bakupost.az-a açıqlamasında bildirdi ki, məhsulun qaytarılması üçün anbarda olduğu təsdiq olunmalıdır:

“Anbar əməliyyatlarında bəzən belə qarışıqlıqlar mümkündür. Normalda məhsullar vaxtında çatdırılır. Bəzi məhsullarda sistematik çətinlik yaranmış ola bilər. Lakin müştəri müraciət etdikdə məsələ bir neçə gün ərzində həll edilir və məhsul çatdırılır. Müştəri isə imtina etdiyini bildirib. Xanımın ilk müraciəti sentyabrın 22-si, saat 20:30-dan sonra olub. Müştəri məhsuldan imtina edirsə, çatdırılmaya təhvil verilən məhsulların geri qaytarılması üçün əvvəlcə məhsul yenidən anbara təhvil verilməlidir. Anbar da təsdiq etməlidir ki, məhsul anbardadır. Ondan sonra qaytarıla bilər. Bu, bir neçə gün çəkən prosesdir. Bəzən çatdırılma əməkdaşları məhsulu maşında saxlayırlar və daha sonra geri qaytarırlar. Radmila xanımın özünə zəng olunacaq və məlumat veriləcək. Xanımın ödənişi əlbəttə ki, qaytarılacaq. Böyük ehtimalla bu gün məsələ həll olunacaq”.

Qeyd edək ki, bu günlərdə başqa bir müştəri - Kazımova Ülviyyə Nizami qızı da Cebhe.info-ya açıqlamasında “Music Gallery” mağazalar şəbəkəsindən 950 manata “Electrolux” brendinə məxsus “Tamboy” qaz sobası aldığını və problem yaşadığını bildirib. Onun sözlərinə görə, sobanı quraşdırdıqdan sonra məlum olub ki, qarşıdakı gözlərdən biri yanmır və soba istifadəyə yararsız, eləcə də təhlükəlidir. Şikayətçinin iddiasına görə, servisdə malın xarab olduğu təsdiqlənib.

O qeyd edib ki, “Electrolux” brendinin aid olduğu şirkət Azərbaycanda artıq 5-6 ildir fəaliyyət göstərmir, alınan məhsul isə anbarda qalan xarab mal olub. Satıcı ona mağazaya gəlib 40 manat ödəməsini istəyib. Əks halda pulun qaytarılmayacağını və məhsulun geri götürülməyəcəyini bildirib. Ülviyyə Kazımova isə məcburiyyət qarşısında 40 manatı ödəyib və xarab sobanı geri qaytarıb.

Xəbər 3 dəfə oxunub.
Избранный
14
2
xezernews.az

3Источники